Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

“Türk dünyasının simvolik deyil, real ortaq orduya ehtiyacı var” – Fərəc Quliyev

“Türk dünyasının simvolik deyil, real ortaq orduya ehtiyacı var” – Fərəc Quliyev
Fərəc Quliyev: “Məhvərində Azərbaycan və Türkiyənin olduğu türk dövlətlərinin böyük bloku yaradılmalıdır”

Son vaxtlar Azərbaycanda türk hərbi bazalarının yaradılması ideyeası yenidən aktuallaşmaqdadır. Bəzi siyasilər hesab edir ki, türk bazalarının ölkəmizdə yerləşməsi Azərbaycana yönəlik təhdidlər qarşısında etibarlı sipər olar.

Bəs əslində necə, türk bazasının Azərbaycanda yerləşməsi həqiqətənmi ölkəmizi bütün təhdidlərdən qoruya bilər? Yoxsa bu addım Azərbaycan üçün yeni təhdid və təhlükələrin yaranmasına, Rusiyanın Ermənistanda daha bir neçə hərbi baza yaratması, rəsmi İrəvana hərbi-maliyyə yardımını artırması ilə nəticələnə bilər?

Moderator.az-a açıqlama verən millət vəkili Fərəc Quliyev türk bazalarının Azərbaycanda yerləşməsi ideyasını dəstəklədiyini vurğuladı:

“Türk bazasının Azərbaycanda yerləşdirilməsi ölkəmiz üçün heç bir problem yaratmaz. Çünki onsuz da qaradan artıq rəng olmur. Ermənistanda Rusiyanın kifayət qədər silah-sursatı var. Onlar KTMT çərçivəsində də əməkdaşlıq edirlər. Bundan başqa, ortaq ordu yaradıblar. Azərbaycana qarşı bütün məsələlərdə Rusiyanın Ermənistandan maşa kimi istifadə faktı ortadadır. Bu faktı da gizlətmək lazım deyil ki, Xocalı faciəsində 366-cı rus alayı da birbaşa iştirak edib. Azərbaycan torpaqlarının işğalında Rusiyanın birbaşa əli mövcuddur. Rusiya işğal etdiyi ərazilərə erməniləri gətirib bağlayıb ki, buranı əldən verməsinlər. Biz gücümüzü və müttəfqlərimizi dəyərləndirmək məcburiyyətindəyik.

Mən 1998-ci ildə “Yeni dünya düzənində Azərbaycanın yeri və rolu” kitabını yazdım. Orada Turan adlı transkontinentinal bir blok modelləşdirdim.

Təkliflərimdən biri də hərbi əməkdaşlıqla bağlı idi. Hesab edirəm ki, bütün iqtisadi-mədəni münasibətlər hərbi-siyasi müstəviyə keçməlidir və tədricən bütövləşmə olmalıdır. Doğrudur, Turan adlı bir ordu yaranıb, amma bu, bir az simvolik xarakterlidir. Lakin bizim sözün həqiqi mənasında ortaq ordu yaratmağımıza ehtiyac var. Necə ki, Ermənistanla Rusiya belə bir ordu yaradıb. Bəs nə üçün biz belə bir ordu yaratmayaq? “Avropa evi” yaradıbdılar. Xristian ənənəsi və yunan fəlsəfəsinə söykənən “Avropa evi” olduğu halda nə üçün islam dəyərlərinə, türk ənənələrinə söykənən bir ev olmasın? Biz məhvərində Türkiyə və Azərbaycan olmaqla türk dövlətlərinin böyük blokunu yaratmalıyıq. Bu, gələcəkdə bir konfederasiyaya çevrilməlidir. Bu, özünümüdafiəni təmin etmək, təhlükəsizliyin bərpasına nail olmaq baxımından zəruridir. Bu, həm də transkontinentinal şəkildə dünyanın təhülkəsizliyi üçün bir plasdarm rolu oynaya bilər. Biz şər güclərindən özümüzü qorumaq üçün bir yerdə olmağı bacarmalıyıq. Bu baxımdan hesab edirəm ki, Türkiyənin Azərbaycanda hərbi bazasının yerləşdirlməsi fikri normaldır və biz əməkdaşlıq məsələsində daha dərinə getməliyik”.

Seymur ƏLİYEV / Moderator.az