Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Azərbaycan-Ermənistan sərhəd demarkasiyasına münasibətdə Rusiya bir, ABŞ tam fərqli mövqedə... Azərbaycan nə edəcək...

Azərbaycan-Ermənistan sərhəd demarkasiyasına münasibətdə Rusiya bir, ABŞ tam fərqli mövqedə... Azərbaycan nə edəcək...
Fərəc Quliyev: “Azərbaycanın seçimi beynəlxalq qanunlara əsaslanaraq, məsələni ikitərəfli qaydada həll etməkdən ibarət olmalıdır”

ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Prezident İlham Əliyevə zəng edib. Tərəflər arasındakı telefon danışığında ikitərəfli münasibətlər barədə məmnunluq ifadə edilib.

Bu münasibətlərin hər iki dövlət və bölgə üçün sülh və təhlükəsizliyin təmin edilməsi baxımından əhəmiyyəti qeyd olunub. Ceyk Sallivan Azərbaycan-Ermənistan sərhədində yaşanan son gərginliklə bağlı narahatlığını bildirib və bu kimi fikir ayrılıqlarının sülh yolu ilə həll olunmasının vacibliyini vurğulayıb. O, həmçinin, beynəlxalq sərhədin demarkasiyası üçün tərəflərin konstruktiv müzakirələrinə ehtiyac duyulduğunu vurğulayıb. Ceyk Sallivan ABŞ-ın bölgədə barışığın əldə olunmasına sadiqliyini ifadə edib.

Maraqlıdır ki, Rusiyanın bu məsələdəki mövqeyi ABŞ-dan kəskin fərqlənir. Rusiya Federasiyası Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində İrəvana və Bakıya sərhəddəki vəziyyətin həllində kömək təklif edib. Bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov Tacikistan Xarici işlər naziri Sirociddin Muhriddin ilə keçirdiyi mətbuat konfransında deyib. XİN rəhbəri bildirib ki, Rusiya sərhəd demarkasiyası üzrə Ermənistan-Azərbaycan birgə komissiyasının yaradılmasının tərəfdarıdır və bu məsələdə vasitəçi olmağa hazırdır.

Göründüyü kimi, sərhəddə yaranmış gərginliklə bağlı dünyanın iki supergücünün tam fərqli mövqeyi var. Biri vasitəçiliklə üçtərəfli format, digəri isə ikitərəfli görüş təklif edir. Azərbaycan belə vəziyyətdə nə etməlidir?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan bu cür məsələlərdə hər kəsi dinləməli, lakin öz dövləti maraqlarına uyğun olan addımları atmalıdır: “Heç kimi dinləməmək də olmaz. Hər kəsə qulaq asmalıyıq. Ancaq heç bir təklif də Quran ayəsi deyil. Azərbaycanın bölgə gücünə çevrildiyini hamı qəbul edir. Biz müstəqil ölkə kimi davranmaq gücündəyik. Diplomatiyada bu daha da rahatdır. Bu cür məsələləri Ermənistanla Azərbaycan öz aralarında həll etməlidir. Burada Rusiyanın vasitəçiliyi və başqalarının məsləhəti bizə lazım deyil. Ermənistan məğlub edilmiş ölkədir. Artıq bu məğlubiyyətdən doğan hansı nəticələr varsa, ona qatlanmaq məcburiyyətindədir. Biz hələ maksimalist davranışlar orataya qoymuruq. Biz mövcud olan sərhədləri sahmana salmağa başlamışıq. Çünki SSRİ dönəmində belə sərhədlər yox idi. Sərhədlərin haradan keçdiyi bütün xəritələrdə var. Bu məsələdə vasitəçilyə nə ehtiyac var ki? Bu ad altında yenidən bölgəyə gəlməyə cəhd var. Belə vasitələrlə tərəflərə təsir etmə imkanlarını əldə edirlər. Azərbaycanın seçimi beynəlxalq qanunlara əsaslanaraq, məsələni ikitərəfli qaydada həll etməkdən ibarət olmalıdır”.


Məhəmmədəli QƏRİBLİ/bakixeber.com