Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

TÜRKPA-ya sədrlik Azərbaycana nə verəcək?

TÜRKPA-ya sədrlik Azərbaycana nə verəcək?
Ekspertlərin fikrincə, bu platforma ölkəmizə əlavə imkanlar açacaq

Mütəmadi olaraq türkdilli ölkələrin liderlərinin, parlament sədrlərinin, xarici işlər nazirlərinin görüşü keçirilir və müvafiq qərarlar qəbul edilir. Azərbaycan da türkdilli ölkələrin birliyi üçün daim fəallıq göstərir. Əlbəttə ki, türkdilli ölkələr arasında mədəni, humanitar sahədən başlanan əməldaşlıq bu gün iqtisadi, siyasi və hətta hərbi sahədə davam etdirilir. Bu günlərdə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) IX iclasının Bakıda keçirilməsi də əməkdaşlığı yeni mərhələsini özündə ehtiva edirdi. Bu görüşdə parlament sədrləri müxtəlif sahələri əhatə edən məsələləri müzakirə edib. Bakıda baş tutan iclasda TÜRKPA-ya sədrlik Türkiyədən Azərbaycana keçib. Təbii ki, TÜRKPA son vaxtlar böyük siyasi çəkiyə malik olan nüfuzlu parlament təşkilatına çevrilib. Azərbaycanın belə bir təşkilata sədrliyə başlaması bizə əlavə imkanlar açacaq.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev bildirdi ki, türk dünyasının birgə mövqe göstərməsi üçün atılan istənilən addım dəyərlidir: "Hesab edirəm ki, bu gün müxtəlif yerlərdə, cinahlarda türk dövlətlərinə qarşı hücumlar var. Biz problemlər olanda da birləşməyi bacarmalıyıq və o cümlədən bunları dəf etmək üçün güclərimizi də bir yerə cəm etməyə səy göstərməliyik. Artıq türk dövlətləri arasında iqtisadi, mədəni münasibətlərin siyasi, hərbi müstəviyə keçməsinin zamanıdır və son zamanlar bu istiqamətdə də addımlar atılır. İstənilən bir tədbirdə dövlətlərimiz arasındakı münasibətlər daha da yaxşılaşır və dərin əlaqələr qurulur. Bu mənada türk cümhuriyyətləri üçün istənilən mövzuda keçirilən toplantılar, iclaslar faydalıdır”.
Millət vəkili vurğuladı ki, Azərbaycan həm qərb-şərq, həm də cənub-şimal üzərində yeganə dövlətdir ki, burada maraqlar toqquşduğu kimi, müxtəlif layihələr də reallaşdırılır: "Bu baxımdan, Azərbaycanın növbəti ildə sədr kimi TÜRKPA-ya rəhbərlik etməsi, gündəliyi müəyyənləşdirmək hüququ əldə etməsi çox yaxşı haldır. Çünki Azərbaycanın təşkilat daxilində vacib hesab etdiyi məsələləri önə çıxartması və müzakirəyə təqdim etməsi imkanları artacaqdır. Düzdür, Azərbaycan sədr olmasaydı belə, hər zaman olduğu kimi təşəbbüskarlığını qoruyub saxlayacaqdı. Amma hər halda, indi ölkəmizin daha çox faydalanmaq imkanı yaranıb”.

F.Quliyev qeyd etdi ki, gələcəkdə bütün türk dövlətlərinin TÜRKPA-da təmsil olunması lazımdır: "Hətta Macarıstan türk dövlətləri birliyinin ofisinin öz ölkəsində açılmasını bəyan etdi. Əgər bu ölkənin rəhbərliyi "biz hamıdan daha çox türkük” deyə bir mövqe ortaya qoyursa, bu o deməkdir ki, mövcud format böyüyəcək və bütün türk dövlətləri bir araya gələcək. Hesab edirəm ki, tərkibində türklər yaşayan digər dövlətlər, məsələn Pakistan da bu birliyə əlavə güc qata bilərlər. Çünki bu birlik hamı üçün faydalıdır. Güman edirəm ki, günün birində arzuladığımız digər dövlətlər də burada təmsil olunacaq”.
Bakı Politoloq Klubunun sədri Zaur Məmmədov bildirdi ki, TÜRKPA türk dövlətlərini birləşdirən ən böyük təşkilatlardan biridir: "Məhz Türkdilli Dövlətlərin Parlament Assambleyasının yaradılması türk dövlətlərinin inteqrasiyasında mühüm əhəmiyyət kəsb edir. Azərbaycan da türkdilli dövlətlər içərisində lider ölkələrdəndir, hansı ki, türklər arasındakı inteqrasiyaya həqiqətən də böyük töhfəsini verib. Əgər biz Azərbaycanı digər ölkələrlə müqayisə etsək, görərik ki, ölkəmiz türkdilli dövlətlərlə bağlı olan bütün məsələlərdə beynəlxalq tribunalarda onları dəstəkləyib. Bu gün bu ideyanın davam etdirilməsi və ölkəmizin türkdilli dövlətlərin liderlərinin, xarici işlər nazirlərinin, spikerlərinin sammitinə ev sahibliyi etməsi onu göstərir ki, Azərbaycanın bu birliyə töhfəsi qiymətləndirilir”.

Z.Məmmədovun sözlərinə görə, bu gün Bakı XX əsrin əvvəllərində olduğu kimi Rusiyadakı türkdilli xalqlardan tutmuş Mərkəzi Asiya xalqlarına qədər olan bir beynəlxalq əməkdaşlıq platformasına, təhsil və mədəniyyət mərkəzinə çevrilib: "Doğrudan da Azərbaycanın və Türkiyənin bu istiqamətdə apardığı işləri mühüm qiymətləndirmək lazımdır. Təbii ki, bu işlərin arxasında ölkələrin liderləri dayanır. Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizi beynəlxalq platformalarda uğurla təmsil etməsi, müxtəlif istiqamətlərdə effektiv iş aparması da göz önündədir. İstər İƏT, istər türkdilli dövlətlər içərisində, itərsə də digər sivilizasiyalara məxsus olan Avropa İttifaqı və başqa geosiyasi və geoiqtisadi təşkilatlarda Azərbaycan öz milli maraqlarını nəzərə alaraq, siyasətini davam etdirməkdədir. Bütün bunların əsasında təbii ki, Azərbaycan xalqının maraqlarının reallaşması dayanır”.

BƏXTİYAR