Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Qələbə strategiyası: “Bu, 44 günün nəticəsi deyil, illərlə çəkilən zəhmətin bəhrəsidir” - PARTİYA SƏDRİ

Qələbə strategiyası: “Bu, 44 günün nəticəsi deyil, illərlə çəkilən zəhmətin bəhrəsidir” - PARTİYA SƏDRİ
Azərbaycan hərbi gücünü 44 günlük Vətən müharibəsində əyani şəkildə göstərdi.

Bu gücü işğalçı Ermənistan birbaşa öz təcrübəsində, dünya isə əyani şəkildə gördü. Azərbaycan həm də bununla aqressorlara bir ismarış vermiş oldu ki, suverenliyimizə, müstəqilliyimizə, ərazi bütövlüyümüzə qarşı atılacaq hər hansı bir addım qarşısında bu gücü görəcəklər.

Təsadüfi deyil ki, dünya mətbuatında hələ də Şuşa döyüşlərindən yazılır, Azərbaycan ordusunun yazdığı savaş tarixi müzakirə olunur.

Bu, eyni zamanda düşünülmüş, planlı fəaliyyətin məntiqi nəticəsi idi. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan istənilən təxribata cavab vermək iqtidarındadır.

Prezidentin işğaldan azad edilən torpaqlara səfər zamanı etdiyi çıxışlarda səsləndirdiyi fikirlər, hərbi strateq kimi aparılan döyüş əməliyyatlarına aydınlıq gətirməsi Ali Baş Komandan kimi hərbi strateq olduğunu sübuta yetirir.

Ölkə başçısının Dağlıq Qarabağ və Ermənistanla bağlı kəşfiyyat məlumatlarına malik olduğunu deməsi də aqressora ünvanlanan ciddi mesaj və xəbərdarlıqdır. Prezidentin çıxışı göstərir ki, Azərbaycan təkcə hərbi gücə, ordu quruculuğuna deyil, eyni zamanda dəqiq kəşfiyyat məlumatlarına sahib ola bilən güclü bir dövlətdir. Dəqiq kəşfiyyat məlumatlarının savaş meydanındakı rolu heç kimə sirr deyil. Düşmən haqqında dəqiq informasiya döyüşün böyük ölçüdə taleyinin həlli deməkdir.

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Cebhe.info-ya açıqlamasında deyib ki, Prezidentin kəşfiyyat məsələləri ilə bağlı səsləndirdiyi fikirlər çox ciddi məqamlardır:

“Hesab edirəm ki, əslində müharibənin taleyini elə bu məlumatlar həll etdi. Çünki yanlış informasiya və kəşfiyyat məlumatı olarsa, hədəflər, qüvvələr nisbəti müəyyənləşə bilməz. Biz xeyli əvvəl dövlət olaraq ciddi işlər görmüşdük. Əslində Azərbaycanın kosmos dövlətləri sırasına qatılması, öz peykimizin olması çox mühüm məsələ idi.

Bütün əməliyyatları zamanı Azərbaycan peyklərinin imkanlarında istifadə olunub. Xeyli əvvəl Dövlət Təhlükəsizlik Xidmətində aparılan dəyişikliklər də ölkəmizin xeyrinə oldu. Yeni rəhbərlik, xüsusilə də hörmətli generalımız Əli Nağıyev- o, həm də Birinci Qarabağ Savaşında döyüşçü olub- Prezientin əmrlərini, göstərişlərini çox dəqiq, sərrast yerinə yetirməklə böyük töhfə verdi. Bu struktur ümumiyyətlə, imicini xeyli dərəcədə yaxşılaşdırıb.

Bir müddət əvvəl bu sahədə vəziyyət olduqca pis idi. Amma bu savaş zamanı həm ordunun, həm də DTX-nin kəşfiyyat xidmətinin fəaliyyəti göstərdi ki, kadrlardan çox şey asılıdır”.

Partiya sədrinin fikirncə, Ali Baş Komandanın hərbi strateq olması ölkəmizə istədiyimiz nəticəni qazandırdı:

“Prezident çıxışlarında dəfələrlə bildirdi ki, bizi aldada bilməzsiniz, biz bilirik, hansı dövlətlər hansı marşrutla Ermənistana silah yardımı edir, onlara qapılarını açır. Əslində Ali Baş Komandanın bu proseslərə uzun müddətdir hazırlaşdığından cəmiyyət bir qədər az məlumatlıdır. Prezident 2008, 2013, 2015, 2018-ci ildə savaşa hazırlıqla bağlı mərhələləri bitirmişdi, savaş üçün tamamilə səfərbər olmuşdu. Bəzi qüvvələr, xüsusilə də “beşinci kolon”, kənarda olanlar Azərbaycanın heç bir halda savaş aparmayacağını iddia edirdi. Amma bizdə ciddi məlumatlar var idi ki, hazırlıqlar görülür. Qlobal şərtləri, kəşfiyyat məlumatları ilə zamanın bizə uyğun olmasını gözlədik.

Kəşfiyyat xidmətlərinin gördüyü bu işlərdən sonra da bütün bu hesablamalar doğru zamanlamaya gətirib çıxartdı. Ali Baş Komandanın iradəsi ortada idi, iqtisadi güc, silahlar, dronlar, yaxşı heyətin, xüsusi təyinatlıların hazırlanması çox mühüm məsələlər idi. Nəzərinizə çatdırım ki, bir ara hətta xüsusi təyinatlıların ləğv olunması ilə bağlı təşəbbüs qaldırılmışdı, Ali Baş Komandan onun qarşısını aldı. Bütün bunlar onu göstərir ki, çox ciddi hazırlıqlar gedirdi. Əldə olunan nəticə 44 günün nəticəsi deyil, illərlə çəkilən zəhmətin bəhrəsidir. Müharibənin taleyində informasiyanın olması, düşmənin qiymətləndirilməsi, düşmənin müttəfiqlərinin onlara verdiyi dəstək, bizim imkanlarımız, daxildəki məsələlərimizi bilmək çox vacib məsələ idi. Bütün bunlar kompleks şəkildə nəzərə alındı. Ali Baş Komandanın çox ciddi şəkildə ölçü-biçili zamanlaması ölkəmizə qələbəni qazandırdı”.

Vilayət Muxtar/Cebhe.info