Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

44 günlük müharibədə zəfər: “Prezidentin zamanlaması olduqca mühüm idi” - PARTİYA SƏDRİ

44 günlük müharibədə zəfər: “Prezidentin zamanlaması olduqca mühüm idi” - PARTİYA SƏDRİ

44 günlük Vətən müharibəsi Azərbaycan üçün tarixi dönüş nöqtəsidir.


Azərbaycan Qarabağ savaşında tarixi qələbə qazanaraq məğlubiyyət psixilogiyasından xilas oldu, ərazi bütövlüyünü bərpa etdi, bölgədə və dünyada yeni reallıqlar yaratdı.

Bu, birmənalı olaraq güclü iradənin, hərbi və siyasi gücün, o cümlədən milli birliyin gətirdiyi qələbədir. Vətən müharibəsində qazanılan zəfər Azərbaycan tarixinin ən şanlı səhifəsinə çevrildi.

Müharibəyə qədər də torpaqların azad edilməsi istiqamətində ciddi işlər görülürdü. Belə ki, Azərbaycanın ərazi bütövlüyünün pozulması və Ermənistanın işğalçı siyasətinin dünyada tanıdılması istiqamətində uğurlu diplomatik iş aparan Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il 27 sentyabrda başlayan və 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı.

Qarabağ kimi çox çətin problemi həll edərək Ermənistanı, dünyadakı erməni diasporunu, erməni kilsəsini və onların havadarlarını diz üstə çökdürərək reallığı qəbul etməyə məcbur etdi, işğala son qoyuldu.

Müzəffər Ali Baş Komandan bununla tarixi ədaləti bərpa etdi. Ermənistan üzərində parlaq qələbə əldə etməsi, həm də onun hakimiyyətə gəlişindən sonra apardığı praqmatik, sistemli siyasi kursun və uzaqgörən xarici diplomatiyanın bəhrəsi idi.

Bu gün bölgənin söz sahibinə çevrilən, dünya dövlətlərinin hesablaşmağa məcbur olduğu Azərbaycan bütöv, müstəqil, hərbi, siyasi, iqtisadi gücə malik ölkədir. Təsadüfi deyil ki, bu gün dünya gücləri məhz Azərbaycanla əməkdaşlıqda maraqlıdır.

Bütün bunlar məhz 44 günlük savaşda əldə olunan qələbənin nəticəsidir. Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, sabiq deputat Fərəc Quliyev Cebhe.info-ya açıqlamasında deyib ki, 44 günlük müharibə nəticə idi, ona qədər müəyyən işlər görülməsəydi, möhtəşəm qələbəni əldə edə bilməyəcəkdik:


“Azərbaycan ordusunun yaranması özü bir hadisə idi. Uzun illər onun texniki imkanları həll olundu. Onun mənəvi cəhətdən hazırlanması üçün çox əziyyətlər çəkildi.

Azərbaycan xalqı və dövlətinin birliyi dünyaya nümunə oldu. Bu illər ərzində Azərbaycan iqtisadiyyatı sıfırdan yuxarılara qaldırıldı.

90-cı illərdə bizim büdcəmiz boş idi. Büdcəmizi, sənaye kompleksələrimizi sahmana saldıq. Silah-sursat almaqla yanaşı, həm də silah sənayesini qurduq.
Doğrudur, silah idxalında asılılıqdan tam qurtula bilmədik, amma ən müasir silahlara sahib olduq. Artıq 400-dən çox adda silahlarımızı satmaqla məşğuluq. Buna qədər diplomatik sahədə çox möhtəşəm uğurlar qazandıq. Hətta ermənilər dünyaya inandırmağa çalışırdı ki, güya Azərbaycan Ermənistan ərazilərində işğalçılıqla məşğul olur. Biz Xocalı soyqırımını dünyaya tanıtdıra bildik.

Biz BMT-nin 4 qətnaməsinin icra olunmadığını bütün sahələrdə təbliğ etdik. İstəsələr də, istəməsələr də beynəlxalq təşkilatların dəstəyini aldıq. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı dəstəyini versə də, bəziləri qərəzli mövqedən çıxış edirdi. Qərəzli yanaşanlar isə sonradan mövqeyini dəyişdilər. Bütün bunlar diplomatik uğurun nəticəsi idi”.

Partiya sədri bildirib ki, qələbə üçün müharibəyə başlamaq üçün zamanlama çox mühüm idi:

“Biz qonşu ölkələrdə çox uğurlu siyasət apardıq. Yürütdüyümüz siyasət ona imkan verdi ki, biz müharibənin aktiv fazasına başlayanda, təpkilər olmadı. Ən mühümü Türkiyə kimi nəhəng dövlət açıq şəkildə yanımızda olduğunu bəyan etdi. Türkiyə dünya gücünə çevrildi. Bu da çox mühüm məsələ idi. Türk Əməkdaşlıq Təşkilatının bazasında böyük işlər görüldü, yeni müttəfiqlər yarandı.

Dünyanın böyük güclərini qazandıq. BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı məsələ qoyuldu, amma Böyük Britaniya kimi dövlət bizi müdafiə etdi və veto hüququndan istifadə etdi. İtaliya kimi dövlət açıq mövqe nümayiş etdi.

Belə bir görüntü yaradırdılar ki, güya Azərbaycan xristian dünyasına qarşı dayanıb, amma Ukrayna, Gürcüstan, Macarıstan kimi dövlətlər dəstək verdi. Bu, bizim diplomatiyanın uğuru idi”.

Fərəc Quliyev əlavə edib ki, ölkə Prezidentinin zamanlama məsələsində çox peşəkar davranışı oldu:

“Ermənilərin ilk yanlışında, Tovuz istiqamətində Azərbaycana qarşı yeni ərazi iddiası irəli sürməsində, bundan əvvəl isə onların “Yeni ərazi, yeni müharibə” demələri ilə Ermənistana zərbə vurmaq üçün yeni əsas yaranmışdı. Azərbaycanda siyasi təşkilatlar arasında dialoqun yarandı, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin apardığı siyasətlə ölkənin ciddi təşkilatları ortaq mövqedən çıxış etdilər.

Bu sadalanan amillər ona gətirdi ki, Azərbaycan ordusu keçdiyi təlimlər, yaxşı silahlanma, xalqın arxasında olduğunu hiss etməklə böyük qələbə qazandı. Bir daha başda Ali Baş Komandan olmaqla Silahlı Qüvvələrimizi, onları ərsəyə gətirən anaları, ataları təbrik edirəm”.

Vilayət Muxtar/Cebhe.info