Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev: İran Ermanistan ilə qardaşı kimi davranır

Fərəc Quliyev: İran Ermanistan ilə qardaşı kimi davranır
Məlum olduğu kimi, bir neçə gün bundan əvvəl İranın işğalçı Ermənistana və işğal altındakı Azərbaycan ərazilərinə dəstəyi barədə məlumatlar yayılmışdı. Rəsmi Tehran bu informasiyaları təkzib etsə də, baş nazir Nikol Paşinyanın İrana təşəkkürünü bildirməsi bir daha sübut etdi ki, faktlar öz faktlığında qalır.

Qeyd edək ki, İranın Qarabağda separatçılarla bağlı fəaliyyəti, onlara yardım göstərməsi ilk dəfə deyil. Bundan əvvəl də bu cür faktlarla qarşılaşmışıq. Rəsmi Tehran isə bu faktları dolayısı ilə ya təkzib edir, ya da bunu bütün qonşu ölkələrlə normal münasibət yaratmaq siyasətindən doğduğunu və Azərbaycana qarşı yönəlmədiyini qeyd edir. O da məlumdur ki, Ermənistan İran üçün böyük bazar böyük bazar deyil.

Bəs İran niyə erməniləri sevir? İrəvana və Xankəndindəki qondarma quruma dəstək olmasının sirri nədədir?

MDHP rəhbəri Fərəc Quliyev məsələyə bu cür münasibət bildirdi: “İranın oturuşmuş siyasəti var. Bu dövlət heç bir zaman Quzey Azərbaycanın güclü dövlət olmasına maraqlı olmayıb. Biz hər zaman dövlət olaraq “sıfır problemli qonşuluq” siyasəti yürütmüşük. Çalışmışıq ki, bütün dövlətlərlə yaxşı münasibət quraq. İranın ən çətin vaxtlarında Azərbaycan ona qarşı elə davranıb ki, sanksiyalardan az əziyyət çəksin. Bu yaxınlarda şahidi olduq ki, İranın böyük yük TIR-ları Dağlıq Qarabağa yardımlar apardı. Sosial şəbəkələrdə yayılan məlumata görə Cəbrayıl istiqamətində Ermənistana çoxlu sayda daşımalar edilir. Oradan da Azərbaycan ərazisində talançılıqla məşğuldurlar.

Bir tərəfdən fətva verirlər ki, qəsb olunmuş torpaqlarda dəstəmaz almaq günahdır, digər tərəfdən isə qəsb olunmuş ərazilərdə separatçı rejim ilə davamlı əlaqə saxlayır, əməkdaşlıq edir, mədənlərimizi talanlayırlar.

Çoxlu sayda əsirlərimizin olduğunu bilər-bilə bir dəfə də olsun onlar barəsində məsələ qaldırmadılar və sairə.

Onların sadəcə bir məqsədləri var, Quzey Azərbaycan güclü olub, ayaq üstə dayanarsa bu, Güney Azərbaycan üçün stimul olacaq və bütöv Azərbaycan üçün addımlar atılacaq”.

Fərəc Quliyev qeyd etdi ki, Azərbaycan tərəfi İranın bu cür davranışlarına adekvat cavablar verməlidir: “Dövlət tərəfindən müəyyən məsələlərdə protokol qaydalarının gözlənilməsini başa düşürəm, amma hər halda ictimai təşkilatlar, siyasi partiyalar bu məsələlərdə sərt mövqe qoymalıdır. Hesab edirəm ki, bəzi açıq məsələlərdə, o cümlədən İranın işğal olunmuş ərazilərimizdə separatçı rejimə yardım göstərməsi faktları aşkarlandıqda Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən sərt reaksiya verilməlidir.

Bir daha qeyd edirəm ki, İranın bu siyasəti dəyişməyəcək. İran tərəfi nə qədər xoş mesajlar versə də, özünü həmişə İrəvanla qardaş kimi aparır və tez-tez bunu bəyan da edirlər. Hətta rəsmiləri birlikdə Azərbaycanın işğal olunmuş ərazilərində şəkil çəkdimərkdən belə çəkinmirlər. Ona görə də düşünürəm ki, müəyyən məsələlərdə adekvat davranmalıyıq”.

Xalidə Gəray/Musavat.com