Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Dünya Azərbaycanlıları Universiteti yaradılsın

Dünya Azərbaycanlıları Universiteti yaradılsın
Fərəc Quliyev: "Belə universitet yaradılarsa, o zaman dünyanın hər yerindən olan soydaşlarımıza müəyyən güzəştlər tətbiq oluna bilər"

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Güney Azərbaycandan olan tələbələrin problemlərinin həlli ilə bağlı Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova müraciət edib. Müraciətdə millət vəkili Güney Azərbaycandan olan tələbələrin Azərbaycan Respublikasında ali təhsil almasının əhəmiyyətinə diqqət ayıraraq dünya azərbaycanlılarının ortaq mədəniyyəti ilə bağlı təhsilin yalnız Azərbaycan Respublikasında mövcudluğunu bildirib: “Güney Azərbaycandan olan gənclərimiz ali təhsil almaq üçün Azərbaycana üz tutur. Onların Azərbaycan univetsitetlərində təhsil alması sadəcə öyrənmək məqsədi daşımır, həm də mədəniyyətimizi qorumaq üçündür. Nəzərə alsaq ki, Güney azərbaycanlılar yaşadıqları ölkədə öz dili, musiqi, tarix və ədəbiyyatları haqqında akademik təhsil ala bilmirlər, buna imkanları yoxdur, bu məsələnin necə həyati əhəmiyyət kəsb etdiyi daha da aydın olur”.

Sabir Rüstəmxanlı baş nazirə müraciətində Güneydən olan tələbə soydaşlarımızın problemlərini göstərərək Azərbaycan Respublikasının Güney azərbaycanlı tələbələr üçün ali təhsil şərtlərinə güzəşt edilməsinin vacibliyini bildirib: “Son illərdə Azərbaycan universitetlərində təhsil alan Güney azərbaycanlı tələbələrin bir çoxu təhsillərini yarımçıq qoyaraq geri dönürlər. Bunun da əsas səbəbi İranda iqtisadi vəziyyətin pisləşməsi və İran valyutasının dəyərdən düşməsi nəticəsində təhsil haqlarını ödəyə bilməmələridir. Azərbaycan Respublikasında təhsil alan güneyli tələbələrin problemlərinə dövlət səviyyəsində diqqət göstərilməli və onlar təhsil haqlarından azad edilməlidirlər. Bu, xalqımızın gələcəyi ilə bağlı çox böyük milli məsələdir və bu işə dövlətimizin dəstəyi bizim tarixi borcumuzdur”.

Mövzu ilə bağlı "Şərq"ə danışan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bildirib ki, indiki halda dövlət tərəfindən Güney azərbaycanlı tələbələrinə yardım edilməsi çox məqsədəuyğundur. O hesab edir ki, ilk olaraq Dünya Azərbaycanlıları Universiteti yaradılmalıdır:

"Belə universitet yaradılarsa, o zaman dünyanın hər yerindən olan soydaşlarımıza müəyyən güzəştlər tətbiq oluna bilər".

F.Quliyev bildirib ki, bu gün Güney Azərbaycanda olan soydaşlarımızın intellekt səviyyəsinin qaldırılması mühüm əhəmiyyət kəsb edir:

"Orada ziyalılarımızın, müəllimlərimizin və başqa kateqoriyadan olan soydaşlarımızın sayını artırmaq vacibdir. Çünki gələcəkdə orada Azərbaycana aid mədəniyyətin qorunub saxlanılması, həmçinin də gələcəkdə onların ziyalı insanlara təhvil verilməsinə çox ciddi ehtiyac var. Azərbaycan Prezidenti də həmişə bildirir ki, o, 50 milyonluq Azərbaycan xalqının prezidentidir. Ona görə də Güney azərbaycanlı tələbələrinə güzəşt olunmalıdır. Bu da soydaşlarımızda bir dövlətin himayəsinə sığınmasını təmin edəcək.

Hesab edirəm ki, bunun həm mənəvi, həm mədəni, həm də tarixi, elmi cəhətdən çox əhəmiyyəti var. İlk növbədə mədəniyyətimizi, tariximizi süni şəkildə parçalamaq cəhdinin qarşısı alacaq. İnanmıram ki, bu məsələ həyata keçərsə, kimsə buna qarşı olsun. Bu artıq siyasi məsələ deyil.

Mənəvi, mədəni, müstəqil olan bir məsələdir. Müəyyən say tərkibi ilə, müəyyən peşələrlə bağlı olaraq seçilmiş şəxslərə dövlət orqanları tərəfdən kömək olunması vacibdir. Bu, xalqımızın gələcəyi ilə bağlı çox böyük milli məsələdir".

Aynurə Pənahqızı