Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

“Günah sürücüdə yox, İran rejimindədir”

“Günah sürücüdə yox, İran rejimindədir”
“Əslində həmin sürücüləri qınamıram, onlar sadəcə işçidirlər. Günah o sürücüləri Qarabağa göndərənlərdədir”

“İran da bazar açıb və dövlət siyasətinə daxil edib ki, Azərbaycan zəif düşsün”

“Dəfələrlə ölkə rəhbəri tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, öz işlərindədirlər”

Məlum olduğu kimi, bir neçə gündür Azərbaycan Qubadlı rayonu ərazisində - Qafan-Gorus yolunda gömrük qaydaları tətbiq edib. Xüsusilə, İrandan Ermənistana, o cümlədən, Qarabağın Rusiya hərbçilərin müvəqqəti nəzarətində olan hissəsinə yüklər daşıyan TIR-lar həm yoxlanılır, həm də onlara gömrük rüsumu tətbiq olunur.

Ermənilər Gorus-Qafan yolu yenidən bağlanmasa da, Azərbaycan tərəfinin yolda çətinliklər yaratdığını iddia edirlər. Belə ki, İrandan Ermənistana yanacaq və neft məhsulları daşıyan TIR sürücüləri Ermənistan ərazisinə keçdikdə gömrük rüsumu ödəmələrinə baxmayaraq, Azərbaycan tərəfi də gömrük rüsumu tələb edir.

Maraqlıdır ki, İrandan Ermənistana və Azərbaycanın Qarabağ bölgəsinə yük daşıyan İran sürücüləri arasında güneyli qardaşlarımız da var. Yəqin ki, İranın hakim dairələri ortada təfriqə yaratmaq üçün azərbaycanlı sürücüləri buraya göndərirlər. Amma 40 milyonluq Güney Azərbaycan türkü hər zaman olduğu kimi 44 günlük savaş sırasında da öz haqq səsini, İrana, Ermənistana və bütün dünyaya duyurdu. Ancaq müəyyən iddialar var ki, İran bilərəkdən bu addımı atır, yəni sürücülər arasında azərbaycanlıların olmasına şərait yaradır.

Vəziyyəti dəyərləndirən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev “Sherg.az”a söyləyib ki, İranın dövlət siyasətini yürüdənlərin başında dayananlar da azərbaycanlılardır:

“Əslində həmin sürücüləri qınamıram, onlar sadəcə işçidirlər. Günah o sürücüləri Qarabağa göndərənlərdədir. Belə bir deyim var, “günah nə alandadır, nə də satanda, günah bazar açandadır”. İran da bazar açıb və dövlət siyasətinə daxil edib ki, Azərbaycan zəif düşsün. Dəfələrlə ölkə rəhbəri tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, öz işlərindədirlər. Müharibədən öncə və sonra da ermənilərə dəstək veriblər, çoxlu sayda silah-sursat İran ərazisindən Ermənistana göndərilib. Azərbaycan tərəfi gömrük postuna nəzarət etməklə hər kəsə yerini göstərir. Ona görə də TIR-ları yoxlamaq, gömrük rüsumu almaq bizim hüququmuzdur”.

F.Quliyev qeyd edib ki, Güney Azərbaycanda olanların hamısı eyni düşüncəyə malik deyil:

“Cəmiyyət eyni düşüncədə olsa, 40 milyon azərbaycan türkü çoxdan azad olardı. Orada fədakarlıq edənlər də var. Cəmiyyətin bütün üzvləri eyni addım atmır. İran siyasətinin Azərbaycana qarşı olmaması üçün adekvat tədbirlər görülməlidir. Yoxsa TIR-ları kimin idarə etməsi o qədər də əhəmiyyət kəsb etmir”.

Yegane Bayramova/sherg.az