Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Biz yeni oyuna getməyəcəyik

Biz yeni oyuna getməyəcəyik
"İstənilən danışıqlarda Türkiyə mütləq iştirak etməlidir"

Məsələn, 2+2, yəni Rusiya-Türkiyə, Azərbaycan-Ermənistan formatında müzakirələr aparıla bilər

ATƏT-in Minsk Qrupu ötən illər ərzində özünü doğrultmadığı üçün Azərbaycan Dağlıq Qarabağ münaqişəsini öz hərbi gücü hesabına həll etməyə başladı. 19 gündür Azərbaycan Ordusu təcavüzkar ermənilərə 30 ilə yaxındır danışıqlardan qaçmağın cəzasını verir, düşmənlə onların anladığı dildə danışır. Uğurlu hərbi əməliyyatların davam etdiyi dövrdə paralel olaraq danışıqların yeni formatı da müzakirə olunmaqdadır. Bir sıra ekspertlər vurğulayır ki, münaqişənin həlli üçün yeni format tapılmalı və Türkiyə bu prosesdə fəal iştirak etməlidir.

Çünki zaman göstərdi ki, problemin həlli üçün regiondan uzaqda olan dövlətlər deyil, məhz region ölkələri böyük töhfələr verə bilər. Türkiyə isə öz növbəsində Qarabağ probleminin həlli ilə bağlı Rusiya ilə çalışmağa hazır olduğunu bəyan edib. Rəsmi Ankara hesab edir ki, münaqişənin fundamental həllə ehtiyacı var və bu məsələni yubatmaq olmaz.

Bu yaxınlarda Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu da qeyd etdi ki, Rusiya Minsk Qrupunun üzvüdür və həm Azərbaycanla, həm də Ermənistanla əlaqələri var. Göründüyü kimi Çavuşoğlu açıqlamasında ABŞ-a, Fransaya deyil, məhz Rusiyaya müraciət edir. Rusiyanın Ermənistana ən güclü təsir vasitələrinə malik ölkə olduğunun hamımız fərqindəyik.

Ona görə də M.Çavuşoğlunun fikirləri Rusiyanın Paşinyan hökumətini sülhə məcbur etmək üçün öz imkanlarını işə salmaq çağırışı kimi başa düşülə bilər. Üstəlik, Rusiya region ölkəsidir və Cənubi Qafqazda strateji maraqları var. Lakin son zamanlar Türkiyə də Cənubi Qafqazda geosiyasi oyunçuya çevrilib.

O səbəbdən münaqişənin həllində Türkiyənin maraqlarının nəzərə alınması siyasi reallıqdır. Siyasi şərhçilər də qəbul edirlər ki, hazırda Cənubi Qafqazda əsas geosiyasi aktorlar Rusiya və Türkiyədir. Ona görə də Ankara və Moskvanın diplomatik müstəvidə anlaşması mümkündür. Eyni zamanda Türkiyə ilə Rusiya arasında razılaşma məsələlərində təcrübə var. Məsələ ondadır ki, münaqişənin həllinə dair beynəlxalq vasitəçilik mandatı ATƏT-in Minsk Qrupuna və həmsədr ölkələrə məxsusdur. Lakin hesab edilir ki, vasitəçilik mandatının Minsk Qrupunda olması vasitəçiliyin Türkiyə və Rusiya formatına keçməsinə mane olmur. Rusiya qrupun həmsədri, Türkiyə isə Minsk konfransının üzvüdür. Minsk konfransının təsis edilməsində Türkiyənin mühüm rolu olub. Beynəlxalq vasitəçilər bölgədə sabitliyin yaranmasında maraqlıdırsa, bütün metodlardan istifadə edilməlidir.

Münaqişənin həllində ortaya atılan yeni format müzakirələri ilə bağlı “Şərq”ə danışan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev xatırladıb ki, Türkiyə tərəfi Minsk Qrupu üzvlərinin toplantı keçirməsinə, həmsədrlərin hesabat verməsinə çağırış etsə də, əfsuslar olsun ki, reaksiya olmayıb. Partiya rəhbərinin sözlərinə görə, biz format dəyişikliyinə, danışıqlar prosesinin bərpa edilməsi söz-söhbətinə güvənib hərbi əməliyyatları saxlaya bilmərik:

“Öz işimizi davam etdirməliyik. Azərbaycan Ordusu cəbhədə düşməni sülhə məcburetmə əməliyyatı həyata keçirir. Ölkə Prezidenti Azərbaycanın mövqeyini açıq şəkildə bəyan edib ki, biz qan tökülməsini istəmirik, məsələnin dinc yolla həllinə tərəfdarıq, amma bir şərtlə. Hərbi əməliyyatlarda məqsədimiz işğalçıları torpaqlarımızdan təmizləməkdir.

Əgər vasitəçilər işğalçı qüvvələrin ərazilərimizdən savaşsız çıxmasını təmin edirlərsə, müəyyən qrafiklə torpaqlarımızı boşaltsınlar, biz də savaşı dayandıraq, başqa yol yoxdur.

Əks halda mənasız danışıq aparmaq, atəşi saxlayıb yenidən bəlli olmayan müddətə müzakirələrə başlamaq, düşmənə silahlanması üçün zaman vermək yolverilməzdir.

Ermənilər “humanitar atəşkəs” dövründə belə mülki şəxslərə qarşı ən təhlükəli raketlərdən istifadə etdilər. Bu qatillər uşaqlarımızı öldürdülər, yaraladılar”.

F.Quliyev indiki halda danışıqların səmərə verəcəyini düşünməsə də yeni formatla bağlı həm Türkiyənin, həm də Azərbaycan tərəfinin müəyyən təkliflərinin olduğunu bildirib:

“Rəsmi Bakı birmənalı qeyd edib ki, istənilən danışıq formatında Türkiyə mütləq iştirak etməlidir. Məsələn, 2+2, yəni Rusiya-Türkiyə, Azərbaycan-Ermənistan formatında müzakirələr aparıla bilər. Türkiyə onsuz da prosesin içindədir. Azərbaycan mütəmadi olaraq Türkiyə ilə məsləhətləşmələr aparır. Qardaş ölkə bizim adımızdan diplomatik savaşın iştirakçısıdır, bizə mənəvi dəstək verir. Minsk Qrupunun üzvü kimi Türkiyənin daha fəal olmağa haqqı çatır”.

Partiya sədri vurğulayıb ki, ermənilər torpaqlarımızdan çıxmağa razılıq verərsə, hərbi əməliyyatları davam etdirmək fikrində deyilik:

“Məqsədimiz işğalçıları torpaqlarımızdan atmaqdır. Necə çıxırlarsa, çıxsınlar. Dinc yolla getməkləri əlbəttə ki, düşmən üçün daha yaxşı olar. Fikrimcə, 2+2 formatı ilə problemi dinc yolla həll etmək mümkündür.

Ancaq yeni oyun oynamaq, “sülhməramlı” adı altında torpaqlarımıza ordu gətirmək heç kimin ağlının ucundan keçməsin. Dövlət başçısı birmənalı dedi ki, Azərbaycanın icazəsi olmadan heç bir dövlətin ordusu ölkəmizə ayaq basa bilməz. Sülhməramlı qüvvələr yalnız müharibə başa çatdıqdan sonra Azərbaycan-Ermənistan sərhədində ola bilər.

Qarabağda, Azərbaycanın hansısa bölgəsində xarici ölkənin qoşunları yerləşdirilə bilməz. Düşmən öz xoşu ilə ərazilərimizi tərk etməyəcəksə, onları müharibə ilə çıxaracağıq”.

İsmayıl Qocayev/sherg.az