Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Rusiya səfirliyinin Bakıdakı Primakov sərgisi aranı qatdı

Rusiya səfirliyinin Bakıdakı Primakov sərgisi aranı qatdı
20 Yanvar qırğını ərəfəsi Azərbaycana gələn kəşfiyyatçı-diplomatın yubiley tədbiri tanınmış siyasətçilər və deputatlar tərəfindən birmənalı qarşılanmadı - fərqli rəylər, etirazlar...
Oktyabrın 29-da Rusiyanın ictimai-siyasi xadimi Yevgeni Primakovun 90 illiyinə həsr olunmuş sərgi keçirilib. Bu, Azərbaycan ictimaiyyətində narazılıqla qarşılanıb. Etirazın mahiyyəti isə yaxın tarixin unudulmaması və Y.Primakovun Azərbaycan xalqının yaddaşında buraxdığı izlə bağlıdır.

O, 1990-cı ilin 20 Yanvarında Bakıya sovet qoşunlarının yeridilməsini SSRİ müdafiə naziri Yazovla birgə həyata keçirən şəxs kimi təqdim olunur.

Sərgi Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində keçirilib, “Yevgeni Primakov: İnsan və siyasətçi” adı ilə təqdim edilib.

Sərgidən bir neçə gün əvvəl isə Rusiyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Y.Primakovun 90 illik yubileyi və onun XX-XXI əsrin qovuşuğunda beynəlxalq münasibətlərdə rolu ilə bağlı esse müsabiqəsi keçirilib.

Səfir Mixail Boçarnikov oktyabrın 15-də esse müsabiqəsinin qalibi olmuş tələbələri - Aygül Mirzoyeva, Ruzana Əliyeva, Sarana Bədəlova, Kəmalə Qasımova və Aliyə Mamalovanı qəbul edib. Həmin tələbələr Bakı Slavyan Universitetinin beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültələrində təhsil alırlar. Görüşdə universitetin elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov, beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin dekanı, dosent Şirinbəy Əliyev də iştirak ediblər. Bu da narazılıq doğurub.
Universitetin mətbuat xidmətindən “Yeni Müsavat”a göndərilən açıqlamada deyilir ki, BSU-nun rektoru, professor Nurlana Əliyeva haqqında əsassız iddialar yer alır: “Esse müsabiqəsi Rusiyanın Azərbaycandakı səfirliyinin layihəsi olub. BSU-nun yazı müsabiqəsinin qalibi olmuş tələbələri səfirliyin BSU-ya rəsmi məktubu əsasında həmin yazı müsabiqəsində iştirak ediblər. BSU slavyan xalqlarının, həmçinin Şərqi Avropa və Balkan yarımadası ölkələrinin elmi, mədəni, mənəvi nailiyyətlərini öyrənir və tədris edir. BSU yalnız Azərbaycanda deyil, Qafqazda ən böyük və nüfuzlu rusiyaşünaslıq mərkəzi sayılır. Onu da qeyd edək ki, yazıda adları çəkilən tələbə-gənclər əcnəbi tələbələrdir və Rusiya Federasiyasının vətəndaşlarıdırlar. Həmin yazıda BSU-nun rektoru, professor Nurlana Əliyeva haqqında səslənən əsassız iddialara isə cavab olaraq bildirmək istəyirik ki, N. Əliyeva xalqımızın milli maraqlarına, dövlətə və dövlətçiliyə sədaqətli bir elm və təhsil xadimi, ziyalı Azərbaycan xanımıdır. Belə yoxlanılmadan dərc edilən yazılar universitetin kollektivində böyük narazılıq hissi doğurur və yolverilməzdir”.
Tanınmış jurnalist Rey Kərimoğlu bildirib ki, BSU-nun rektoru Nurlana Əliyeva vəzifəsindən dərhal azad edilməli və haqqında cinayət işi açlımalıdır.

Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) sədri, deputat Araz Əlizadə “Yeni Müsavat”a bildirdi ki, Primakov 20 Yanvar hadisələrinin müəllifi deyil. Onun sözlərinə görə, bu şəxs görkəmli siyasətçi və diplomatdır.
A.Əlizadə hesab edir ki, 20 Yanvar qırğınının baiskarlarını öz içimizdə axtarmaq lazımdır: “Azərbaycanda Moskvaya işləyən qüvvələr, Xalq Cəbhəsinin içindəki ”KQB" agentlərinə baxsınlar. Bəli, Primakov həmin ərəfədə Bakıya gəlmişdi, Xalq Cəbhəsinin rəhbərlərinə xəbərdarlıq etmişdi ki, etirazların qarşısı alınacaq. Amma hadisələrin müəllifi deyil. Ona görə də öz içimizdəkilərə baxsınlar. Bu baxımdan Primakovun sərgisini normal qarşılayıram".

Deputat Fərəc Quliyev isə “Yeni Müsavat”a bildirdi ki, Primakova münasibət milli azadlıq hərəkatına və şəhidlərə təhqirdir. Onun sözlərinə görə, prezident seçkilərində namizəd olanda bir məsələni qaldırmışdı: “Demişdim ki, prezident seçilsəm, Xocalı və 20 Yanvar hadisələrində əli olan kəslər tapılıb cəzalandırılacaq, edam olunacaq. Necə ki, İsrail olimpiada terrorunda əli olanları dünyanın hansı bucağında gizlənsələr belə hamısını bir-bir tapıb cəzalandırdı. Biz tariximizə hörmətsizlik edirik və bu məsələni eşidəndə çox məyus oldum. İstənilən halda doğru hadisə deyil”.
F.Quliyev düşünür ki, Azərbaycana qarşı təcavüz siyasəti yürüdənlər cəzalanmalıdır: “Əgər buna gücümüz çatmırsa, tarixdə göstərməliyik. Tələbələrə bu adam haqda niyə esse yazdırılmalıdır? Primakov imperiyanın nökəri idi”.


Deputat Elman Məmmədovun isə mətbuata açıqlamasında reaksiyası belə olub: “Yəqin bunlar ümumi fikrə gəliblər ki, Primakov bizim dostumuzdur və belə bir qərar qəbul eləyiblər. Ancaq mən Primakovu dost kimi tanımamışam”.
Deputat bildirib ki, sərginin keçirilməsinin səbəbini buna icazə verən təşkilatlar cavablandırmalıdır. Həmkarı Fazil Mustafa isə bildirib ki, Y.Primakovla bağlı bir tədbiri əngəlləmək doğru olmaz və səbəbini belə izah edib: “Yevgeni Primakov Rusiyanın baş naziri olmuş adamdır və müəyyən dərəcədə rəngli yaradıcılığı olan, hətta şeirləri olan bir şəxsdir.

Ona görə də Rusiya mühitində Primakov xüsusi çəkisi olan, xarici siyasətdə Rusiyanı yönləndirən şəxslərdən biri olub. Hər halda, indiki Rusiya ilə münasibətlərimiz zəminində onun həyat və fəaliyyəti ilə bağlı hansısa bir tədbir keçirilməsini əngəlləməyimiz doğru olmaz".
Parlamentin digər üzvü Aqil Abbas isə Bakıda belə bir sərginin keçirilməsini doğru addım saymayıb. Deputat Fəzail Ağamalının fikrincə, sərgini keçirən təşkilat məsələyə Azərbaycan vətəndaşları tərəfdən baxmalı və bu addımı atmamalı idi: “Primakov 20 Yanvar ssenarisinin içərisində idi və həmin faciənin törədilməsində ciddi rol oynayan şəxslərdən biridir”.

Azərbaycan Xalq Hərəkatının liderlərindən Etibar Məmmədov “Amerikanın Səsi”nə şərhində sərginin açılmasını pisləyib. “Primakovun xatirəsinə sərgi keçirmək milli azadlıq hərəkatında olan şəhidlərimizin, qazilərimizin, ümumilikdə bütün millətin xatirəsinə təhqir deməkdir. Bunu kim keçirirsə, bunlar anti-Azərbaycan qüvvələrdir” deyə, vurğulayıb.
Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər də deyib ki, Primakov Azərbaycana qarşı 20 Yanvar cinayətinin təşkilatçılarından biridir. O hesab edir ki, Bakıda onun yubileyinin təşkili Azərbaycan xalqına təhqirdir. Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov isə düşünür ki, Primakov Azərbaycanın xeyrinə də bəzi addımlar atıb: “İndiyədək 20 Yanvar hadisələri ilə əlaqədar sovet qoşunlarının Bakıya daxil olması qərarını kimin qəbul etməsinə birmənalı cavab yoxdur. Sadəcə, Primakovun adı çəkilir. Doğrusu, inanmıram ki, onun bu cür səlahiyyətləri var idi. Çünki bu cür qərarı dövlət başçısı verməli idi. Burada təkcə Primakovu günahlandırmaqla kifayətlənmək düzgün olmaz. Müsbət addımı da olub. Misal üçün, Lissabon sammitinin qərarını götürsək (ATƏT-in Lissabon Sammiti 2-4 dekabr 1996-cı ildə keçirilib, bu sammitdə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli məsələsi təsdiq edilib) təbii ki, Primakovun bu məsələdə birbaşa iştirakı olmasaydı bu qərar qəbul olunmazdı”.
Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc hesab edir ki, belə məsələlərdə diqqətli olmaq lazımdır: “Anlayıram ki, Azərbaycan insanı Primakov deyərkən 90-cı il hadisələri üzərindən ona qiymət verməyə daha çox indekslənir. Bu da başa düşüləndir. Çünki o dövrün hadisələrinə siyasi qiymət verilibdir. Hüquqi nəticələr sona qədər açılmayıb.”

Onun fikrincə, sərgiyə yalnız 90-cı illər kontekstindən deyil, daha geniş baxmaq lazımdır. “Sözün əsl mənasında bu gün Rusiya məkanında və ondan çox uzaqlarda Primakova, onun xarizmasına, keçdiyi yola böyük bir örnək kimi yanaşmalar var. Belə sərgilər hansısa mədəni diplomatiya üzərindən Azərbaycana informativ mənəvi hücum planı deyil. Qətiyyən onu elə saymırıq. Rusiya-Azərbaycan münasibətləri bu gün inkişaf etməkdədir, faydalıdır. Ona görə də bu məsələdə çox diqqətli olmaq lazımdır”.

Qeyd edək ki, Primakov Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru (1991-1996), xarici işlər naziri (1996-1998) və baş nazir (1998-1999) işləyib. O, 2015-ci ildə vəfat edib.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”