Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Şuşa Bəyannaməsini dəstəkləməyənlər: “Onlar satqın mövqedəki maşalardır” - Partiya sədri

Şuşa Bəyannaməsini dəstəkləməyənlər: “Onlar satqın mövqedəki maşalardır” - Partiya sədri
15 iyunda Şuşa şəhərində Azərbaycan və Türkiyə prezidentləri iki ölkənin bir çox sahələrdə birgə əməkdaşlığını nəzərdə tutan Bəyannamə imzaladı.

Şuşa Bəyannaməsi adı ilə tarixə düşən sənəddə Azərbaycan və Türkiyənin hərbi, siyasi, iqtisadi və digər sahələrdə birgə fəaliyyəti rəsmiləşdirildi. Sənəddə ölkələrin təhlükəsizlik məsələsinə də yer ayrılıb.

Belə ki, Azərbaycana və ya Türkiyəyə üçüncü bir ölkənin təcavüzü olarsa, iki dövlət ona qarşı birgə mübarizə aparacaq.

Bu sənəd ölkə ictimaiyyəti tərəfindən birmənalı şəkildə alqışlandı. Ölkədə fəaliyyət göstərən siyasi partiyalar da Şuşa Bəyannaməsinə dəstək bəyanatı yaydı. 48 müxalif partiyanın imzaladığı bəyanat Şuşa Bəyannaməsinə birmənalı dəstəyi ehtiva etdi. 48 partiyadan fərqli olaraq, müxalifətin bəyanatına imza atmayanlar da oldu.

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, sabiq deputat Fərəc Quliyev Cebhe.info-ya açıqlamasında deyib ki, Şuşa Bəyannaməsini imzalamaq bir şərəf işidir:

“Çünki bu, on illərdir apardığımız mübarizənin nəticəsidir. Hələ 1998-ci ildə həbsdə olaraq “Yeni dünya düzənində Azərbaycanın rolu və yeri” adlı kitab yazdım. O kitabda indiki istəklər qeyd olunmuşdu. Dəfələrlə Türkiyə-Azərbaycan birgə qüvvələrinin yaradılması haqqında çıxışlar etmişəm. Birgə ordu yaratmaqla bağlı çıxışlarım olub. Hər zaman bunlara görə bizim üzərimizə gəliblər, düşünüblər ki, biz Turançılıq məsələsini qoymaqla eyforiyaya qapılırıq. Amma zaman göstərdi ki, bu, millətdən gələn bir sifarişdir.

Türkiyə və Azərbaycan cəmiyyətində mütəmadi olaraq bu istəklər olub. Bundan əlavə, artıq Türkiyə və Azərbaycan ortaq gələcəklərini müəyyənləşdirib. Bizim təhlükəsizliyimizin qarantı birlikdə olmaqdır. Bizim KTMT-yə doğru addım atacağımızı düşünənlər pusquda gözləyirdilər ki, müəyyən təkliflərlə çıxış etsinlər. NATO-ya inteqrasiya məsələsinə də eyni münasibət var idi. Azərbaycan və Türkiyə üçüncü format yaratdı, Türk Əməkdaşlıq Təşkilatı və ondan doğan qanadlarla ortaya çıxdı.

Bu gün Azərbaycan və Türkiyə bütün sahələri birləşdirən ortaq davranış nümayiş etdirdi. Bu, bizim siyasətimizdir. Düşünürəm ki, istənilən siyasi təşkilat özünün düşüncəsini hakimiyyətə gətirməklə hakimiyyət olur. Hakimiyyətə gəlmək iqtidar olmaqla olmur. Bu mənada bizim bu sənədə imza atmağımız çox məntiqli bir qərardır. Qars müqaviləsindən 100 il sonra daha möhtəşəm bir sənəd qəbul olundu. Qars müqaviləsi Naxçıvanın təhlükəsizliyini ehtiva edirdisə, Şuşa Bəyannaməsi bütövlükdə Azərbaycanın təhlükəsizliyinə təminat deməkdir. Bu, bölgənin inkişafı, sabitlik, gələcəkdə Türk Əməkdaşlıq Təşkilatının formalaşması üçün çox ciddi təməldir. Buna imza atanların hamısı da bu məntiqlə yanaşıb”.

Partiya sədri qeyd edib ki, Şuşa Bəyannaməsinə imza atmayan, “qulp qoyan” Milli Şura, AXCP adından çıxış edən “Yurd” təşkilatı və Müsavat Partiyasıdır:

“Bunlar 2013-cü ildə Moskvada Rusiya Dumasının rəhbəri Bratislav Volodinin təşəbbüsü ilə Milli Şura yaratdılar. Məqsədləri isə ilk olaraq Rusiya vətəndaşı Rüstəm İbrahimbəyovu, ikinci dönəm üçün isə Abbas Abbasovu Azərbaycana prezident gətirmək idi. Dağlıq Qarabağla bağlı da konkret öhdəlik götürmüşdülər ki, burada ikinci erməni dövlətinin yaranmasına razı olacaqlar. Onlar satqın mövqedədirlər, maşadırlar. Başqa dövlətlərin maraqlarına xidmət edirlər. Belə qəzəbli şəkildə bu məsələnin üzərinə gəlmək bu düşüncənin, zeyhniyyətin üzərinə gəlməkdir. Onlar burada yenidən rus ağalarının at oynatmasında maraqlıdırlar. Azərbaycanın kiminsə çətiri altında olmasını istəyirlər. Azərbaycan bunların çirkli oyunlarını pozduğunu üçün bu maşalara tapşırıq verilib ki, belə məsələlərə mane olsunlar. Əgər mane ola bilmirlərsə, iştirak etməsinlər. Hesab edirəm ki, 48 partiya Şuşa Bəyannaməsini dəstəkləməklə ortaya çox doğru iradə qoyub. İstənilən milli, dövlət məsələsində partiya və fərdi maraqlar ikinci dərəcəlidir. Azərbaycanın maraqlarına cavab verən istənilən məsələlərdə dövlətə və bu gün onu idarə edən hakimiyyətə dəstək verməliyik”.

Vilayət Muxtar/Cebhe.info