Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

44 günə qazanılan tarixi qələbə: Erməni cinayətlərinin dünyaya çatdırılması

44 günə qazanılan tarixi qələbə: Erməni cinayətlərinin dünyaya çatdırılması
Heç bir müharibəni təkcə hərbi güclə qazanmaq mümkün deyil.

Müharibədə qələbə əldə etmək üçün bütün məsələlərə kompleks şəkildə yanaşmaq vacibdir. Azərbaycanın 44 günlük Vətən müharibəsindəki tarixi qələbəsi göstərdi ki, zəfər əldə etmək üçün bütün zəruri işlər görülüb.

Azərbaycan bütün zamanlarda sülhün tərəfdarı olduğunu ən yüksək səviyyədə bəyan edib. Bunun üçün 30 ilə yaxın ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə işğalçı Ermənistanla sülh danışıqları aparıb. Amma işğalçı Ermənistanın BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməməsi və ATƏT-in Minsk qrupunun nəticəsiz fəaliyyəti sonda Azəraycanı ərazilərini işğaldan azad etmək üçün hərbi yolu seçməyə məcbur edib.

Bu dövr ərzində Prezident İlham Əliyevin apardığı daxili-xarici siyasət, hərbi sahənin inkişafına dair atdığı addımlar, dünya dövlətləri, beynəlxalq təşkilatlarla iş, sonda isə doğru zamanlama böyük qələbəyə gətirib çıxartdı. Bütün bunların nəticəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan tarixi qələbə əldə etdi.

Ermənistanın sülhə maraqlı olmadığını Azərbaycan və bütün dünya danışıqlar prosesinin gedişində görürdü. Dəfələrlə əldə olunan razılaşmaların pozulması, danışıqlar prosesinin uzadılması üçün sərsəm təkliflər səsləndirən Ermənistanın yeganə məqsədi status-kvonu qoruyub saxlamaq idi. Məğlub Ermənistan cinayətkar tutumundan yenə də əl çəkmək istəmir. Azərbaycan, Rusiya Pezidentləri və Ermənistanın Baş nazirinin hərbi əməliyyatların dayandırılması üçün imzaladığı 10 noyabr (2020-ci il) Bəyanatından sonra erməni silahlıları dəfələrlə atəşkəsi pozaraq təxribatlar törədiblər.

Ermənistan Xocalı soyqırımını törətmiş bir ölkə olaraq bu gün də sülh və insanlıq əleyhinə cinayətlərini davam etdirir. İşğaldan azad olunmuş ərazilərdə erməni cinayətlərini bu gün də açıq şəkildə görmək mümkündür. Ermənistan 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarındakı tarixi abidələri, yaşayış məskənlərini dağıdıb, ekoloji terror törədib, yeraltı, yerüstü sərvətlərini talayıb. Ermənistanın bu barbarlığını dünya ictimaiyyətinə çatdırmaq üçün Azərbaycan tərəfi müəyyən işlər görür.

Beynəlxalq media nümayəndələrinin, diplomatların işğaldan azad olunmuş ərazilərə səfərlərinin təşkil olunması, müxtəlif audio-video materialların hazırlanıb yayılması Ermənistanın sülh və insanlıq əleyhinə törətdiyi cinayətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynayır.

İşğaldan azad olunmuş ərazilərə səfər edən xarici qonaqların erməni vandalizmi ilə bağlı dediklərinə diqqət yetirsək, əslində mənzərə tam şəkildə aydın olur. Məsələn, Ağdam şəhərinə səfər edən Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan gördüklərini zülm dövrü kimi şərh edirdi:

“Hər tərəfi tarmar edilmiş, heç bir həyat əlaməti olmayan, yerlə yeksan olmuş bir şəhərdəyik. Bütün binalar yox edilib. Burada həyata keçirilən vəhşiliklər dünya mədəniyyət tarixinə bir zülm dövrü kimi düşəcək”.

BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos da Füzuli və Ağdama səfər edən və erməni cinayətlərini gözü ilə görən diplomatlardandır.

İyun ayında isə Azərbaycan və Türkiyədə akkreditasiya olunmuş diplomatik korpusun işğaldan azad olunan Ağdama səfəri təşkil olundu və diplomatlar erməni cinayətləri ilə yerində tanış edildilər. Bütün bunlar Ermənistanın törətdiyi müharibə cinayətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün önəmli addımlardır.

Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə olunan tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, sabiq deputat Fərəc Quliyev Cebhe.info-ya fikirlərini bölüşüb.

Fərəc Quliyev deyib ki, bütün məsələləri nəzərə almadan qalib gəlmək mümkün deyil:

“Təkcə hərbi güclə qalib gəlmək olmaz. Burada həm doğru zamanlama, həm böyük güclərin dəngələrindəki vəziyyəti, düşmən olan Ermənistanın müttəfiqi olan ölkələrlə yeni müttəfiqlik siyasəti aparmaq, onları xeyli dərəcədə dostlardan məhrum etmək, həm də bizə qarşı olan dövlətləri dosta çevirmək və ya neytral mövqeyə gətirmək çox vacib, ciddi işlər idi.

Üstəlik, iki böyük hərbi blok - NATO və KTMT-nin üz-üzə durduğu halda balansı gözləmək lazım idi. Biz bloklara qoşulmamaq siyasəti yürütdük və Qoşulmama Hərəkatında çox ciddi imic qazandıq. Eyni zamanda, burada orijinal bir gediş oldu. İki bloka qoşulmadan yeni bir blokun təməli qoyuldu. Türk Dövlətlərinin Əməkdaşlıq Təşkilatının yaranması ilə bağlı olaraq Türkiyənin türk dövlətləri ilə dərin inteqrasiya baş verdi. Bütün bunlar xarici siyasətdə əldə olunan uğurlar idi”.

Azərbaycan “beşinci nəsil" müharibə apardı

Partiya sədri bildirib ki, xarici siyasətimiz bizə qarşı olan beynəlxalq təşkilatları bu mövqeyini dəyişməyə məcbur etdi:

“Əsl həqiqətləri səsləndirməyə, ən azından, bizə qarşı qərəzli mövqeyin aradan qaldırılmasına nail olundu. Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Avropada bəzi xristian abidələrinin təmiri ilə bağlı məsələlərə öncülük etdi. Bu prosesə ağız büzənlər sonradan gördülər ki, Avropa ölkələri, xüsusilə də İtaliya Azərbaycana münasibətdə çox yaxşı mövqe sərgilədi.

Azərbaycan Böyük Britaniyanı qazanmaq üçün çox ciddi gedişlər etdi. Türkiyənin xeyrinə olan, hətta riskli görünən addımları belə ata bildik. Ölkə Prezidentinin Yunanıstan səfirinə olan münasibəti, Türkiyənin Yaxın və Orta Şərqdəki siyasətinə verdiyimiz dəstək önəmli nəticələrə səbəb oldu. Bütün meqalayihələrdə Türkiyəni önə çıxardıq. Bunlar diplomatik uğurlarımız idi.

İqtisadi baxımdan ciddi uğurlar əldə etdik. Ölkə iqtisadiyyatı o vəziyyətə gətirildi ki, uzunmüddətli müharibə olarsa belə, iqtisadiyyatımız ayaq üstə dursun. Ordu quruculuğu da çox möhtəşəm şəkildə aparıldı. Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşdırılmasına başlanıldı. Hər zaman deyirdik ki, biz Rusiyanın və başqa dövlətlərin silah asılılığında olmamalıyıq. Müharibə də göstərdi ki, bu, doğru yanaşma idi. Rusiyadan simvolik olaraq silahlar almağımıza baxmayaraq, müharibədə onlardan çox az istifadə etdik, PUA-ları Türkiyədən, ən modern silahları İsraildən və başqa dövlətlərdən aldıq. Bununla ordunun təminatını, arsenalını dəyişdik. Ona görə də düşmən tərəf bu məsələlərdə çaşqın vəziyyətdə qaldı. Ordunun quruluşunu, manevr imkanlarını, taktik gedişlərini də dəyişməklə “beşinci nəsil" müharibə apardıq”.

Ən böyük məsələ insan amilidir

F.Quliyev qeyd edib ki, bütün bunların üzərində olan ən böyük məsələ isə insan amilidir:

“Bir ölkənin coğrafi məkanı, gücü nə olursa-olsun, insan amilindən düzgün istifadə etməsə, bunun mənası olmur. Hesab edirəm ki, müharibədən öncə Prezident tərəfindən aparatda yeni yaradılan Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi, bu şöbənin rəhbəri Ədalət Vəliyevin keçirdiyi görüşlər təmərküzləşməyə gətirib çıxartdı.

Müharibə zamanı da əksər partiyalar əsgər kimi davrandılar. Başqa dövlətin oyuncağı olan bir-iki partiyadan başqa hər kəs ortaq mövqedən çıxış etdi. Bu ona görə vacib idi ki, əsgər qabaqda döyüşəndə arxada yorğan davasının getmədiyini bilsin. Bu, çox mühim bir amildir.

Pandemiya olmasına baxmayaraq, ölkə əhalisi sosial tələblə çıxış etmədi, son tikəsini belə əsgərlə bölüşməyə hazır olduğunu bildirdi. Son illər vətənpərvərliklə bağlı aparılan işlər nəticədə əsgərin möhtəşəm performansına səbəb oldu, Şuşa kimi qalanı azad edə bildilər. Bu kimi kompleks yanaşma ilə zəfər qazandıq. Hesab edirəm ki, bu da dövlət, millət olaraq haqqımız idi”.

Prezident özü təkbaşına ayrıca bir institut kimi işlədi

Ermənistanın sülh və insanlıq əleyhinə törətdiyi cinayətləri gəlincə, Fərəc Quliyev deyib ki, bununla bağlı ciddi işlər görülür:

“Amma bu yetərlidirmi və ya potensialımızın hamısını istifadə edə bilirikmi? Deputat olduğum zaman Avronest Parlament Assambleyasının iclasında “Metsamor” AES məsələsini qaldırdım. Hər zaman Azərbaycan nümayəndə heyətinin təkliflərinə dodaq büzən Almaniya belə bizə çox ciddi dəstək verdi. Elə məsələlər var ki, onlar bəşəri problemlərdir. Ermənistanın bizim ərazilərimizdən narkoplantasiya kimi istifadə etməsi, nüvə tullantılarını basdırmasını, orada terrorçu dəstələrə düşərgələr düzəltdiyini və digər məsələləri bəlkə də dünya ictimaiyyətinə lazımi qədər çatdıra bilmirik.

Çatdırsaq, münasibət də fərqli olar. Amma bu istiqamətdə ciddi işlər aparılır. Prezident özü təkbaşına ayrıca bir institut kimi işlədi. Müharibənin gedişində dünyanın ən aparıcı televiziyalarına, kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr dünya ictimai rəyini xeyli dərəcədə dəyişdi. Hər kəs bacardığı qədər çalışdı. Düşünürəm ki, bu prosesdə heç kim bacardığını əsirgəmədi. Bəlkə də bu məsələyə bir qədər də təşkilatlanmış formada yanaşmaq lazım olacaq”.

Beləliklə, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılan tarixi qələbəni əldə etmək üçün Azərbaycan 30 ilə yaxın müddətdə çox böyük işlər görüb. Məhz bu işlərin nəticəsidir ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Ölkə başçısının göstərdiyi güclü iradə, xalq-dövlət, dövlət-xalq birliyi, ölkənin hərbi gücü Azərbaycana böyük zəfər qazandırdı.

QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Vilayət Muxtar/Cebhe.info