Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Deputatlarımızın dəfələrlə rast gəlinən uyğunsuz davranışlarının kökü nədir...

Deputatlarımızın dəfələrlə rast gəlinən uyğunsuz davranışlarının kökü nədir...
Fərəc Quliyev: “Başa düşməlidirlər ki, 10 minlərlə vətəndaşın səsini alıb Milli Məclisdə qazanılan təmsilçilik həm də böyük məsuliyyət deməkdir”

Bundan əvvəlki çağrış parlamentin deputatlarının bəzi utanc addımlar atdığının şahidi olurduq. Məsələn, sabiq millət vəklili , hazırda dələduzluğa görə həbsdə saxlanılan Rəfael Cəbrayılovun öz deputat mandatını borc müqabilində girov qoyduğuna şahidlik etmişik. Sonra həmin parlament özü-özünü buraxdı.

Belə təbliğat aparıldı ki, marafonda daha çox gənclərə yer verilməlidir. Bu da gənc iddialıları həvəsləndirdi və nəticədə biz yeni çağrış parlamentdə daha çox gənc simaları görməyə başladıq. Deputat kürsüsündən hansısa çıxışına şahidlik etmədiyimiz bəzi gənc deputatların xoşagəlməz məcaraları barədə səs-küy aləmi bürüyüb. Xaçmaz rayonundan deputat seçilən Eldəniz Səlimovun polisi döyməsi barədə məlumat yayılıb. Məlumata görə, deputat “Starıy dvor” adlı istirahət mərkəzində sərxoş olub və polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirib. Bildirilir ki, hazırda polis işə çıxmır. Deputatın ailə üzvləri isə polisin evinə gedərək ondan məsələni böyütməməyi xahiş ediblər.

Deputat Eldəniz Səlimovun adı bundan əvvəl Xaçmaz rayonunda meşə ərazisində ağacların kütləvi qırılmasında hallanmışdı. Həmin meşə ərazisi deputatın atasının şirkəti tərəfindən uzunmüddətli icarəyə götürülüb.

Deputatın polis əməkdaşını döyməsinin bəzi təfərrüatı üzə çıxıb. Bildirilir ki, hadisə bir neçə polis əməkdaşının deputatın əyləşdiyi restoranda reyd keçirdiyi zaman baş verib. DİN əməkdaşları gecə saat 00:00-ı keçdiyi üçün restoranın fəaliyyətinin dayandırılmasını tələb edib. Həmin vaxt orda yeyib-içən millət vəkili isə onlardan restoranı tərk etməyi tələb edib. Bu vaxt mübahisə yaranıb və o, polis əməkdaşı Zaur Mirzəyevə hücum edib. Hadisənin baş verdiyi restoranın deputatın qohumuna məxsus olduğu bildirilir.

DİN Mətbuat xidməti məlumatın doğruluğunu təsdiqləyib. Qurumdan bildirilib ki, insident iyulun 29-da gecə 12-dən sonra Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində, deputat Eldəniz Səlimovun qohumuna məxsus iaşə obyektində qeydə alınıb:

"Eldəniz Səlimov karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşlarına etiraz edərək münaqişə yaradıb. Bu fakt üzrə tərəfimizdən araşdırma aparılıb və materiallar araşdırılması üçün Baş Prokurorluğunun İstintaq İdarəsinə göndərilib".

Qeyd edək ki, bu, gənc deputatlarla bağlı baş verən ilk biabırçı hadisə deyil. Bir neçə gün əvvəl Böyük Britaniya vətəndaşı, Moldovada yaşayan məşhur iş adamı, tanınmış biznesmen Almari Vael Süleyman deputat Ramil Həsənin onun başına gətirdikləri ilə bağlı mediaya açıqlama vermişdi. O, bildirirdi ki, ondan gizli şəkildə, qeyri-leqal yolla Bakıya gətirilən övladını görmək üçün Azərbaycandakı aidiyyəti qurumlara, məhkəmə orqanlarına üz tutmaq məcburiyyətində qalıb. O, vaxtilə faktiki nikahda olduğu, Azərbaycan Milli Məclisinin deputatına qoşulub qaçan və hazırda onunla evli olan Moldova Respublikası vətəndaşı Hasan (Lungu) Nicolai Yekaterinaya qarşı valideynlik hüquqlarının həyata keçirilməsinin təmin edilməsinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edib. İddiaçının ərizəsi təmin olunub və məhkəmənin qərarına əsasən, iş adamına 7 yaşlı qızı Almari Malika ilə ünsiyyətdə olmaq üçün hər həftənin bazar günü səkkiz saatlıq görüş vaxtı müəyyən edilib. Amma...

İş adamı açıqlamasında Milli Məclisin deputatı, millət vəkili Ramil Həsənin öz qulluq mövqeyindən sui-istifadə edərək il yarımdır onu yeganə övladının üzünə həsrət qoyduğunu bildirib. Qızını görmək üçün dəfələrlə Moldovadan Azərbaycana gələn, doğma balasıyla görüşməyə can atan, əlacı hər yerdən üzüldüyündən məhkəmələrə üz tutan Almari Vael Süleyman övladı ilə ünsiyyət qurmasına əngəl törədən şəxsin məhz millət vəkili Ramil Həsən olduğunu deyib. Mediada bu məsələ ilə bağlı məhkəmə qərarını icra edən vəkil Muxtar Mustafayevlə Ramil Həsən arasında yaranan insidentin videolarından da göründü ki, deputat səlahiyyət həddini aşan davranışlara yol verib.

Yeni seçilən gənc deputatların belə məsuliyyətsiz və qanunazidd olan davranışları nədən qaynaqlanır?

Uzun müddət parlamentdə təmsil olunan, istiqlalçı millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ictimaiyyətdə tanınan insanlar davranışlarına xüsusən fikir verməlidir: “Onların məsuliyyətləri cəmiyyət qarşısında daha artıqdır. Yeri gəlsə müəyyən məhdudiyyətləri qəbul edib, yaşam tərzi qurmalıdırlar. Nəinki davranışına, hətta geyiminə ciddi fikir verməlidir. Bu insanlarda həm də nümunə götürürlər. Parlamentdə olanlar isə yalnız kodekslərlə tənzimlənən davranışlara əməl etməklə kifayətlənməməlidirlər. İnsanlar başa düşməlidirlər ki, 10 minlərlə vətəndaşın səsini alıb Milli Məclisdə qazanılan təmsilçilik həm də böyük məsuliyyət deməkdir. Həmin adamlar yalnız özləri və ailələrini təmsil etmirlər. Bütün hallarda bu məsələni şəxsiləşdirmək istəmirəm. İstənilən deputat öz davranışına nəzarət etməlidir. Baş verən hadisələr xoşagələn deyil. Qanun qarşısında hamı cavbdehdi və müvafiq də ölçü götürüləcəkdi. Qoy bu hadisələr və onlar barəsində götürüləcək hüquqi ölçülər başqalarına bir örnək olsun. Bilsinlər ki, kimsə üstün mövqeyindən istifadə edib, bənzər davranışlara yol verməsin”.

Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com