Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Parlamentdəki partiyalardan şərt kimi mövqe

Parlamentdəki partiyalardan şərt kimi mövqe
Müsavatdakı dəyirmi masa ətrafında kimlər oturacaq?

Noyabrın 5-də saat 14-də Müsavat Partiyasının qərargahında siyasətçilərin və ictimai xadimlərin dəyirmi masası keçiriləcək. Qeyd edək ki, Müsavat Partiyasının başqanı Arif Hacılı oktyabrın 23-də müxalifətin birliyi ideyasının, ölkədəki siyasi durumdan çıxış yollarının müzakirəsi üçün açıq dəyirmi masa keçirilməsini təklif edib.

O, dəyirmi masaya Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənlini, AXCP sədri Əli Kərimlini, Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədovu, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyni, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbəri, sabiq səhiyyə naziri Əli İnsanovu, “Turan” Agentliyinin direktoru Mehman Əliyevi, politoloq Hikmət Hacızadəni dəvət edib və siyasi təşkilat rəhbərlərinin razılaşacağı digər siyasi xadimlərin iştirakını məqbul sayıb.

Noyabrın 1-də isə Müsavat başqanı sosial şəbəkədə bildirib ki, heç bir ilkin şərt irəli sürmədən, ölkədə mövcud durumu müzakirə etmək, çıxış yolları barədə fikir mübadiləsi aparmaq, mümkün olarsa bəzi razılaşmaların təsdiqlənməsi məqsədi ilə nəzərdə tutulan dəyirmi masa noyabr ayının 5-də baş tutacaq.

Dünən əldə etdiyimiz məlumatda isə bildirilir ki, dəyirmi masaya yuxarıdakı siyahıdan kənar tanınmış siyasətçilər, partiya sədrləri və deputatların da dəvət olunması nəzərdə tutulub.

Bəs parlamentdə müxalifət adına təmsil oluna partiyalar da sözügedən dəyirmi masaya qatılacaqlarmı?

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, ona Müsavatda keçiriləcək toplantıya dəvət gəlməyib: “Dəvət olsa, biz dialoqa açığıq. Hansı toplantı olur-olsun cəmiyyət həyatına, islahatlara əgər bir faydası olacaqsa, heç bir problem yoxdur, biz iştirak edirik və edəcəyik”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev də qeyd etdi ki, ona dəvət gəlməyib. Dəvət gələcəyi halda həmin tədbirdə iştirak edənlərin kimliyini dəqiqləşdirdikdən sonra qatılıb-qatılmamaq barədə qərar verəcək: “Biz təbii ki, müsbət dəyişikliklərin tərəfdarıyıq və dəyişikliklərin islahat yolu ilə aparılmasının, hakimiyyət dəyişikliyinin yalnız seçkilər yolu ilə olmasının tərəfdarıyıq. Bütün konsolidasiyaların da tərəfdarıyıq. Biz milli demokratik düşərgənin bir yerdə olmasında maraqlıyıq. Bölgəmiz çox mürəkkəb vəziyyətdədir və Azərbaycanın bu pressinqlərin qarşısında tək hakimiyyətlə dayana bilməz, cəmiyyət, milli düşərgə, bütün siyasi qüvvələr toparlanmalıdır, milli maraqlar hər şeydən önə qoyulmalıdır. Odur ki, keçiriləcək sözügedən toplantıya da yanaşmada diqqətli olmaq gərəkir. Baxır hansı prinsiplər ətrafında toparlanma gedir. Birisi inqilab eləmək adı ilə ölkəni qarışdırmaq istəyirsə, o birisi qanunsuz yollarla kürsü davası edirsə, təbii ki, biz o cür istəklərin yer aldığı toplantılarda deyilik. Çünki bu yaxşı toparlanma deyil. Amma ölkənin müzakirə olunası çox ciddi məsələləri var. Mümkündür ki, məhz bu məsələlərlə bağlı məsləhətləşmələr olsun. Lakin burada baxır masada kimlər oturacaq. Yəni masanın ətrafında oturanların siyahısı müəyyən olandan sonra bizim də mövqeyimiz aydın olar. Hələlik bizə dəvət yoxdur. Dəvət olsa tərəfimizdən qoyulan ilk sual o masada kimlərin iştirak edəcəyi olacaq. Əgər bizi qane etsə cavab verə bilərik. İndilikdə dəqiq söz demək mümkün deyil”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”