Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev: Cənubi Qafqaz regionunun lideri olan Azərbaycan bölgədə yeni reallıqlar yaradıb

Fərəc Quliyev: Cənubi Qafqaz regionunun lideri olan Azərbaycan bölgədə yeni reallıqlar yaradıb
“Cənubi Qafqaz regionunun şəksiz lideri olan Azərbaycan bölgədə yeni reallıqlar yaradıb. Bakıda keçirilən Zəfər paradı isə ölkəmizin möhtəşəm qələbəsini əks etdirməklə yanaşı, Türkiyə-Azərbaycan dostluğu və qardaşlığının daha bir bariz nümunəsi oldu”.

Bu fikirləri “Yeni Azərbaycan”a açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib.

Partiya sədrinin sözlərinə görə, Zəfər paradı ilə Azərbaycan düşmənə və bütün dünyaya öz gücünü nümayiş etdirdi: “10 dekabrda keçirilən hərbi paradda döyüşlər zamanı qənimət götürülmüş və sıradan çıxarılmış düşmən texnikalarının nümayiş etdirilməsi də mühüm mesaj idi. İşğalçılar müharibə başlasa, tanklarla Bakıya gəlməklə hədələyirdilər, erməni tankları Bakıya gəldi, amma məğlub olmuş ordunun vurulmuş, ələ keçirilmiş döyüş texnikası kimi. Məhz bu baxımdan, Zəfər paradında işğalçı Ermənistanın silahlı qüvvələrinin darmadağın olunması faktı bir daha ortaya qoyuldu”.
“Azərbaycan Prezidenti İlham Əliyevin Vətən müharibəsində fərqlənən hərbçilərimizin təltif edilməsi, onlara rütbələrin verilməsi, şəhid ailələri və qazilərə qayğı göstərilməsi ilə bağlı sərəncamları da mühüm əhəmiyyət kəsb edir. Sözsüz ki, Birinci Qarabağ müharibəsindən sonra olduğu kimi, İkinci Qarabağ müharibəsindən sonra da şəhid olanların ailələrinə, qazilərimizə sosial məsələlərlə bağlı dövlət tərəfindən diqqət və qayğı göstəriləcək. Bütövlükdə isə, Azərbaycan xalqı Vətən müharibəsində nümayiş etdirdiyi möhtəşəm birliyi dövlətimizin gələcəyi naminə qoruyub saxlamalıdır”, - deyə F.Quliyev bildirib.

Qaşqay RAMAZANOV