Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Paşinyan Lavrovun gəliş məqsədlərinə bütünlüklə "hə" dedi…

Paşinyan Lavrovun gəliş məqsədlərinə bütünlüklə "hə" dedi…
Fərəc Quliyev: “Paşinyan demək istəyir ki, onlar bölgədə fərqli mənzərə yaratmaq istəsə də, mane olanlar var”

Ermənistan Dağlıq Qarabağla bağlı 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli razılaşmaları yerinə yetirmək üçün hər cür səy göstərməyə hazırdır. Bunu cümə axşamı Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Rusiya Xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı deyib.

O, ATƏT-in Minsk Qrupu həmsədrlərinin təklif etdiyi prinsiplər əsasında qəti tənzimləməyə nail olmaq üçün Ermənistanın sülh prosesinin bərpasına dair mövqeyini təsdiqləyib.

Baş nazir dəfələrlə sınaqdan keçmiş Ermənistan-Rusiya münasibətlərinin möhkəmlənməsi faktını da xüsusi vurğulayıb:

"Rusiyanın səyləri sayəsində hərbi əməliyyatları dayandırmağa nail olduq. Bu gün sülhməramlıların Qarabağda olması o bölgənin təhlükəsizliyinin möhkəm zəmanətidir. Prezident Putinin sülhün əldə olunmasında rolunu və Qarabağın normal həyatı üçün şərait yaratmaq səylərini xüsusilə qeyd etmək istərdim”.

Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistana işgüzar səfər edib və Ermənistan rəsmilərilə danışıqlar aparıb. Göründüyü kimi, Paşinyan Lavrovla görüşdə üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməyə hazır olduğunu bildirib. Ancaq biz görürük ki, Paşinyan əslində bu yöndə ciddi addımlar atmır. Bu ikiüzlülüyün səbəbini nə ilə izah edə bilərik?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bununla Paşinyan həm Azərbaycana, həm də dünyaya mesaj verdi: “Demək istəyir ki, bəzi məsələlərdə konstruktiv davranmaq istəyirlər, sadəcə, onlara mane olurlar. Bu gün Lavrov “Zəngəzur dəhlizi”nin açılması ilə bağlı maraqlı fikir işlətdi. Dedi ki, bu məsələ zorla həll edilə bilməz, Ermənistan tərəfinin mütləq razılığı olmalıdır. Bu onu deməyə əsas verir ki, bəzi öhdəliklərin yerinə yetirilməməsinin səbəbi İrəvandan deyil, Moskvadan qaynaqlanır. Paşinyan demək istəyir ki, onlar bölgədə fərqli mənzərə yaratmaq istəsə də, mane olanlar var. Paşinyan gerçəkdən kommunikasiyaların bərpasında maraqlıdır. Azərbaycan iqtidarı bir çox məqamların üstünü hələ açmır. Bu, həm də bir seçki texnologiyası sayıla bilər. Seçkidən sonra əslində nə baş verdiyi üzə çıxacaq. Paşinyanın və Ermənistanın əməkdaşlığa getməkdən başqa yolu da qalmayıb. Rusiya buna mane olmağa çalışacaqsa, bölgədən daha tez getməli olacaq. Seçkidən sonra proseslərin daha normal və daha açıq müstəviyə keçəcəyi gözlənilir”.

Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com