Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Əgər Rusiya Ermənistana “İskəndər-M” verməyibsə…

Əgər Rusiya Ermənistana “İskəndər-M” verməyibsə…
Fərəc Quliyev: «Azərbaycan ərazisində “İskəndər-M” raketinin qalıqlarının tapılması faktını təkzib etmək absurddur»

“İşğaldan azad edilmiş Şuşa şəhərində və onun ətrafında həyata keçirilən minatəmizləmə tədbirləri zamanı böyük dağıdıcı gücə malik “İskəndər-M” raketinin qalıqlarının tapılması olduqca ciddi faktdır”. Bu fikirləri qəzetimizə açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib.

Partiya sədrinin sözlərinə görə, Azərbaycan ərazisində “İskəndər-M” raketinin qalıqlarının tapılması faktını təkzib etmək absurddur: “Məlum olduğu kimi, Rusiya Ermənistana “İskəndər-M” raketinin sadələşdirilmiş variantı olan və 280 km məsafəyədək uçan “İskəndər-E” raket kompleksi verib. Onunla müqayisədə daha çox dağıdıcı qüvvəyə malik başlığı olan və 500 km-dək məsafə qət edə bilən “İskəndər-M” raket kompleksi isə satışda yoxdur. Əgər Rusiya Ermənistana “İskəndər-M” raket kompleksi verməyibsə, Şuşada həmin raketin qalıqlarının tapılması necə izah oluna bilər? Bu halda, müharibədən öncə və döyüşlər zamanı Ermənistana silahların qeyri-qanuni ötürülməsi, habelə bu prosesdə erməni əsilli Rusiya vətəndaşlarının iştirakı barədə yayılan məlumatları bir daha yada salmalı oluruq. Onu da qeyd edim ki, raket qalıqları tapılmayana qədər Azərbaycan tərəfi kifayət qədər təmkin nümayiş etdirib. İndiki vəziyyətdə dövlətimiz bu məsələyə aydınlıq gətirilməsində israrlı olacaq”.

F.Quliyev deyib ki, Ermənistan kimi ölkəyə müasir silahların verilməsinin neqativ nəticələrini biz 44 günlük müharibə dövründə gördük: “Vətən müharibəsi zamanı Ermənistanın Gəncə, Bərdə, Tərtər şəhərlərini böyük dağıdıcı qüvvəyə malik raketlərlə atəşə tutması faktı ortadadır. Buna görə qarşı tərəf bütün hərbi cinayətlərə cavab verməlidir. Ermənistan tərəfindən qadağan olunmuş silahlardan, o cümlədən fosforlu, kasetli bombalardan istifadə olunması bu dövlətin silahsızlaşdırılması məqsədilə Azərbaycan tərəfinin silahlardan istifadəyə nəzarət edən beynəlxalq qurumlar qarşısında məsələ qaldırması üçün əsas verir”.

Bilman İSAQ/azadaz.com