Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Njdenin heykəlinə görə ittihamlara Paşinyandan klassik cavab - Azərbaycanla münasibətlər daha vacibdir…

Njdenin heykəlinə görə ittihamlara Paşinyandan klassik cavab - Azərbaycanla münasibətlər daha vacibdir…
Fərəc Quliyev: “Yaxın zamanlarda Paşinyanın bizə yönəlik və ümumi sülh prosesinə ciddi töhfə verə biləcək digər müsbət addımlarının da şahidi olacağıq”

Erməni “Telegram” kanalları baş nazir Nikol Paşinyanın faşist Qaregin Njdenin Qarabağdakı heykəlinin sökülməsi barədə göstəriş verdiyini yazır. Yayılan xəbərlərdə qeyd olunur ki, Paşinyan özünün keçmiş mətbuat katibi Vladimir Karapetyan vasitəsilə məsələ ilə bağlı Azərbaycan tərəfi ilə razılıq əldə edib.

Bildirilir ki, Baş nazirin yaxın ətrafı onun bu qərarının ictimai rəydə mənfi əks-səda yaradacağı barədə Paşiyanı xəbərdar edib. O isə hazırda Azərbaycanla münasibətlərin ölkədaxili ictimai rəydən daha vacib olduğunu bildirib. Sosial şəbəkələrin erməni seqmentində yayılan məlumatları nə dərəcədə əsaslı saymaq olar?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanda hazırda iki zehniyyətin davası gedir: “Biz müharibənin bitməsindən sonra bunu aydın hiss edirik. Eyni ab-hava Qarabağdakı erməni qalıqlarının arasında da hiss olunur. Bir tərəfdə revanşıstlər və müharibə tərəfdarlarıdır, digər tərəfdə isə müharibəni istəməyənlər. Müharibə əleyhdarları Paşinyanın elektoratı sayılır. Hər iki tərəf İrəvanda kütləvi aksiyalar keçirib. Ora toplaşan insanların sayı Paşinyan tərəfdarlarının çoxluğunu isbatlayır. Burdan da belə nəticə çıxır ki, Ermənistanda müharibəni istəməyənlərin sayı alterantiv zehniyyəti üstələyir. Paşinyanın atdığı konkret addımlar da sübut edir ki, o, ölkəsini müharibədən uzaqlaşdırmağa çalışır. Növbəti ilin dövlət büdcəsində müdafiə xərclərinə ayrılan vəsait əhəmiyyətli dərəcədə azaldılıb. Bütün bunların fonunda Qarabağdakı heykəlin götürülməsi və başqa müsbət addımların atılacağını gözləmək olar. Paşinyan israrlıdır ki, Türkiyə və Azərbaycanla açılıma nail olsun və kommunikasiyalar işləməyə başlasın. O, Ermənistanın gələcək nicatını bunda görür. Doğru olaraq qeyd edilir ki, o bu məsələdə, daxili ictimai rəydən daha çox, Azərbaycana yönəlik yaxşı jestlərin çox olmasını düşünür”.

Partiya sədrinin sözlərinə görə, Paşinyan öz komandasını da bu düşüncə əsasında yeniləyir: “Daha çox müharibə istəməyənləri ətrafına toplayır. Revanşist düşüncəli adamları isə kənarlaşdırır, hətta cəzalandırmaq yolunu belə tutur. Söhbət Ermənistanda olan qatı müharibə tərəfdarlarının siyasi səhnədən kənarlaşdırılmasından gedir. Qarabağın özündə də Vitali Balasanyan və ona bənzər düşəncədə olan adamlar var. Mən hesab edirəm ki, yaxın zamanlarda Paşinyanın bizə yönəlik və ümumi sülh prosesinə ciddi töhfə verə biləcək digər müsbət addımlarının da şahidi olacağıq”.

Məhəmmədəli QƏRİBLİ