Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Qərb Paşinyanın vaxtından əvvəl istefaya məcbur edilməsinə imkan verəcəkmi...

Qərb Paşinyanın vaxtından əvvəl istefaya məcbur edilməsinə imkan verəcəkmi...
Ermənistan əhalisinin 43,6 faizi baş nazir Nikol Paşinyanın istefa verməli olduğunu hesab edir. Erməni KİV-nin məlumatına görə, bu barədə "Gallup" agentliyinin keçirdiyi rəy sorğusunun nəticələrində qeyd olunub.

Ötən ilin noyabrında keçirilmiş rəy sorğusunda N.Paşinyanın istefasını 35 faiz respondent tələb edirdi. Son sorğuda isə rəyi soruşulanların 38,8 faiz baş nazinin işinə davam etməli olduğunu deyib, 17,6 faiz cavab verməkdə çətinlik çəkib. Bundan başqa, Qarabağ müharibəsi ilə bağlı rəy sorğusunda respondentlərin 32 faizi məğlubiyyətdə əvvəlki hökumətləri, 28,8 faizi isə Paşinyan hökumətini günahlandırıb.

Maraqlıdır, Qərb dairələri Paşinyanın vaxtından əvvəl istefaya göndərilməsinə imkan verəcəklərmi?

“Hakimiyyətə gəlmək istəyənlər Rusiyaya meylli qüvvələr olduğu üçün Qərb daha çox Paşinyanı müdafiə edəcək”

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, hələ bir müddət əvvəl Paşinyanın hakimiyyətdə qalacağı ilə bağlı proqnoz verib: “ Həmin vaxt bu proqnoza şübhə ilə yanaşanlar vardı. Burada söhbət bir fərddən getmir. Erməni cəmiyyəti hazırda iki cəbhəyə parçalanıb - müharibəni istəyənlər və istəməyənlər. Ermənistan cəmiyyəti 44 günlük müharibədə çox ağır itkilərə maruz qalıb və ciddi zərbə alıb. İdeologiyaları, milli istəkləri tamamilə alt-üst olub. Buna görə də onlar müharibədən çəkinirlər. Paşinyanın apardığı xətt də daha çox müharibədən imtina etməyə yönəlib. Hakimiyyətə gəlmək istəyən qüvvələr isə daha çox revanşist əhval-ruhiyyədədir. İşğal dönəmindəki status-kvonu bərpa etməyə çalışırlar. Ermənistan cəmiyyəti daha Rusiyaya güvənmir. Fikirləşirlər ki, yenidən müharibə başlasa, onlar meydanda tək qalacaq. Cəmiyyət Paşinyanı vəziyyəti sakitləşdirə biləcək bir şəxs olaraq müdafiə edir. Ancaq tədricən bu istək də gerçəkləşməyib deyə, həmin 35 faiz 43-ə çevrilib. İrəvan kommunikasiyaların açılması ilə bağlı konstruktiv mövqe tutarsa, Ermənistan cəmiyyəti birmənalı şəkildə Paşinyanı müdafiə edə bilər”.

Fərəc Quliyevin sözlərinə görə, Qərb dairələri Paşinyanı müdafiə edir və bundan sonra da müdafiə edəcək: “Çünki Paşinyanın əsas kadr bazasını “Sorosun uşaqları” təşkil edir. Bir də, hakimiyyətə gəlmək istəyənlər Rusiyaya meylli qüvvələr olduğu üçün Qərb daha çox Paşinyanı müdafiə edəcək. Paşinyanın uzun müddət yerində qalacağı qənaətindəyəm”.

Məhəmmədəli QƏRİBLİ