Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev: “Onlar 1991-ci ildən bizim adımızdan danışmağa son qoymalı idilər” – MÜSAHİBƏ

Fərəc Quliyev: “Onlar 1991-ci ildən bizim adımızdan danışmağa son qoymalı idilər” – MÜSAHİBƏ
Fərəc Quliyev: “Rusiya Xocalıda ermənilərlə birlikdə xalqımıza qarşı soyqırım törədib”

“Ermənilər torpaqlarımızı məhz rusların köməyi ilə işğal edib”

“KTMT-ə üzvlük ölkəmizə böyük fəlakətlər gətirə bilər”


Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü son günlər yenidən müzakirə obyektinə çevrilib. Xüsusilə də, Rusiyanın bəzi rəsmilərinin bunun mümkünlüyü ilə bağlı səsləndirdiyi bəyanatlar, Moskvanın ölkəmizi bu qurumda görmək arzusundan xəbər verir.

Moderator.az olaraq millət vəkili Fərəc Quliyevlə söhbətimizdə Azərbaycanın KTMT-də təmsilçilik ehtimalı, habelə digər məsələlərə aydınlıq gətirməyə çalışdıq.

-Fərəc bəy, bu günlərdə Rusiyanın dövlət rəsmiləri Azərbaycanın KTMT-ə üzvlüyü məsələsinə toxunaraq bunun mümkünlüyünü vurğulamaqdadırlar. Sizcə Azərbaycanın KTMT-ə üzvlüyü ölkəmizin maraqları baxımından arzuediləndirmi?



-Rusiya rəsmiləri bizim adımızdan danışmağa 1991-ci ildən son qoymalı idilər. Çünki biz 1991-ci ildən müstəqil dövlətik və özümüzlə bağlı qərarları özümüz veririk. Biz bir vaxtlar öz iradəmizdən asılı olmayaraq Rusiya ilə bir blokda təmsil olunmuşuq.

Onların 366-cı alayı ermənilərlə birlikdə Xocalıda bizə qarşı soyqırım törədib. Biz onlarla bir yerdə ola-ola 20 Yanvar hadisələrini törədiblər. 1920-ci ildə bizim müstəqilliyimizə son qoydular. 1934-1937-ci illərdə 500 min insanımızı məhv ediblər və ya sürgünə göndəriblər. Belə olan halda bizim onlarla hansı hərbi münasibətimiz ola bilər?

Torpaqlarımızı işğal edən Ermənistan da KTMT-də təmsil olunur. Hər kəs də bilir ki, ermənilər Rusiyanın köməyi ilə torpaqlarımızı işğal ediblər.


-Sizcə Azərbaycan daha təhlükəsiz və xoşbəxt gələcəyi təmin etmək üçün hansı addımlar atmalıdır?



-Mən Azərbaycanın Qərbə inteqrasiyasının tərəfdarıyam. Parlament seçkilərində də, prezident seçkilərində də partiyamızın mövqeyini açıq şəkilkdə ortaya qoymuşuq. Dəfələrlə bildirmişəm ki, Azərbaycan NATO ilə əməkdaşlığı genişləndirməli, bu qurumun üzvü olmağa cəhd etməlidir. Qərblə əməkdaşlığı genişləndirməlidir. Azərbaycan ordusu NATO silahları ilə təmin olunmalıdır. Rusiya silahlarından imtina olunmalıdır.

Son dönəmlərdə Azərbaycanın daxili siyasətinə qarışmaq üçün Valodinin rəhbərliyi ilə Mili Şura yaradıldı. Azərbaycana qarşı “Milyadrrlər İttifaqını” da yaradıb maliyyələşdirdilər. Azərbaycanı qarışdırmağa çalışırlar. Bu siyahını uzatmaq mümkündür. Rusiya mütəmadi şəklildə Azərbaycana zərər verir. Biz xoş qonşuluq siyasətində maraqlıyıq. Amma bu bizim iradəmizdən asılı deyil ki, onlar bu işləri görür.

Hesab edirəm ki, Azərbaycanın xoşbəxtliyi inkişaf etmiş Qərb dövlətləri ilə bir yerdədir.



-Sizcə türk dövlətlərinin birliyi istiqamətində ciddi addımların atılması, türk dünyasının gerçək birliyinə nail olunmasının özü də bir inkişaf modeli hesab edilə bilərmi?



-Mən 1998-ci ildə “Yeni dünya düzənində Azərbaycanın yeri və rolu” kitabını yazdım. Orada Turan adlı transkontinentinal bir blok modelləşdirdim. Qeyd etdim ki, Türkiyə və Azərbaycan məhvərində olmaqla türk respublikaları birlikdə bu məsələyə baxsınlar. Bu gün Turan ordusu var, lakin bu, simvolikdir. Sevindiricidir ki, son vaxtlar türk respublikalarının kəşfiyyat xidmətlərinin ortaq katibliyi yaradıldı. Ordunu da bu yöndə formalaşdırmaq lazımdır. Türk dünyasının gerçək birliyinə nail olmaq bütün türk dövlətlərinin böyük uğuru olardı.


-Necə hesab edirsiniz, Azərbaycanı KTMT-ə görmək Kreml üçün nə dərəcədə əhəmiyyətlidir?



-Məsələ ondadır ki, Azərbaycanın KTMT-ə üzv olması ölkəmizə fəlakətlər gətirə bilər. Rusiya uzun illərdir ki, Qarabağ probleminin həllinə ona görə mane olur ki, Azərbaycanı buna çəksin. Əvvəllər cənub sərhədlərimizin birgə mühafizəsi ilə bağlı təklifləri var idi. Ölü uşaq kimi doğulan MDB-də də Azərbaycanı əzmək istəyirdi. Sonra ölkəmizi Gömrük İttifaqına cəlb etmək məsələlərini qoydu. Indi isə bu təklifi ortaya atıb. Hesab edirəm ki, bu, Azərbaycanın mənafeylərinə tamamilə ziddir və Azərbaycan tərəfi ciddi şəkildə bu məsələdə iradə göstərməlidir”.

Seymur ƏLİYEV/Moderator.az