Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

F.Quliyev: Ə.Elçibəyə abidə qoyulsun, Qaz,su,işığın qiyməti artırılmasın, Oğurlanan vəsaitlər geri qaytarılsın

F.Quliyev: Ə.Elçibəyə abidə qoyulsun, Qaz,su,işığın qiyməti artırılmasın, Oğurlanan vəsaitlər geri qaytarılsın
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev 2015-2019-cu illər ərzində Milli Məclisin 115 iclasının 71-ində 177 təklif ilə çıxış edib. Həmin təklifləri hissə-hissə təqdim edirik.

20-ci hissə



96.Milli Azadlıq Hərəkatında müstəsna xidməti olan Əbülfəz Elçibəyin abidəsinin qoyulması və xatirəsinin digər formalarda əbədiləşdirmək üçün müəyyən addımlar atılması üçündə müəyyən tədbirlər görülməsi vacibdir. (17.11.2017)

97.Büdcə gəlirlərini artırmaq üçün, qiymət artımı yolu qəbuledilməzdir: (22.11.2017)


Enerji daşıyıcılarının , benzinin qiymət artımını götürək.
İqtisadi siyasətdə əsas prioritetlərdən olan istehlakçı inamının artması prinsipi qiymət artımları ilə ciddi zədə alır.
Büdcə gəlirlərini artırmaq üçün, hökumət artıq təbii inhisarların qiymətlərini artırmaqdan əl çəkməli, başqa alternativlər düşünməlidir. Tarif Şurası bu il işıq, su, kanalizasiya və binaların isidilməsi tariflərini qaldırıb. Son günlər də benzinin qiymətində dəyişiklik olunub.
Büdcəni doldurmaq üçün müxtəlif imkanlar var.
Əvvəla onu deyim ki, büdcə kisəsinin yırtıqları yamanmasa büdcəni doldurmaq mümkün olmayacaq.

98. 3 milyard vəsait oğurlanıb – geri qaytarılsın: (22.11.2017)

Beynəlxalq bankdan 3 milyard vəsait oğurlanıb və ya Avanturist layihələrə kredit verilib .
Bu vəsaitin geri qaytarılması təmin olunmalıdır.
Vergi və gömrükdən necə büdcəyə daxilolmalar nəzərdə tutulursa bu vəsait də daxilolmalar kimi nəzərə alınmalıdır.
Axı bu vəsait qida məhsulu kimi həzmi-rabedən keçirilməyib. Bu vəsait ya xaricdə hesablarda yatır, ya daşınmaz əmlak şəklində mövcuddur və ya valyuta və ya qiymətli metal halında talançılardadır.

99.Ermənistanın ərazilərimizi talama siyasəti önlənməli: (22.11.2017)

İşğal olunmuş ərazilərdə aparılan talamanın qarşısının alınması ilə bağlıdır. Büdcədəki itkilərimiz təkcə yuxarıda qeyd etdiklərimizlə bağlı deyil. Biz ərazimizin 20%-nin imkanlarından istifadə edə bilmirik. İşğal olunmuş bu ərazilərdən istifadə edə bilməməklə yanaşı bu potensialdan Ermənistan yararlanır. Hər il milyardlarla dollar civarında yeraltı və yerüstü sərvətlərimiz talanır.
Hökumət bunun qarşısını almaq üçün tədbirlər görməlidir. İşğal altında olan ərazilərdə Ermənistanla birgə çalışan şirkətlərin mənsub olduqları dövlətlərlə münasibətlərə yenidən baxılmalı, bu şirkətlərin dərhal ölkə ərazisində qanunsuz fəaliyyəti dayandırılmalıdır.
Üstəlik də müharibə təcrübələri var. Torpaqlar İşğal altında qalanda, düşmən bu potensialdan öz xeyirinə yararlanmasın deyə, buradakı strateji olan hər şey sıradan çıxarılır-məs.körpülər,zavod və fabriklər,mədənlər,yollar və.s.Ona görə biz də oxşar tədbirlər görməliyik. Ən sadə variant olaraq , işğal altında olan Qarabağ və ətraf ərazilərimizdə yerləşən körpülər, zavod və fabriklər, mədənlər,yollar və.s” “Yer-Yer “tipli raketlərlə vurularaq sıradan çıxarıla bilər.
Ümumiyyətlə ərazilərimiz işğaldan azad olunana qədər büdcədən barıt qoxusu gəlməli və düşmən bunu həmişə hiss etməlidir.

100.Bu təkliflər aktuallığını saxlayır: (22.11.2017)

Mən hər il büdcə müzakirələrində daim iqtisadiyyatın mümkün qədər liberallaşdırılması, dövlətin iqtisadiyyatda rolunun azaldılması, maliyyə sektorunda islahatların aparılması, kommunal sektorun özəlləşdirilməsini, büdcə yükünün azaldılmasını qabardıram. O təkliflər aktuallığını saxlayır

101.Hesabatlığa söykənən ehtiyat fondunun yaradılması ilə bağlı: (23.11.2017)

Dəfələrlə bu məsələni qaldırmışam. Bütün bu məsələlərin həlli ondan keçir ki, hökumət Milli Məclisin ehtiyat fondunun yaranmasını təşkil etməlidir. Çünki o vəsaiti ayrı-ayrı hesablamaq, gözlənilmədən ortaya çıxacaq məsələləri çərçivəyə salmaq mümkün deyil. Birdən-birə bəzi məsələlər ortaya çıxır. Məsələn, Moldovada Avronest PA-nın iclasında birdən-birə ermənilərlə bağlı bir variant yarandı. Dərhal Kiyevə uçmalı olduq. Çox səmərəli bir səfər idi, getmək lazım idi. Yəni Milli Məclisin hesabatlığa söykənən ehtiyat fondunun yaradılması dövlət üçün çox əhəmiyyətli olardı.

102.Gürcüstanın Ermənistana Osetiya və Abxaziya üzərindən alternativ yol –dəhliz vermək istəyinə Azərbaycan parlamenti münasibət bildirməli: (29.12.2017)

Bu yaxınlarda Gürcüstanın baş naziri Azərbaycanın mənafelərinə uyğun olmayan ,bəlkə də Azərbaycan-Gürcüstan münasibətlərinə ciddi şəkildə xələl gətirə biləcək bir bəyanatla çıxış elədi. Fors-major vəziyyətlərdə Ermənistana Osetiya və Abxaziya üzərindən alternativ yol –dəhliz vermək məsələsini gündəmə gətirdi. Amma heç kimə sirr deyil ki, ermənilər mütəmadi olaraq bu yollardan istifadə edərsə, təbii ki silah daşımaq məqsədli də istifadə edə bilərlər. Ermənistanın güclənməsi üçün bu təklifin verilməsi Gürcüstan-Azərbaycan münasibətlərinə ciddi şəkildə xələl gətirən məsələdi. Azərbaycan Gürcüstana qarşı hər zaman xoş münasibətdə olubdu. Həm enerji daşıyıcılarını çox ucuz qiymətə satmaqda, tranzit məsələlərində, onlar pis vəziyyətdə olanda uzunmüddətli kreditlər verilməsində və.s. Bu siyahını uzatmaq da olar. Nə məqsədlə olur-olsun Ermənistana dəhliz verməklə Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirmək bizim tərəfimizdən susqun qarşılana bilməz. Mən hesab edirəm ki, bu məsələ və Gürcüstana olunan güzəştlər gündəmə gətirilməlidir, müzakirə olunmalıdır. Hesab edirəm ki, dostluq qrupu və başqa qurumlar da Gürcüstana xəbərdarlıq etməlidirlər və bizim xoş məramla davranışımızın qarşısında belə davranışa dərhal Gürcüstan tərəfindən izahat olmalıdır və onlar bu bəyanatların izahın verməlidirlər. Əgər onlar ermənilərə dəstək verəcəklərsə, Azərbaycanla Gürcüstan arasında münasibətlər bu cür davam edə bilməz. Mən istəyirəm ki, parlament bu məsələyə münasibət bildirsin.

103.Kredit götürən əhali ilə bağlı təklifi bir daha təkrar edirəm: (01.02.2018)

Amma kredit götürən əhalinin Milli Məclisdən gözləntiləri var. Kreditlərlə bağlı hökumət üzvləri tərəfindən müxtəlif fikirlər söylənilsə də hələlik real nəticələr yoxdur. Düşünürəm ki, problemli kreditlər məsələlərinə aydınlıq gətirmək üçün Milli Məclis yaz sessiyası dönəmində kreditlərlə bağlı müzakirələr aparmalıdır.
Kredit götürənlərin hüquqlarının qorunması ilə bağlı qanun layihəsi qəbul olunmalı və ya qanunda dəyişikliklər edilməlidir.
Etmiş olduğum Təklifi bir daha təkrar etmək istəyirəm. Əhaliyə kömək məqsədi daşıyan qanun qəbul olunmalı və bu qanunda bir çox məsələlərlə yanaşı, kreditlərin qaytarılması qaydası da nəzərdə tutulsun. Qanunda ödəmələr üçün aşağıdakı ardıcıllıq qəbul olunsun:
1.Əsas borc
2. kredit faizi
3.cərimə və peniyalar
4. borcun qaytarılması xərclərinin ödənməsi
İndiki halda kredit gecikməyə düşəndə ilk növbədə peniya ödənilir, sonra kredit faizi, daha sonra əsas məbləğə görə borc ödənilir. Beləliklə vətəndaş peniya və faiz borcunu ödəyə bilir və daim bankdan asılı durumda olur.
Təklif olunan qayda isə ilk növbədə əsas borcu qaytarmaq imkanı yaradır.
Bu qanunda xarici valyuta ilə ipoteka krediti götürənlərin kreditləri manata keçirilməsi mexanizmi də öz əksini tapa bilər.

104.Rusiyanın Azərbaycanın işğal olunmuş ərazisində bank açmasına münasibət: (01.02.2018)

Mediada məlumat və fotolar yayıldı ki, işğal olunmuş Ağdərənin Vəngli (hazırda inzibati cəhətdən Kəlbəcər rayonuna aid edilib ) kəndində Rusiyanın “Yunibank”ının filialı açılıbdır.
Bu haqda Rusiya mediasında da xəbərlər verilib.
Erməni jurnalistin Vəng kəndi haqda hazırladığı reportajda yalnız həmin bankın filialının binasının fotosu göstərilib. Hazırda İrəvanda da “Yunibank” fəaliyyət göstərir. Amma bank binasının girişində adının rusca da «ЮНИБАНК» yazılması bankın Rusiyanın eyniadlı bankının filialı olmasını deməyə də əsas verir. Bu çox ciddi məsələdir və hesab edirəm ki, bu məsələ yaz sesiyasında müzakirə olunmalıdır. Belə hal tam təsdiqini taparsa Azərbaycanın VTB-də saxladığı 500 milyon dollarlıq səhmlərini və rus rublu ilə saxlanan valyuta ehtiyatını ya oradan götürmək, ya da başqa bir ölkədə qızıl –valyuta ehtiyatı şəkilində saxlamaq üçün tədbir görməlidır. Onsuz da indiyə qədər verilən təkliflərə rəğmən gözləmə mövqeyi nəticəsində VTB –dəki səhmlərin ucuzlaşması, həm də rublda olan aktivlərin dəyərsizləşməsi baş verib. Üstəlik Rusiyanın Azərbaycanın işğal olunmuş ərazisində bank açması bizə bu istiqamətdə təcili tədbirlər görməyə əsas verir.

105.Soyadlarının dəyişdirilməsi ilə bağlı: (23.02.2018)

Bizim əlimizdə o imkan var ki, 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşlarıki ilkin şəxsiyyət vəsiqələri alırlar, bu vəsiqələrdə soyadlarının dəyişdirilməsi məcburi xarakter alan bir müddəa qəbul edək. Vətəndaşlar bu sənədləri alanda mütləq təkliflərin versinlərki, milli sonluqla olan bir soyadı qəbul olunsun. Hətta belə bir zəruri addımda qoymaq olar ki, əgərvətəndaş tərəfindən bu təklif olunmazsa, onda müvafiq icra hakimiyyəti orqanı özü bir neçə təklif verə bilərki, bunlardan birisini qəbul edin. Yəni bütün hallarda mütləq şəkildə bu dəyişdirilsin. Biz indidən bu proseduru başlatsaq, 19-cu ildən deyək ki, artıq Azərbaycanda bütün şəxsiyyət vəsiqələrində soyadlarının milli sonluqla tamamlanmasına nail ola bilərik .