Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Siyasi dialoqda yeni mərhələ: "Görüşdə 30-a yaxın təklif verildi" - Partiya sədri

Siyasi dialoqda yeni mərhələ: "Görüşdə 30-a yaxın təklif verildi" - Partiya sədri
Sentyabrın 9-da Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi ölkədə fəaliyyət göstərən 45 siyasi partiyanın rəhbərləri ilə “Siyasi partiyalar: Zəfər, yeni reallıq və dialoq” mövzusunda görüş keçirib.

Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev görüşdə iştirak edən siyasi partiya rəhbərlərini Prezident İlham Əliyevin adından salamlayıb, onlara ölkədə milli həmrəylik, siyasi dialoq mühitinin təşviqinə xidmət edən müxtəlif səpkili layihələrdə fəal iştirak etdiklərinə görə təşəkkürünü bildirib. Partiya sədrləri öz fikir və təkliflərini səsləndiriblər. Bu qəbildən görüşlər ölkədə siyasi dialoq mühitinin inkişafında mühüm rol oynayır.

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Cebhe.info-ya açıqlamasında bildirib ki, görüşdə Qarabağ məsələsi, ölkənin mövcud durumu, gələcəyə baxış, problemlər və onların həlli kimi əsas məsələlər ətrafında müzakirələr olub:

“Prezidentin təklifi ilə təşkil edilən bu görüş həddindən artıq effektli oldu. Hörmətli Ədalət müəllimin buradakı rolunu xüsusi olaraq qeyd etmək lazımdır. O, son zamalarda müxtəlif partiyalarla 650-dən çox görüş keçirib. Bu, onu göstərir ki, partiyalararası münasibətin yeni formada təzahüründə bu şöbənin əhəmiyyətli rolu var.

Görüşdə həmçinin, ölkədə baş verən hadisələr, partiyalararası münasibətlərə yeni baxış, seçkilər və "Siyasi partiyalar haqqında" Qanun da müzakirə olundu. Ümumiyyətlə, dialoqun alternativi yoxdur. Bu gün Azərbaycan xalqının ən çox ehtiyacı olan şey birlikdir. Çünki ölkəmizə qarşı kənardan çox basqılar var. Müharibədən sonra əldə etdiyimiz nailliyyətləri qorumaq və onları inkişaf etdirmək üçün bu birliyə ehtiyacımız var. Əslində müharibədə qalib gəlməyimizə də elə bu birlik səbəb oldu. Çünki müharibəyə qədər də partiyalar arasında danışıqlar gedirdi”.

F.Quliyev onu da qeyd edib ki, görüşdə 30-a yaxın təklif irəli sürülüb:

“Bir çox təkliflər oldu. "Siyasi partiyalar haqqında" Qanunla bağlı da 18 təklif edilib. Mən də təklif etdim ki, ayda bir dəfə bu formada görüşlər təşkil olunsun. Ədalət müəllim söz verdi ki, bütün müzakirə olunanlar və təkliflər Prezidentə çatdırılacaq. Həqiqətən, bütün təkliflər nəzərə alınır və ciddi şəkildə araşdırılır.

İndi cəmiyyətimizdə partiyalararası münasibətdə yenilənmə var və hər kəs bir-birinə hörmətlə yanaşır. Müxtəlif yanaşmalar ola bilər, amma ortaq fikir məzmunu yarananda, onu qanun halına salmaq iqtidarın işidir. Bütün təkliflərə baxılır və münasib təkliflər olanda birmənalı şəkildə onun üzərində işlənilir”.


Elmir/Cebhe.info