Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Səfir niyə Putinin imzasına hörmət etmədi? - Minsk qrupunu dirçəltmək cəhdi fayda verməyəcək - PARTİYA SƏDRİ

Səfir niyə Putinin imzasına hörmət etmədi? - Minsk qrupunu dirçəltmək cəhdi fayda verməyəcək - PARTİYA SƏDRİ
ABŞ, Fransa və Rusiya səfirləri Azərbaycan hökümətinin Şuşaya səfər təklifindən imtina ediblər.

Hər üç dövlətin də Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün yaradılan, lakin əlini ağdan-qaraya vurmayan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olduğunu nəzərə alsaq, səfirlərin səfərdən imtinası bitərəf mövqe nümayişi kimi anlaşıla bilər.

Lakin dəfələrlə Ermənistanın Baş naziri Nikol Paşinyanla dostluq görüşləri keçirən Fransa Prezidenti Emmanuel Makronun 44 günlük müharibə dövründə İrəvanın maraqlarından çıxış etdiyi məlumdur. Amerikanın da Ermənistanla münasibətlərini pozmaq istəməməsi açıq-aydın görünür.

Bitərəf mövqe anlayışının yanlışlığı cəbhə xəttində hələ də Rusiya sülhməramlılarının olması ilə də gün üzünə çıxır.

Digər iki ölkənin bu addımı atması ABŞ və Fransanın Azərbaycanın işğal altında olan torpaqlarını azad etdiyini qəbul etmədiklərinə dəlalət etsə də, 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatın altında Rusiya Prezidenti Vladimir Putinin imzası var.

Azərbaycanın torpaqlarını azad etməsi faktını imzası ilə tanıyan, cəbhəyə öz sülhməramlılarını yerləşdirən Rusiya niyə belə bir addım atıb?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Cebhe.info-ya açıqlamasında bildirib ki, bu 3 dövlətin ATƏT-in Minsk qrupu çərçivəsində fəaliyyəti Azərbaycanı heç vaxt qane etməyib:

“30 ildə Minsk qrupu nəinki problemin həllinə cəhd edib, hətta ədalətsiz status-kvonu saxlamağa çalışıb. İndiki halda yeni yaranmış vəziyyəti qəbul etməmələrinin səbəbi öz siyasətlərini burada həyata keçirə bilməmələridir. Guya Rusiya təkbaşına vasitəçilik missiyası yerinə yetirdi, amma göründüyü kimi, məsələlər onun istədiyi kimi də nəticələnməyib. Rusiya hesab edirdi ki, burada hadisələri diktə edən tərəf olacaq”.

Partiya sədri qeyd edib ki, bu addım Rusiyanın iç üzünü ortaya qoyub:

“Rusiya münaqişənin hələ də davam etdiyini diktə etmək, Türkiyəni bölgədə sıxışdırmaq niyyətindədir. Rusiya ilə açıq şəkildə danışmaq lazımdır. Protokola imza atılıbsa, bu imzaya uyğun davranılmalıdır. Amma Rusiya heç də bölgədə sülhü təmin etmək niyyətində deyil. Sülhü necə təmin edə bilər ki, Qarabağda baş verən təxribatlara göz yumur. Mina xəritələrini alver predmetinə çevirib. İndiki halda Azərbaycan nə Fransaya, nə Amerikaya, nə də Rusiyaya bel bağlaya bilər. Biz elə fəaliyyət göstərməliyik ki, nə Minsk qrupuna ehtiyac qalsın, nə də sülhməramlılara. Başqa yolumuz yoxdur”.

Şəbnəm Adil/Cebhe.info