Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev xaricdə yaşayan soydaşlarımıza və mütəxəssislərimizə müraciət etdi

Fərəc Quliyev xaricdə yaşayan soydaşlarımıza və mütəxəssislərimizə müraciət etdi
Dəyərli soydaşlarım hər vaxtınız xeyir olsun. Mən yenə də obyektiv səbəblərdən çətinliklər yarandığı üçün söz verdiyim kimi hər həftə virtual və KİV vasitəsi ilə sizinlə ünsiyyətdə olub təkliflərimi verməyə çalışıram. Keçən dəfə ərzaq təhlükəsizliyi ilə bağlı verdiyim təkliflərin hesab edirəm ki, bir qismi nəzərə alınmağa başlayıb. Bunu mən Cənab Prezdentin İqtisadiyyat nazirini qəbulu zamanı hiss etdim. İqtisadiyyat nazirinin də verdiyi təkliflər, planlar istəyimizlə üst üstə düşür. Hesab edirik ki, bütün təkliflər səslənməlidir və bütün təkliflər də nəzərdən keçirilərək saf çürük olunub lazım olanlar həyata keçməlidir. Ərzaq təhlükəsizliyi ilə bağlı bütün ölkələrdə tədbirlər görülür. Keçən həftə müraciətimdə əsas istiqamətlər bunlar idi:- dövlət dəstəyi ilə məşğulluq təmin olunsun,xüsusən iş yerləri bağlandığına görə əyalətlərə gedən əhalimiz işsiz qalmasın ,həm çalışıb qazanc əldə etsin, həm də gələcəkdə Azərbaycanın istehlak mallarının özümüzdə istehsal olunmasını təmin edilsin. Bunun üçün də kənd təsərrüfatı sahəsində çalışacaq bu insanlara stimul verici yanaşma olsun. Fransa artıq 100 mindən çox bu cür əyalətə qayıdanlarla bağlı olaraq stimulverici tədbirlər görməyə başlayıb. İtaliyada,İspaniyada başqa ölkələrdə pandemiya ucbatından işsizliyin 20%-ə qədər artması və bunu kənd təsərrüfatına insanları cəlb eləməklə konpensasiya etmək nəzərdə tutulub . Azərbaycanın münbit imkanları kənd təsərrüfatı sahəsində təklif etdiyimiz tədbirlərin daha rahat həyata keçirilməsini mümkün edir.
Artıq bəşəriyyətin sağlamlığı və qlobal iqtisadiyyatı təhdid edən pandemiya bir çox məsələlərə və münasibətlərə yenidən baxmağı özündə ehtiva edir. Artıq çox ciddi məsələlər baş verir və hətta Avropa Birliyi ruhu çökür. İspaniya, İtaliya siyasətçilərinin son vaxtlar verdiyi bəyanatlar bunu açıq şəkildə göstərir . Bu ölkələrin Avropa Birliyindən gözləntiləri özünü doğrultmadığından çox qəribə bir ifadə işlətdilər –“ Avropa Birliyi ilanlarla çaqqallar yuvasıdır”. Əlbəttə biz bu fikri dəstəkləməsək də hər halda eşitdiyimiz bu aqressiv firkin arxasında pandemiyadan sonra bu ölkələrin Avropa Birliyində qalıb qalmama məsələsi müzakirə mövzusu kimi ortaya qoyulur. Göründüyü qədər artıq əksəriyyət milli dövlətlər öz divarları arasındadı, öz millətlərinin birliyini axtarmaq, güvənini öz içərisində tapmaq və özünə güvənc sistemi qurmaq haqqında düşünürlər. Məncə biz də bu məsələlərdən müəyyən nəticələr çıxarmalıyıq. Bu gün milli birliyə həddən artıq böyük ehtiyac var. Milli birliyin əməldə bərqərar olması üçün bütün umu- küsülüləri kənara qoymaq vacibliyi yaranıbdı. Hesab edirəm ki, xaricdəki soydaşlarımızla Azərbaycan dövləti arasında qarşılıqlı himayə mexanizminin bu gün daha ciddi şəkildə işə düşməsinə ehtiyac vardır. Nə səbəbdən olursa olsun ,ölkədən çıxıb getmiş xaricdə yaşayan bəzi insanlarımızın müəyyən obyektiv yaxud da subyektiv səbəbdən ölkəmizin taleyinə biganə qalması,proseslərdən ya kənarda qalması, və ya xeyir vermək istəməməsi və yaxud da bir aqressiya səbəbindən zərər vermək istəməsi təbii ki, davamlı ola bilməz. Hesab edirəm ki, artıq kənarda olan insanlarımız toparlanmalıdırlar. Bütün millətlər kimi artıq bir ailənin, dövlətin sütunlarını möhkəmlətmək və milli dövlətimizin immunitetini möhkəmlətmək üçün səfərbər olmalıdırlar. Bunun üçün imkanlar vardır. Bəlkə bu yaranmış şərait o umu -küsünün aradan qaldırılması üçün bir vəsilədir. Diaspora komitəsinin rəhbərli Fuad Muradovla parlamentdə uzun müddət kolleqa olmuşuq. Bilirəm ki, çox təmənnasız, işini bilən və millətini sevən, dövlətçi bir adamdır. Onun vasitəsi ilə, onun xaricdə qurduğu strukturlar vasitəsi ilə bu istiqamətlə ordakı soydaşlarımız ilə danışıqlar aparıla bilər. İlkin anlaşma ilə hər kəsin fəaliyyətinin dövlət naminə, millət naminə xeyli dərəcədə faydalı iş əmsallarını artırmaq imkanına malik ola bilər. Yaşadığınız ölkələrdə əlaqəli fəaliyyət göstərməklə bəlkə Azərbaycanda yaşayanlardan daha çox fayda verə bilərsiniz Azərbaycana. Məsələn ,orda yaşayan alimlərin, xüsusən indiki məqamda tibb sahəsindəki alimlərin təcrübəsi haqqında Azərbaycana məlumatın verilməsi, xaricdə yaşayan, işləyən müxtəlif səbəblərdən ölkəmizi tərk edib getmiş alimlərimizin, hocalarımızın artıq ölkəyə qayıtması ilə bağlı müəyyən tədbirlər görmək mümkündür. Mən Parlamentdə və mətbuatda dəfələrlə təklif etmişəm ki, Azərbaycandan kənara tələbələr göndərilir və təbii ki, bu çox təqdirə layiq haldır ki, dövlət hesabına gənclərimiz təhsil alır, amma artıq o zaman yetişibdi ki, bizim xeyli sayda xaricdə hocalarımız yetişibdilər. Onları bura məktəb olaraq gətirmək və burda onların ətrafında tələbələri hazırlamaq həm iqtisadi cəhətdən səmərəli olar, həm də o yerlərin təcrübəsini bura gətirmək baxımından çox əhəmiyyətli ola bilər.
Artıq dünyanın hər yerində ,digərlərinin təcrübələrindən yararlansalar da, öz divarları arasında sırf özünəməxsus tədbirlər görülməsinə üstünlük verilir.
Türkiyəni örnək göstərə bilərik.Pandemiya ilə bağlı Türkiyə 218 səhifəlik bir rapor hazırladı. Məndə olan məlumata görə 150-dən çox müxtəlif vəzifədə olan dövlət məmurları bura cəlb olundular. Onlar xüsusi tibbi qrup hazırladılar və pandemiya ilə bağlı olaraq önləyici tədbirlər görməyə başladılar.
Azərbaycan tərəfi də indiki dövrdə bir neçə mərhələdə çox lazımlı tədbirlər görə bildi. Pandemiyanın dərman tapılmayan dövrü üçün tədbirlər, karantin sisteminin, vətəndaşlarımızın ölkəyə qayıtma mexanizminin qurulması, ölkə daxilində səhiyyə işçilərinin səfərlər olunması, Nazirlər Kabinetində xüsusi komissiyanın yaranması və qərargahın fəaliyyəti çox təqdir olunan haldır. Məncə,bundan sonrakı dönəmdə pandemiyanın gedişatını nəzarətdə saxlamaq günlük siyasət kimi nəzərdə tiutulmalı, gözlənilməz şərtlər ,hətta təcrid şəraitində belə fəaliyyət göstərə biləcək özünəməxsus səhiyyə sistemimizi qurmaq haqqında vacib addımlar atılmalıdır. Bu artıq dövrün çağırışına çevrilib. Necə ki ,sənaye 4,0 bir çağırışdır və bütün dünya bunun üzərində düşünür və necə ki ,bu pandemiyaya qarşı hər bir ölkə özü daxilində müəyyən özünəməxsus fəaliyyət ilə pandemiyaya qarşı mübarizə aparır , hesab edirəm ki, biz də artıq özünəməxsus səhiyyə sistemimizi qurmağımız üçün müəyyən addımlar atmalıylıq. Aydın məsələdir ki, xüsusən indiki halda proseslərə Azərbaycanda olan alimlərimiz, həkimlərimiz cəlb olunubdu . Amma həm də xaricdə olan alimlərimizin də- virusoloqların, qan üzrə mütəxəssislərimizin, toksiqoloqlarımızın, başqa sahənin mütəxəssislərinin, genetika ilə məşğul olan alimlərimizin virtual formada olsa da həftədə bir dəfə müşavirə keçirməsi mümkündür. Elektron formada artıq bir qərargahın yaranması mümkündür. Onlar yaşadıqları ölkələrdə olan təcrübəni bir-biri ilə bölüşərək Azərbaycanda bir sistemin qurulmasına kömək edə bilərlər. Bunu ölkədə yaradılmış qərargahın nəzdində ciddi şəkildə daimi fəaliyyət göstərən bir quruma da çevirmək mümkündür. İnternet üzərindən bu fəaliyyəti göstərmək məncə çətin deyil. Xüsusən molekulyar biologiya ,genetika ilə məşğul olan alimlərimizin axtarışlarını stimullaşdırmaq lazımdır. Biz başqalarından çox şey gözləməyək. Məsələn ,ikinci dünya savaşında Yusif Məmmədəliyevi örnək götürək. Oktan ədədi ilə bağlı etdiyi yenilik və ixtira ,reaktiv mərmilərin hazırlanması ilə bəlkə də dünyanın taleyini yaxşıya dəyişdi. Tibb sahəsindəki alimlərimiz də dərmanların tapılması, vaksinlərin hazırlanması üçün müəyyən işlər görə bilərlər .Artıq müəyyən tədbirlər görülməlidir ki, gələcəkdə biz bioloji silaha qarşı mübarizə mərkəzinin yaranması ilə bağlı indidən bir təməl qoyaq. Düşünürəm ki, gələcəkdə Müdafiə Nazirliyinin, və ya Fövqəladə Hallar Nazirliyinin nəzdində daimi və məxfi fəaliyyət göstərən belə bir mərkəzin olması vacibdir. Xüsusi xəstəxanaların yaradılması haqqında yəqinki düşüncələr vardır. Cənab Prezidentin yeni açılan xəstəxananı məhz pandemiyaya qarşı mübarizə üçün səfərbər olunmuş bir resurs kimi istifadəyə verilməsi təqdirə layiq bir haldır. Önləyici tədbirlərin görülməsi üçün bugünkü virusun yoluxmuş adamlardan materialların götürülüb kantenirlərdə yerləşdirib gələcəyə saxlamaq vacibdir. Gələcəkdə bu virusun özünün müəyyən qədər dəyişikliyə uğraması mutasiyadan sonra yeni növlərin ortaya çıxması məqamında bu lazım ola bilər. Biz müharibə aparan ölkəyik. Bizi təhdid edən şəraitlərdə biz bu materiallardan , bioloji silahlara qarşı işilədilə biləcək müəyyən dərmanların hazırlanması üçün istifadə edə bilərik .Hər halda sistemli tədbirlər görməliyik, hazırlığımız olmalıdır. Hesab edirəm ki, Azərbaycanda kifayət qədər güclü alimlər vardır. Azərbaycandan kənarda yaşayan xeyli alimlərimiz var k,i bu sahədə çalışırlar. Bu sahəni bilirlər. Ən ciddi qurumlarda çalışan adamlarımız vardır. Azərbaycan tərəfinin belə iradəsi vardır ki, Azərbaycan az itki ilə bu məsələdən çıxsın. Mən bu günkü çağırışımla əsasən qərargahın işini, görülən işləri təqdir edərək ,həm də gələcəyə- pandemiya sonrakı dönəmə hazır olmaq üçün iki məsələni gündəmə gətirməyə çalışdım:
Birinci, Dünyamızda insanlığa qarşı yaranmış sağlamlıq təhdidi və qlobal iqtisadi təhdid qarşısında bütün soydaşlarımızın umu küsülüləri bir kənara buraxıb milli həmrəyliyə gerçəkdən nail olmaq yollarını axtarmaq və buna gerçəkdən nail olmaq. Bütün resurslarımızı səfərbər eləmək çağırışı;
İkinci , həkimlərimizi, yuxarıda sadaladığımız sahənin mütəxəssislərini, bir mərkəzdə - kənarda olanları vitual vəziyyətdə, ölkədə olanları da real vəziyyətdə bir mərkəzdə toplayaraq gələcəkdə daim çalışan bir sistemin qurulması və gələcəkdə hər hansı xəstəliklərdən və yaxud da bioloji silah hücumlarından, təhdidlərdən müdafiə olunmaq üçün hazırlıqların başlanılması üçün artıq bir təməl qoyulmasının vacibliyi çağırışı.
Mən ola bilər ki, bu məsələlərdə mütəxəssis sözü deyə bilməyim ,amma bir vətəndaş kimi mütəxəssislərimizin öz sözünü deməyi üçün artıq bir zərurət yarandığını hesab edirəm. Hesab edirəm ki, toparlanaraq bu çağırışlara da cavab vermək vacibdir. Mən millətimi bir daha birliyə çağırıram. Mən bütün həkimlərimizə, polis əməkdaşlarımıza, qərargahın çağırışlarına əməl edən vətəndaşlarımıza, könüllülərə, siyasi baxışlarından asılı olmayaraq pandemiyanın çətinliklərini aradan qaldırmaq üçün təbliğat işi görən ictimai fəallara, hər kəsə təşəkkür edirəm və bir daha əminliyimi bildirirəm ki, biz birlikdə bütün bu çətinliklərdən çıxacağıq .Hamınıza sağlam həyat və xoş gələcək arzu edirəm.
Sağolun.

Həmin müraciətin videosunu təqdim edirik: