Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Gec də olsa, Paşinyanın Türkiyə və Azərbaycan seçimi - yeni oyun, ya dərk edilmiş reallıq…

Gec də olsa, Paşinyanın Türkiyə və Azərbaycan seçimi - yeni oyun, ya dərk edilmiş reallıq…
Fərəc Quliyev: “Paşinyan bu məsələdə bir qədər səmimi görünür”

Ermənistan baş naziri Nikol Paşinyan müharibə ilə bağlı istintaq komissiyası yaratmağa, xalq məhkəməsi qarşısına çıxmağa hazır olduğunu, lakin istefa verməyəcəyini deyib. Ermənistan KİV-nin verdiyi məlumata görə, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasında deyib.

İclasda Paşinyana sual verilib ki, "niyə düşmənin informasiya hücumlarına reaksiya vermir". Paşinyan cavabında müəyyən dəyişikliklərin baş verdiyini, azərbaycanlıların indi daha güclü olduğunu, buna görə də bu vəziyyətlə barışmaq məcburiyyətində qaldığını deyib. Bildirib ki,

Ermənistan Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmalı, təmas nöqtələri tapmağa çalışmalıdır.

Paşinyanın bu çıxışından iki nəticə çıxarmaq olar: ya o, gec də olsa reallığı dərk etməyə başlayıb, ya da hansısa yeni siyasi oyunun konfiqurasiyası istiqamətlərində addım atmaq üçün belə danışır. Bu versiyalardan hansını inandırıcı saya bilərik?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, hazırda Ermənistanın siyasi palitrasında qəribə düzüm var: “Paşinyanın istefasını istəyən qüvvələr, xüsusilə də siyasi liderlər ortaya Ermənistanın gələcəyi ilə bağlı hər hansı bir plan qoymurlar. Müxalifətin əksər hissəsinin dəstəklədiyi Manukyanın özünün də belə planı yoxdur. Sanki ideyaların deyil, fiqurların yarşışı gedir. Cəmiyyətdə də insanlar daha çox hansı fiqurun hakimiyyət başına gəlib-gəlməyəcəyini müzakirə edir. Ermənistanı bugünkü vəziyyətdən çıxara biləcək zehniyyət iş başına gəlməlidir. Onların sırasında Paşinyan nisbətən uğurlu fiqurdur. Çünki adamın bəlli yolu var. O, reallığı dərk edir və istəyir ki, müharibənin bütün təsirlərini aradan qaldırsın. Onun uzun illərdən bəri də mövqeyi belə olub ki, Ermənistan Dağlıq Qarabağdan çıxmalıdır, çünki oralar Azərbaycana məxsusdur. Onun siyasi lider kimi qəbul etdiyi Levon Ter-Petrosyanın da mövqeyi oxşar idi. Onların hansının iş başında olması bizə olan düşmənçiliklərini dəyişmir. Ancaq Paşinyanın konkret proqramı var. O, daha çox Rusiyadan uzaqlaşmaqda və Avropaya meyllənməkdə maraqlıdır. Həmçinin çalışır ki, postsovet məkanı ilə əlaqalər qursun, o cümlədən Azərbaycanla. Bu mövqeyinə görə ciddi təzyiq altındadır. Buna baxmayaraq, kursu yürütməkdə maraqlıdır. Paşinyan cəmiyyətdə sakitlik yaranandan sonra Qarabağ problemindən canını qurtarıb, Ermənistanı Rusiyasız inkişaf etdirmək istəyir. Bütün bunlarla bərabər, onun bir ehtiyat variantı da ola bilər. Rusiya ilə münasibətləri daha da yaxşılaşacağı halda istənilən təxribata əl ata bilərlər. Bütövlükdə biz ayıq-sayıq olmalıyıq. Səslənən bu fikirlər bizdə çox da arxayınlıq yaratmalı deyil. Baş verən hadisələr göstərir ki, Rusiya sülhməramlılarının SSRİ dönəmindən qalan xəritəyə istinad etməsi, Ermənistanın Qarabağda yenidən terrora əl atması vəziyyətin başqa məcraya yönəlməsinə də gətirib çıxara bilər. Paşinyan bilir ki, dağıdılmış ordu ilə yenidən müharibəyə başlamaq ona yaxşı nəsə vəd edən deyil. Bu səbəbdən də Azərbaycan və Türkiyə ilə əməkdaşlığı daha məqbul sayır”.

Ekspertin sözlərinə görə, Paşinyan bu məsələdə bir qədər səmimi görünür: “Amma istənilən halda, biz ehtiyatımızı əldən verməli deyilik”.


Məhəmmədəli QƏRİBLİ