Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Fərəc Quliyev Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, istiqlalçı deputat Fərəc Quliyev "17 Noyabr - Milli Dirçəliş Günü" münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:

“Hörmətli həmvətənlər!

Bu gün xalqımız 32 il əvvəl azadlığı uğrunda o dönəm dünyanın ən güclü dövlətlərindən biri hesab olunan Sovet İmperiyasına qarşı başladığı mübarizənin ildönümünü qeyd edir. 17 noyabr 1988–ci ildə xalqın meydanlara axışması ilə başlayan Milli Dirçəliş Hərəkatı vətənimizin bir hissəsində azadlıq əldə etməklə Cümhuriyyətimizin bərpasına, inkişafına və bu gün dövlətimizin ərazi bütövlüyünə nail oldu.
Azadlığı uğrunda dünyanın ən mübariz xalqı kimi 1988-ci ildə "İlin Xalqı" adlandırılan xalqımız, qələbə ilə nəticələnən Vətən Mühatibəsində daha güclü milli birlik nümayiş etdirdi. Dövlətimizin ərazilərinin bərpası xalqın Milli Dirçəlişinin ən parlaq zəfərlərindən biri kimi bu bayram təqvimini daha da əzəmətli edir. Bu qələbə və vətən uğrunda canından keçmiş bütün Şəhidlərimizin ruhları qarşısında baş əyirik.
Vətənimizin bütövlüyü, xalqımızın rifahı və dövlətimizin qüdrətli olması üçün milli dirçəlişə daim ehtiyac vardır. Biz də Milli Dirçəliş Hərəkatı Partiyası olaraq vətənimizin, dövlətimizin və millətimizin milli dirçəlişi yolunun yolçusu olmaqdan qürur duyuruq və xalqımızı “17 Noyabr - Milli Dirçəliş Günü” münasibətilə sədri olduğum Milli Dirçəliş Hərəkatı Partiyası üzvləri adından təbrik edirik!
Vətənimizi bütöv, dövlətimizi ən qüdrətli, xalqımızı firavan görmək nəsibimiz olsun!”

MDHP Mətbuat Xidməti