Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Elçibəyi Kələkidə kimlər ziyarət etmişdi, Bakıda kimlər qalmışdı?

Elçibəyi Kələkidə kimlər ziyarət etmişdi, Bakıda kimlər qalmışdı?
1992-93-cü illərdə hakimiyyət başında olmuş Əbülfəz Elçibəyin bugünlərdə Kələkidə olarkən çəkilmiş fotoları sosial şəbəkələrdə yenidən yayılmağa başlayıb. Buna da səbəb “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun 27 il öncə eks-prezidenti ziyarət etdiyi zaman çəkdiyi video və fotoları paylaşması olub. Digər paylaşımlara da rast gəlinir.

Bu və ya digər kadrlardan görürük ki, Elçibəy 1993-cü il 17 iyunda Bakını tərk edib doğulduğu kəndə gedəndən sonra Xalq Cəbhəsi hakimiyyətində təmsil olunan əksər yüksək vəzifəli şəxslər, AXC rəhbərləri Kələkiyə üz tutublar. Maraqlıdır ki, o vaxt Elçibəyin komandasından kimlər Kələkiyə gedib, kimlər Bakıda qalıb? Ora gedənləri mərhum prezidentin özü çağırıb, yoxsa həmin şəxslər öz təşəbbüsləri ilə Kələkiyə gediblər?

AXC İcraiyyə Komitəsinin sədri olmuş, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev mövzudan bir qədər kənara çıxsa da, bəzi maraqlı məqamlara toxundu:


“Kələkiyə Elçibəylə ikimiz bir getmişik. Həbs olunana qədər onun yanında olmuşam. Ora şəkil çəkdirməyə çox adam gəlirdi. Bəyin yanında olan adamların o qədər də şəkilləri görsənmir. Fürsətdən istifadə edib bir şey demək istəyirəm. Bəylə fotosu olanlar arasında Cəmil Həsənli də var. Onun videomüsahibəsi yayılıb. Mən də baxmışam. Orada çox böyük rəzalət var. O qüvvələr Paşinyanı açıq şəkildə müdafiə edirlər. Mən sizinlə bir neçə gün öncəki müsahibəmdə hakimiyyət məsələsinə toxunub demişdim ki, ozamankı iqtidarda təmsil olunmamışam. Təəssüflər olsun ki, yüz minlərlə insanın əməyi ilə reallaşan xalq hərəkatından bəhrələnən bir qrup oldu. Onlardan da bəziləri ”Yurd" adı altında hakimiyyətdən bəhrələndilər. İnsanların əməyinə xələl gətirdilər. Bu gün də həmin qüvvələr o düşərgəyə xələl gətirməklə məşğuldurlar. Bu sözlərim çoxlarına aid deyil. Amma deyim ki, Kələkiyə gəlib Elçibəylə foto çəkdirib, sonradan başqa-başqa işlərlə məşğul olanlar da var idi. Həmin şəxslər Bəyə xəyanət etdilər. Kələkiyə kimlərin gəldiyi barədə konkret ad çəkmək istəmirəm.

Fərəc Quliyev: “Dünən Elçibəyin yanında durub, bu gün Paşinyanı tərifləyənə nə deyəsən?”


Bizim o zaman ortaya qoyduğumuz dəyərlər var idi. O dəyərlər üzərində Azərbaycan qurmaq istəyirdik. Sözlərim Arif Əliyev, Nəcəf Nəcəfov, Əli Məsimli, Sabit Bağırov kimi adamlara aid deyil. Cəmil kimi şəxslər bugünlər Paşinyanı açıq şəkildə müdafiə edirlər. Yaxınlarda Elçibəyin bir kadrı yayıldı. Orada deyirdi ki, mən Tehran və Moskva “çocuqları” ilə bir masada oturmaram. Amma bu gün gedib Moskvada bir qurum yaradıb Azərbaycana qarşı mübarizə aparırlar. Belə şəxslərin Elçibəylə çəkdirdikləri fotoları yaymağa dəyməz.
Elçibəy xalq hərəkatının lideri idi. Orada hər dünya görüşlü insan təmsil olunurdu. Bu günləri həmin təşkilatın adından istifadə edib erməni baş nazirini, onun ailəsini tərifləyən qüvvələr peyda olub. Belələrinə bir şərh də vermək lazım gəlmir. Dünən Elçibəyin yanında durub, bu gün Paşinyanı tərifləyənə nə deyəsən? Belə şəxslər Elçibəyin fotosu altında özlərini qorumağa çalışmasınlar. Onsuz da bunlar siz jurnalistlər tərəfindən araşdırılır və zaman-zaman kimin-kim olduğu ortaya çıxır. Elçibəyin yolunda çox adam var idi, amma yanında olanlar az idi. Bu gün də onun yolunda olanlara diqqət yetirmək lazımdır".

Cavanşir ABBASLI/“Yeni Müsavat”