Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Mehman Hüseynovun yaydığı səs yazısı: Siyasi oyunbazlıq,yoxsa həqiqət axtarışı

Mehman Hüseynovun yaydığı səs yazısı: Siyasi oyunbazlıq,yoxsa həqiqət axtarışı
31 saylı Suraxanı ikinci Seçki Dairəsindən deputatlığa namizədlər Fərəc Quliyevlə Mehman Hüseynov arasında keçirilən görüşlə bağlı yayılan səs yazısı birmənalı qarşılanmayıb,demək olar ki, seçkilərlə bağlı bir nömrəli gündəm mövzusuna çevrilib.

Səs yazısından belə məlum olur ki, Fərəc Quliyev müəyyən vədlər qarşılığında Mehman Hüseynovdan namizədliyini onun xeyrinə geri götürməsini istəyir.Bununla razılaşmayan Mehman Hüseynov sonradan aralarındakı söhbətin səs yazısını yayaraq ictimailəşdirir və öz aləmində qarşı tərəfi “ifşa” edir. Bu məsələyə görə, hər iki tərəfi qınayanlar var.Eləcə də, saytlar səs yazısını tirajlayır,hətta bu gün Mehman Hüseynov Fəcəc Quliyevlə bağlı Baş Prokurorluğa da müraciət edib. Ancaq hesab edirik ki, reallığı nəzərə almaqla yaranmış duruma obyektiv münasibət bildirmək daha düzgün olardı.

Əvvəla,Fərəc Quliyevin açıqlamasına görə,bu görüş 40 dəqiqədən çox çəksə də, M.Hüseynov onun yalnız 16 dəqiqəsini yayımlayıb. Əgər ortada qərəz yoxdursa,F.Quliyevin KİV-lərə açıqladığı kimi,niyə tərəflər arasındkı söhbət tam təqdim edilmir?Çünki Fərəc Quliyev də açıqlamasında bildirib ki, Mehman Hüseynov aralarındakı danışığı özünə sərf edən şəkildə yayımlayıb,müəyyən montaja yol verib.M.Hüseynova edilən təklifə gəlincə isə, həmin təklif öz qüvvəsində qalır.

Məsələ burasındadır ki, beynəlxalq praktikada da hər hansı seçki zamanı namizədlərdən birinin digərini razılaşma əsasında öz tərəfinə çəkməsi, bu yolla şanslarını artırmağa çalışması halları əvvələr də olub, indi də var. Yəni burada qeyri-adi nə isə axtarmağa lüzum yoxdur.Nədən məsələ ilə bağlı bu qədər sensasiya yaradılır?- başa düşülmür.

Adıçəkilən namizədlərin söhbətinə gəlincə, Fərəc Quliyevin Mehman Hüseynovdan nə istədiyinə diqqət yetirək: O bildirir ki, mən bu dairənin ən real namizədiyəm, qələbəmə də inanıram. Sənin isə müəyyən qədər tərəfdarların olsa da, seçkini udmaq şansın yoxdur. Ancaq sənin bu seçkidə iştirak etməyin demokratik fikirli insanların səsini parçalaya bilər və mənim digər rəqiblərim bundan yararlana bilər. Ona görə, mən istəyirəm ki, sən namizədliyimi geri götürəsən və mənimlə birlikdə çalışasan, gücümüzə güc qatasan.

Fərəc Qulilyev daha sonra ona gələcək fəaliyyətində dəstək olmağa, həmçinin xəstəliyi ilə bağlı müalicə xərclərinə maddi köməklik göstərməyə hazır olduğunu da bildirir:"Şiş xəstəliyindən əziyyət çəkdiyini və biopsiya materialını (şişdən götürülən materialı) laboratoriyaya analizə verdiyini bildirdi. Əgər nəticələr pis olarsa (Allah şəfasın versin və günahlarından keçsin), ümumiyyətlə, seçkidən çəkiləcəyini bildirdi. Mən ona konsentrasiyanı pozma, nəticə nə olur olsun (laboratoriya nəticələri) 10-15 min manatlıq bir müalicədir. Dəstək olacağıq, dostlarını səfərbər edərik deyərək təsəlli verdim”.

Göründüyü kimi, bu iki namizədin yayılan səs yazısında qeyri-adi nə isə axtarmaq o qədərdə düzgün görünmür.

O ki qaldı bu iki şəxsin deputatlığa namizəd kimi müqayisəsinə, əminliklə deyə bilərik ki, Fərəc Quliyev Mehman Hüseynovdan bir xeyli öndə dayanır. Keçdiyi həyat və mübarizə yoluna, savadına, ədəbi və hüquqi biliyinə, mədəni səviyyəsinə, davranışına və s.keyfiyyətlərinə görə, MM-də təmsil olunmaq daha çox onun haqqıdır.Mehman Hüseynova gəlincə, bunu onun haqqında birmənalı söyləmək mümkün deyil.Hesab edirik ki, Mehman Hüseynov bir çox parametrlərinə görə, hələ millət vəkili statusu daşımağa hazır deyil.O elə blogger kimi fəaliyyətini davam etdirsə, rastlaşdığı, üzə çıxardığı nöqsanları çəkib ictimailəşdirsə,əsl vətənpərvər kimi cəmiyyətə daha çox fayda vermiş olar.

Yeri gəlmişkən, bu sahədə də onun diqqətli davranmasına ehtiyac var. Elə götürək ötən həftə 9 saylı Binəqədi ikinci Seçki Dairəsinin deputatlığa namizədi Kamaləddin Qafarova qarşı küçədə 3 qadını öyrədərkən çəkilib yayılan videokadrları. Həmin görüntülər M.Hüseynovun indiyə qədər az-çox qazandığı nüfuzuna böyük zərbə vurdu. Burada söhbət "qara piar"dan gedirdi ki, öyrədilən qadınlar Kamaləddin Qafarovun seçiciləri ilə görüşü zamanı qarışıqlıq salmalı idilər.Digər tərəfdən müxalif təmayüllü bu şəxsin mövzuya həssaslığını da nəzərə alsaq, M.Hüseynov bunu etməməli idi. (https://www.faktinfo.az/news/kamaleddin-qafarova-qarsi-secki-texribati-ifsa-olundu-video)
Axı, bir adam hamıda nöqsan axtarırsa, o ilk növbədə öz hərəkətlərini,danışığını ədəbi dilin normaları səviyyəsində korrektə etməyi bacarmalıdır,şit-şit gülüb söhbəti lağlağıya çevirməməlidir.Bundan əlavə, onun bu hərəkəti normal deputatlığa namizəd davranışı idimi,sualı ətrafında düşünməlidir.

Belə olan halda Mehman Hüseynova meydan verən saytlar da diqqətli olub,yayımladıqları xəbərlərin hansı məqsədə hesablanmış olduğunu müəyyən ehtimallarla nəzərə almalıdırlar.

Bəlkə, Mehman Hüseynovun məqsədi heç Milli Məclisə seçilmək deyil?Bəlkə onun məqsədi beynəlxalq müşahidəçilərdə Azərbaycanda keçiriləcək parlament seçkiləri haqqında mənfi rəy yaratmaqdır?Çünki seçkilərə qiymət iki hala görə veriləcək.ikinci mərhələ seçki prosesinin nə dərəcədə şəffaf keçirilməsidirsə,birinci mərhələ seçki gününə qədərki proseslərin qiymətləndirilməsidir.Düzdür, indiyə kimi Azərbaycanda seçkilərin ideal keçirilməsini heç kim birmənalı qəbul etməyib.

Amma nəzərə alanda ki, "seçkinin ilkin və seçki gününə qədərki vəziyyəti gərgin pozuntularla müşayət olunub" kimi təsəvvür yaradılır,onda Mehman Hüseynovun nə etmək istədiyiyini sezməmək bir o qədər çətin deyil.

Faktinfo.az