Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

“Payızda referendumun keçirilib-keçirilməyəcəyi haqqında qəti fikir söyləmək...” – Partiya sədri

“Payızda referendumun keçirilib-keçirilməyəcəyi haqqında qəti fikir söyləmək...” – Partiya sədri
“Mən daha çox belə düşünürdüm ki, Milli Məclisdəki boş qalan yerlərə seçkilər ola bilər”.

Bu fikirləri payızda Konstitusiya referendumunun keçiriləcəyinə dair səngiməyən xəbərlərə münasibət bildirən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkədəki siyasi partiyaların gerçək gücünü ölçmək üçün proporsional və yaxud da qarışıq seçki sisteminin tətbiqi vacibdir:

“Qeyd etmək lazımdır ki, Azərbaycanda siyasi islahatlar başlayıb və indiki halda onun davam etdirilməsindən söhbət gedə bilər. Çünki Prezident Admininstrasiyasında Ədalət Vəliyevin müdiri olduğu siyasi partiyalar və parlamentlə iş üzrə şöbə yaradıldıqdan sonra siyasi partiyalarla görüşlərin keçirilməsi müharibədən əvvəlki münasib vaxta təsadüf etdi.

Eyni zamanda, bu görüşlər müharibə zamanı da mühüm konsolidasiyanın yaranmasına səbəb oldu. Yəni xarici ölkələrin cibində olan partiyalar istisna olmaqla, qalan partiyalar ortaq mövqedən çıxış etdilər.

Digər tərəfdən, növbədənkənar parlament seçkilərindən sonra Milli Məclisdə spikerin müavinlərindən birinin və komitə sədrlərinin müavinlərinin parlament müxalifətindən seçilməsi də yenilik idi. Prinsip etibarilə, bu siyasi dialoqun başlanması ölkə daxilində barışıq üçün ciddi əsasdır.

Amma mən özüm də dəfələrlə bu məsələni qaldırmışam ki, ölkədəki siyasi partiyaların gerçək gücünü ölçmək üçün proporsional və yaxud da qarışıq seçki sisteminin tətbiqi vacibdir. Ümumiyyətlə, ölkədə proporsional seçki sistemi tətbiq edilərsə, bu sistem təbii seçim üçün imkan yaradacaq. Etiraf edək ki, ölkədəki mövcud siyasi partiyalar və onların rəhbərləri barəsində cəmiyyət demək olar, məlumatsızdır.

Digər tərəfdən, bəzən çox təsadüfi adamlar da parlamentə düşür. Etiraf edək ki, bu gün parlamentdə çox sanballı və bacarıqlı fiqurların olmasına baxmayaraq, o majoritar sistem əsasında parlamentə düşən, “sıravi deputatlar” adlandırılan deputatlar bacarıqsızdırlar. Lakin proporsional sistem tətbiq olunarsa, siyasi partiyalarda nüfuzu və bacarığı olan şəxslər parlamentə düşər.

Amma mütləq payızda bir referendumun olub-olmayacağı haqda məlumat olmadığından, güman etmirəm ki, deyilən dövrdə referendum keçirilsin. Çünki referenduma qədər müəyyən zaman lazımdır, buna zəruri hazırlıqlar olmalıdır. Ola bilər, mən yanılıram, lakin o hazırlıqları görmürəm.

Mən daha çox belə düşünürdüm ki, Milli Məclisdəki boş qalan yerlərə seçkilər ola bilər və başlanmış islahatlar davam etdiriləcək. Mən özüm də Prezident Administrasiyasına və digər yerlərə siyasi islahatlarla bağlı öz təkliflərimi göndərmişəm. O təkliflərin bəziləri referendumsuz da həyata keçirilə bilər. Yenə deyirəm, referendumun keçirilib-keçirilməyəcəyi haqqında mənim qəti fikir söyləməyim doğru olmaz”.

A.Zeynalov/yenicag.az