Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Minsk Qrupunun tam tərkibdə təcili toplantısının çağırılması beynəlxalq rəsmi rəyə çevrildi – Azərbaycan dedi, Türkiyədən dəstək gəldi, proses davam edir…

Minsk Qrupunun tam tərkibdə təcili toplantısının çağırılması beynəlxalq rəsmi rəyə çevrildi – Azərbaycan dedi, Türkiyədən dəstək gəldi, proses davam edir…
Fərəc Quliyev: “Qurum əlində olan imkanları indiyə qədər ona yönəldib ki, status-kvo qorunub saxlansın”

ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ məsələsi ilə bağlı toplantısı keçirilməlidir. Məlum olduğu kimi, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

XİN rəhbəri bildirib ki, Türkiyə Minsk Qrupunun təcili toplanması ilə bağlı təklif irəli sürüb. Çavuşoğlu, həmçinin, Ermənistanın Azərbaycanın mülki vətəndaşlarını öldürməsinin yolverilməz olduğunu diqqətə çatdırıb: “Beynəlxalq ictimaiyyət Ermənistandan işğal etdiyi ərazilərdən çıxmasını tələb etməlidir. Türkiyə Azərbaycanın verəcəyi istənilən qərarda onun yanındadır. Türkiyə bu günə qədər münaqişənin sülh yolu ilə həllini dəstəklədiyini dəfələrlə bəyan edib. Amma bu cəhdlərin nəticəsiz qalması Ermənistanı daha da cəsarətləndirdi. Ermənistan xüsusilə azərbaycanlı mülki əhalini hədəfə alır. Moskvadakı danışıqlardan əldə olunan humanitar atəşkəsdən sonra belə Ermənistan mülki əhaliyə hücum etməyə davam edir. Mülki əhali arasında xeyli sayda itki var”.

Həmsədrlərin münaqişənin həlli istiqamətində bu günə qədər konkret addım atmadıqlarına irad bildirən Çavuşoğlu qeyd edib ki, Minsk Qrupu olaraq 9+2 formatında toplantı keçirməkdə fayda var: “Bu gün həmin təkliflə çıxış etdik. Xüsusilə də həmsədrlər Minsk Qrupuna hesabat verməlidirlər. Bu günə qədər hansı işlər görülüb, nəyi edə bilməyiblər, münaqişə niyə həllini tapmayıb və s. məsələlərə aydınlıq gətirilməlidir. Artıq bu istiqamətdə addım atmağımız lazımdır. Münaqişənin həllinin tək yolu Ermənistanın Azərbaycan torpaqlarından çıxmasıdır”.

Onu da qeyd edək ki, bundan əvvəl Azərbaycan ATƏT-in Minsk Qrupunun Qarabağla bağlı təcili toplantısının çağırılması təşəbbüsü ilə çıxış edib. Artıq Türkiyə də bunu dəstəklədi. Çünki bunu zərurətə çevirən səbəblər var. Reallıq ondan ibarətdir ki, MQ-nin indiyədək bu yöndə olan fəaliyyəti səmərə verməyib. O üzdən, MQ təcili toplanmalıdır.

“Türkiyənin çağırışı doğrudur və ATƏT zəhmət çəkib təcili toplantı keçirməlidir”

Məsələyə münasibət bildirən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Türkiyənin məlum təklifini dəstəklədi. Onun fikrincə, buna ciddi ehtiyac var:

“Türkiyə hər zaman birmənalı şəkildə Azərbaycanı dəstəkləyib. Türkiyənin bütün çağırışları bölgədə sabitliyə xidmət edib. Bununla təkcə Azərbaycanın tərəfini tutmurlar. Onlar çox sadə şəkildə bildirirlər ki, ədalətsiz müharibəyə son qoyulsun. Bu da Prezident İlham Əliyevin çağırışına əməl olunmasından keçir. Sözügedən çağırış da çox sadədir. İşğalçı ordu Azərbaycanı tərk etsin və sülh yolu ilə məsələ öz həllini tapsın. Bu olmayacaqsa, o zaman Azərbaycan güc yolu ilə ərazilərini azad edəcək. Türkiyə istəyir ki, bu məsələdə hər kəs əlini daşın altına qoysun. ATƏT-in Minsk Qrupu 30 ildəki kimi davranmasın. Qurum əlində olan imkanları indiyə qədər ona yönəldib ki, status-kvo qorunub saxlansın. Bu, yolverilməzdir. Ona görə də Türkiyənin çağırışı doğrudur və ATƏT zəhmət çəkib təcili toplantı keçirməlidir. Ermənistan mülki əhalini hədəfə almaqda davam edir. Ancaq ATƏT-in Minsk Qrupu qarşı tərəfə bir dəfə olsun xəbərdarlıq etməyib. Ən yaxşı halda ünvansız ümumi çağırışlar edir. Bunun nəyi ədalətlidir? Hesab edirəm ki, Türkiyənin bu çağırışı haqlıdır. Nə yaxşı ki, Azərbaycanın bununla bağlı təşəbbüsünü Türkiyə dəstəkləyir. ATƏT-in Minsk Qrupu mənasız bir təşkilat olsa da, hər halda, ona mandat verildiyi üçün öz sözünü deməlidir. Çünki bu, təşkilatın borcudur”.

Partiya sədri hesab edir ki, Minsk Qrupu Dağlıq Qarabağ məsələsi ilə bağlı toplantı keçirib ortaya mövqe qoymalıdır.


Vidadi ORDAHALLI