Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Şuşa Bəyannaməsinə dəstək bəyanatına qarşı çıxanlara sərt cavab

Şuşa Bəyannaməsinə dəstək bəyanatına qarşı çıxanlara sərt cavab
Ötən həftə Azərbaycanda fəaliyyət göstərən 48 siyasi partiya “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlaqədar bəyanat imzalayıblar. Sənədə imza atan siyasi partiyaların təmsilçiləri müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirən Şuşa Bəyannaməsinin mühüm tarixi və strateji əhəmiyyət kəsb etdiyini bəyan ediblər. Bildirilir ki, bəyannamədə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi xüsusi yer tutur.

Bəyanata AXCP və Müsavat Partiyası imza atmayıb. İmza atmış partiyaları, xüsusən də müxalifət partiyalarını isə sərt tənqid edirlər və bəziləri hətta “satqın” adlandırırlar. Fikirlərini isə həmin partiyaların sədrlərinin bəyanat layihəsini oxumadan imzalaması, bəyanatda “Ümummilli lider Heydər Əliyev” ifadəsinin əksini tapması ilə izah edirlər. Saytlarda və sosial şəbəkədə sözügedən bəyanatı imzalayanlara qarşı ağır ittihamlar irəli sürürlər.

Fərəc Quliyev: “Belə satqınların üzərinə getmədikcə, bunların ipini çəkmədikcə hədlərini aşırlar”

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin cavabı isə daha sərt oldu:

“Şuşa Bəyannaməsini müdafiə edən bəyanata imza atanları satqın adlandıran adamlar 2013-cü ildə Moskvada Cərrahiyyə İnstitutunda Rusiya dumasının rəhbəri Volodinin iştirakı ilə Milli Şura yaratmışdılar. Razılaşmışdılar ki, müvəqqəti olaraq Rüstəm İbrahimbəyov Azərbaycana prezident gətirilsin, sonra isə Abbas Abbasov. Həmçinin razılaşmışdılar ki, onlar Dağlıq Qarabağda ikinci erməni dövlətinin yaranmasına etiraz etmirlər. Satqınlıq budur, satqınlıq başqa dövlətin əlində maşa olmaqdır. Maşa olmağı özlərinə rəva bilənlərə o dövrdə maliyyə dəstəyini Milyarderlər İttifaqı verirdi. İndi həmin bu maşalar 48 siyasi partiyanın Şuşa Bəyannaməsini dəstəkləyən bəyanata imza atmasını kolxoz yanaşması adlandırırlar. Kolxozu Lenin qurmuşdu. İndi isə kolxozdan danışan bu şəxslərin kolxozunu 2013-cü ildə başqa bir Volodya-Volodin qurmuşdu.

Bu gün 30 ilə yaxın işğalda olan Şuşa azad olunubsa və Şuşa Bəyannaməsində illərlə çalışdığımız, təhtəlşüura oturtmaq istədiyimiz Turançılıq, türk dünyasının birliyi, asayişi birgə mühafizə qüvvələrinin yaradılması kimi məsələləri özündə ehtiva eləyən müddəalar varsa, bunu müdafiə etməməliyik?! Bunun alternativi Türkiyə ilə Azərbaycanın yaxınlaşmamasıdır. Bu yaxınlaşmanı istəməyənlər satqındırlar. Belə satqınların üzərinə getmədikcə, bunların ipini çəkmədikcə hədlərini aşırlar. Mən şəxsən fəxr edirəm ki, o bəyanata imza qoymuşam. Arzularımızın reallaşmasına xidmət edən sənədi müdafiə etməliydik və bunu da etdik. Qulp qoymaq istəyənlərin isə əslində nə yaxşı ki, imzaları orada yoxdur".

Etibar SEYİDAĞA/“Yeni Müsavat”