Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Bir Şuşa məktəbi üstündə Türkiyə -Azərbaycan münasibətlərində gərginlik axtarmaq cəhdləri...

Bir Şuşa məktəbi üstündə Türkiyə -Azərbaycan münasibətlərində gərginlik axtarmaq cəhdləri...
Fərəc Quliyev: “Belə üsullarla kimsə iki qardaş ölkənin münasibətlərinə kölgə sala bilməyəcək”

Türkiyənin Milliyytçi Hərəkat Partiyasının (MHP) sədri dövlət Bahçelinin Şuşa şəhərində inşa etdirmək istədiyi məktəblə bağlı məsələyə tam fərqli kontekstdən yanaşıb, məsələni gərginləşdirmək istəyənlər var. Dövlət bəyin bununla bağlı sosial şəbəkələrdə etdiyi paylaşıma tam fəqrli rəylər verilir.

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev açıqlamasında deyib ki, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli tərəfindən hədiyyə olaraq Şuşa şəhərində Üzeyir Hacıbəyli adına incəsənət məktəbinin inşa edilməsi təşəbbüsü Azərbaycan tərəfdən minnətdarlıqla qarşılanıb.

Hikmət Hacıyev qeyd edib ki, Prezident İlham Əliyev mayın 27-də Türkiyənin milli təhsil nazirini qəbul edən zaman Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Şuşaya gözlənilən səfəri çərçivəsində Türkiyə tərəfindən təklif edilmiş bir hədiyyə kimi məktəbin təməlqoyma mərasiminin proqramda əksini tapdığını bildirib:

“Mütəxəssislər səviyyəsində incəsənət məktəbi binasının memarlıq layihəsinin Şuşa şəhərinin özünəməxsus arxitektura üslubuna uyğunlaşdırılması məqsədilə işçi müzakirələrin aparılması təklif olunub.

Bu xoşniyyətli təşəbbüsün məqbul görülməməsi əsla müzakirə mövzusu deyildir. Məsələnin mahiyyəti barəsində tam dolğun məruzə olunmamasının anlaşılmazlığa səbəb olduğu istisna edilməyə bilər. Əminik ki, qarşılıqlı anlaşma şəraitində texniki memarlıq xarakterli məsələlər işçi səviyyədə həll olunaraq, Üzeyir Hacıbəyli adına Şuşa incəsənət məktəbinin tezliklə inşasına başlanılacaq”.

Qeyd edək ki, Dövlət Bahçeli tvitter hesabında paylaşım edərək, sözügedən məktəbin layihəsinin Azərbaycan tərəfindən uyğun görülmədiyini, fərqli layihə hazırlandığını bildirib. O, bunu anlayışla qarşıladığını qeyd edib.

Göründüyü kimi, məktəbin tikilməsilə bağlı heç bir ciddi siyasi fikir ayrılığı yoxdur. Hansısa texniki bir məsələ ilə bağlı dəqiqləşdirmənin aparılması zərurəti ortaya çıxıb. Belə olan təqdirdə, mövzunu iki ölkə arasında soyuqluğun yarandığı kimi qələmə vermək nə dərəcədə doğru və məntiqlidir?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, belə məsələləri müəyyən qüvvələr bizim ziyanımıza istifadə etməyə çalışır: “Azərbaycanın və Türkiyənin daxilində iki ölkə arasındakı münasibətlərə kölgə salmaq istəyən qüvvələr az deyil. Hətta biz görürük ki, parlamentimizdə belə Rusiyanın, İranın mövqeyini açıq dəstəkləyən, Türkiyəyə qarşı gedən deputatlarımız var. Siyasi palitrada da belə mövqedə olanlar az deyil. Türkiyənin daxilində də belə adamlar var. Bunlar istəyirlər ki, məsələni şişirtsinlər. Həm də reginonda marağı olan böyük dövlətlərin də istəyi var ki, məsələni böyütsünlər. Həm də istəyirlər ki, Türkiyənin regionla bağlı siyasi və iqtisadi maraqları təmin edilməsin. Bugünlərdə Prezident Türkiyənin nazirini qəbul edəndə bildirdi ki, həmin məktəblə bağlı işlər gedir, hətta təməlqoymanın protokola salındığını bildirdi. Hər hansı sahədə narazlıq görəcəklərsə, iki ölkə arasındakı münasibətləri korlamağa çalışacaqlar. Dövləti sevən insanlar bu cür məsələdə tələskənlik etməməlidir. Belə üsullarla kimsə iki qardaş ölkənin münasibətlərinə kölgə sala bilməyəcək. Bizim ortaq gələcəyi müəyyənləşdirən doktrinimiz var. Bu yolda inamla hərəkət etməliyik”.

Məhəmmədəli QƏRİBLİ/bakixeber.com