Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Azərbaycanın hansı blokda olması ətrafında müzakirələr

Azərbaycanın hansı blokda olması ətrafında müzakirələr
Artıq heç kimlə dost olmamaq və ya heç kimlə düşmən olmamaq siyasəti yürümür...

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin “Yeni Müsavat”a müsahibəsində “ehtiyac olarsa, Qoşulmama Hərəkatından çıxa da bilərik” sözləri reaksiya doğurub.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev isə bildirdi ki, Azərbaycanın ittifaqlarda, bloklarda olması çox incə, həssas məsələdir:

“İstənilən müttəfiqlik münasibətləri, bloklara qoşulub-qoşulmamaq dövlətin, millətin təhlükəsizliyinə xidmət etməlidir. Bir dövr üçün tarazlığı saxlamaq baxımından Qoşulmama Hərəkatına üzvlüyümüzün əhəmiyyəti var idi. Amma artıq indi şərtlər dəyişib, yeni reallıqlar yaranıb və açıq şəkildə müttəfiqlərimizin, bizi istəməyənlərin kim olduğunu bildik. Hesab edirəm ki, artıq biz yeni formatlar haqqında düşünməliyik. Mütləq mövcud formatlarda yer tutmaqdan söhbət getmir. Bu gün Türkiyə-Pakistan-Azərbaycan birliyinin rəsmiləşdirilməmiş blok şəklində ortada olması onu göstərir ki, biz istəyir NATO olsun, istər KTMT olsun, onlarda yer tutmaqdan daha çox məhz qeyd etdiyim yeni formatın rəsmiləşdirilməsi haqqında düşünə bilərik. Azərbaycanın və Türkiyənin özünü Avropa evində görməsi vacib deyil. Əgər Avropa daha çox xristian dəyərlərinə əsaslanırsa, biz bir ”Turan bloku"nu modelləşdirə bilərik. Biz heç kimlə düşmən olmadan bu platformada toplanıb hansısa bloklarla, sadəcə, əməkdaşlıq edə bilərik. İndiki halda NATO-da təmsilçiliyimizin mümkünlüyünü təsəvvür eləmirəm. KTMT-də olmaq qətiyyən mümkün deyil. İndilikdə necə Rusiya Ermənistanla bir ortaq ordu yaradıbsa, biz də Türkiyə ilə ortaq ordu yaratmaqdan başlayıb Türkiyə-Azərbaycan-Pakistan olmaqla digər türk cümhuriyyətləri ilə bir yerdə özümüzü müdafiə eləməyimiz üçün bir blok yaratmağımız vacibdir. Qərb dəyərlərini də tətbiq etmək lazımdır, amma nəzərə almaq lazımdır ki, Türkiyə kimi dövləti uzun müddətdir Avropa evinə üzv etmirlər. Bloklara qoşulmama siyasətinin özündən artıq imtina eləmək lazımdır və qeyd etdiyim yaxın dövlətlərlə blok yaratmaq vacibdir. Mütləq deyil ki, köhnə bloklarla bir yerdə olasan. Azərbaycanın müharibədə qalibiyyəti yeni reallıqlar yaradıb. Artıq heç kimlə dost olmamaq və ya heç kimlə düşmən olmamaq siyasəti yürümür. Dünyanın bütün aparıcı dövlətləri də mövqe istəyirlər. Biz də mövqeyimizi ortaya qoymalıyıq və güclü olaraq özümüzü müdafiə eləyən blok qurmalıyıq".

Etibar SEYİDAĞA/“Yeni Müsavat”