Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Bu gün Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəklili Fərəc Quliyevin doğum günüdür.

Bu gün Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəklili Fərəc Quliyevin doğum günüdür.
Azərbaycanın azadlığı uğrunda vüsət almış Milli Azadlıq Hərəkatının liderlərindən olan, müstəqillik aktının həmmüəllifi, istiqlalçı deputat Fərəc Quliyevin adı Ermənistan-Azərbaycan müharibəsinin əfsanəvi komandirlərindən biri kimi də dastanlaşmışdır. Komandirlik etdiyi 24 könüllü ilə Naxçıvanda ən yüksək zirvədə, Ermənistanla sərhəddə yerləşən "Soyuq" adlı Yaxın Şərqə nəzarət edən radiolokasiya sistemi qurulmuş hərbi hissəni rus-erməni hərbi birliklərindən təmizləməsi və Azərbaycan ordusunun ixtiyarına verməsi əməliyyatı itgisiz ötüşmüşdür. Bu əməliyyata görə prezident Ə.Elçibəy tərəfindən "Milli Qəhrəman" adına layiq görülsə də, bu addan imtina etmişdir. O, eyni zamanda Ordubadda Azərbaycan milli ordusunun təməli olan özünümüdafiə–könüllü batalyonların yaradılmasına rəhbərlik etmiş və ilk dəfə 5 sərhəd zastavasını rus ordusundan təhvil alıb milliləşdirilməsinin, bu ərazidəki bütün Sovet ordusuna məxsus əmlak, silah və texnikanın milliləşdirilməsinin həyata keçirilməsinə rəhbərlik etmişdir.

31 Dekabr tarixinin “Həmrəylik Günü” kimi təqvimimizə düşməsinə səbəb olan Sərhəd Hərəkatının ideoloq və təşkilatçılarından biri olan Fərəc Quliyev bu gün də yorulmadan Azərbaycanın bütövlüyü uğrunda mübarizə aparan bir liderdir. Bütöv Azərbaycanın millət vəkili kimi tanınan deputat Fərəc Quliyev ölkənin ali qanunverici orqanında mütəmadi olaraq Güney Azərbaycan, Qərbi Azərbaycan, Borçalı, Dərbənd və sair Vətən torpaqları və orda yaşayan soydaşlarımızla bağlı siyasi qərarların verilməsi, eləcə soydaşlarımızın problemlərinin həlli ilə bağlı məsələlər qaldırır.

Sədrlik etdiyi MDHP-nin də əsas fəaliyyət istiqamətlərindən biri Bütöv Azərbaycançılıqdır.

Fərəc Quliyev eyni zamanda Türk millətçisi kimi Turan sevdalı bir liderdir. Türk Birliyi uğrunda mübarizə apardığı üçün o, Türk dünyasında tanınan və sevilən bir siyasətçidir.

Dönməz prinsip və ideyaları ilə şərəfli bir keçmişə sahib olan Fərəc Quliyev bu gün milli-demoqratik mübarizənin önündə kedən simalardandır. Vətənçilik, millətçilik, dövlətçilik və mənəvi dəyərlər əsasında ən müxtəlif istiqamətlərdə görülən işlərdə - ciddi araşdırmaların, ictimai işlərin, idman sahəsinin və s. dəstəkçilərindən biri kimi tez-tez Fərəc Quliyevin adına rast gəlinir.

Eyni zamanda yaradıcılıqla da məşğul olan Fərəc Quliyevin kitabları və məqalələri milli-demoqratik ideologiyanın təbliğində ciddi material toplusudur.

Bu qədər çoxşaxəli və zəngin həyatının 57 ilini tamamlayan Fərəc Quliyev, doğmalarına və yaxınlarına da kifayət qədər diqqət göstərməyi bacaran və onlara zaman tapan bir insandır. Tanıyan hər kəs onun haqqında əsl dost, səmimi və mərd insan təəsuratındadır.
Fərəc Quliyevin qəlbində bütün doğmalarına bəslədiyi sevgi qədər də, millətinə sevgisi vardır. Vətənin dərdlərinə yandığı qədər də, bəşəriyyətin taleyindən narahatdır. Onun bəşəri düşüncələri insanlığa söykənir.

Biz də ona ilk əvvəl bütün mübarizələrdə insanlığın qələbə qazanmasını görməyi arzulayırıq.

Ona Vətənini bütöv, dövlətini güçlü, millətini bir, xalqını firavan görməyi arzulayırıq.

Təbiətinə uyğun olaraq, daim millətinin, sevdiklərinin, doğmalarının əhatəsində olmağı arzulayırıq.

Övladları və nəvələri ilə fəxr etməyi və onları daim xoşbəxt görməyi arzulayırıq.

Fərəc Quliyevə can sağlığı, böyük uğurlar, nəaliyyətlər arzulayırıq.

Onu ad günü, qarşıdan gələn yaradıcılarından biri olduğu “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və yeni təqvim ilinin gəlişi münasibətləri ilə təbrik edirik!



Sayğılarla, Milli Dirçəlişçilər