Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Rusiya səfirinin eks-prezident Levon Ter-Petrosyanla müəmmalı görüşü - Paşinyana nə hazırlanır…

Rusiya səfirinin eks-prezident Levon Ter-Petrosyanla müəmmalı görüşü - Paşinyana nə hazırlanır…
Fərəc Quliyev: “Əndişənin kökündə Azərbaycan-Türkiyə ittifaqının sarsılmazlığı, bizim Prezidentin milli iradə ortaya qoyaraq geri çəkilmək niyyətinin olmadığını nümayiş etdirməsi durur”

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Rusiyanın işğalçı ölkədəki səfiri Sergey Kopırkini öz malikanəsində qəbul edib. Erməni saytları bu haqda L.Ter-Petrosyanın lideri olduğu Ermənistan Milli Konqresi(”EMK”) partiyasının mətbuat xidmətinə istinadla məlumat yayıb. Bildirilir ki, sentyabrın 9-da Levon Ter-Petrosyan malikanəsində Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkinlə görüşüb.

2 saat davam edən görüşdə Ermənistan-Rusiya münasibətlərinin inkişafı, regional təhlükəsizlik və Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib. Görüşdə “EMK” partiyası sədrinin müavini Levon Zurabyan və Rusiya səfirliyinin üçüncü katibi İqor Ratuşnyak da iştirak edib.

Bu görüşdə hansı məsələlər müzakirə edilə bilər və Paşinyana qarşı hər hansı bir planın hazırlandığı müzakirə mövzusu ola bilərmi?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu görüş olduqca maraqlı məqamlardan xəbər verir:

“Çünki Ter-Petrosyan hakimiyyətdən məhz Rusiyanın əli ilə devrilib. Yadımdadır ki, Ter-Petrosyan Qarabağ münaqişəsinin həlli ilə bağlı maraqlı bir bəyanat vermişdi. Demişdi ki, biz indi Azərbaycanın şərtlərini qəbul edib müqavilələri bağlamasaq, gələcəkdə Bakı güclənəcək və vəziyyətimiz çox pis olacaq. Paşinyanın da onunla yaxın olduğu, hətta bir çox vacib məsələlərdə Petrosyanla məsləhətləşdiyi məlumdur. Bunu onların özləri də etiraf ediblər. Son zamanlar Ermənistandakı daxili vəziyyət çox gərgindir. Hər an istənilən hadisənin baş verə biləcəyi təxmin edilir. Görünən budur ki, ya Rusiya adı Qərbpərəst olan bu qüvvələri təmərküzləşdirib öz ətrafına bağlamaq istəyir, ya da Azərbaycan-Türkiyə tandemi qarşısında aciz vəziyyətdə qaldığı üçün bunu edir. Ola bilər ki, indidən hansı kompromislərə gedə biləcəklərini müzakirə edirlər. Rusiya son zamanlar tam əmin oldu ki, Türkiyə-Azərbaycan birliyi sarsılmazdır, kiminsə geri çəkilmək kimi fikri yoxdur. Bunun üçün də Rusiya axtarışdadır. Bütün hallarda, nə olursa-olsun, biz özümüzü bu məsələlərə kökləməli deyilik. Özümüzü inandırmayaq ki, Rusiya Ermənistanın daxilində nəsə dəyişiklik edə bilər. Hətta belə yenilik olsa belə, bunun bizə xeyri yoxdur. İndiki status-kvonun saxlanması Ermənistanın özündən daha çox Rusiyaya sərfəlidir. Biz bütün gedişlərimizdə Rusiyanın qarşımızda olduğunu bilməliyik. Münaqişənin belə qalmasını dəqiq bilib, öz üzərimizdə işləməliyik. Sabah ola bilər ki, orada yenə parlament gülləbaran edilsin. Hər cür dəyişikliyin baş verdiyini görmüşük, amma bunun Qarabağ məsələsinin həllinə zərrə qədər də təsiri olmayıb. Əksinə, get-gedə onlar daha da radikallaşırlar. Biz ağlarla oynamalıyıq. Artıq bizim Pakistan və Türkiyə kimi ölkələrlə yaxın müttəfiqlik müqavilələrimiz var. Bunları daha da dərinləşdirməliyik. Daxili sabitliyimiz mütləq təmin olunmalıdır. Hesab edirəm ki, Rusiya səfirinin bu addımlarının kökündə Moskvanın əndişəsi dayanır. Əndişənin də kökündə Azərbaycan-Türkiyə ittifaqının sarsılmazlığı, bizim Prezidentin milli iradə ortaya qoyaraq geri çəkilmək niyyətinin olmadığını nümayiş etdirməsi durur. Simptomlar göstərir ki, Ermənistan cəmiyyəti xəstədir, Rusiya da qorxur və bunu əməlləri ilə sübut edirlər. Petrosyan Qarabağ münaqişəsinin həlli ilə bağlı digər prezidentlərdən daha konstruktiv mövqeyə malik olub. Real situasiya, ola bilər ki, Rusiyanı kompromis addımlar atmağa vadar edir”.

İstənilən halda, baş verən proseslər münaqişənin həllində bir irəliləyişin ola biləcəyinə ümidlər yaradır. Biz mövqeyimizdə möhkəm olub, ərazilərimizin hansı yolla olursa-olsun azad edilməsində qətiyyətli davranmalıyıq.

Məhəmmədəli QƏRİBLİ