Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Müharibə olarsa: Sığınacaqlar yoxdur...

Müharibə olarsa: Sığınacaqlar yoxdur...

Fərəc Quliyev: “İri çaplı silahlara üstünlük veriləcəksə...”

Üzeyir Cəfərov: “İnsanlara əleyhqazlar paylanılmalıdır”

Müharibə vaxtı mühafizənin əsas üsullarından biri mülki müdafiənin mühafizə qurğularından istifadə olunmasıdır. Mühafizə qurğuları əhalini kimyəvi və bakterioloji silahlardan, habelə nüvə partlayışları zamanı və adi vasitələri işlədilərkən yarana biləcək əlavə zədələyici amillərdən qorunmaq üçün nəzərdə tutulan xüsusi mühəndis tikililəridir. Sığınacaqlar böyük şəhərlərdə, əsasən müharibə zamanı işləməsi nəzərdə tutulmuş təsərrüfat obyektlərində tikilir.

Müdafiə qurğuları nə üçün lazımdır?

Azərbaycanın müharibə şəraitində olmasını nəzərə alsaq, iri şəhərlər və cəbhə bölgələrinə yaxın məskunlaşma ərazilərində bu cür daldanacaq və mülki müdafiə qurğularının olması məqbuldur. Müharibə hər an başlaya bilər. Sülh və müharibə dövrlərində baş vermiş fövqəladə hadisələr zamanı əhalinin sığınacaqlarda yerləşdirilməsi, evakuasiya edilməsi vacibdir. Təkcə müharibə dövründə deyil, sülh şəraitində də baş verən fövqəladə hadisələrdə əhalinin sağlamlığı və həyatının qorunmasında kütləvi sığınacaqlardan istifadə olunur. Silahlı qarşıdurmada itki riskinin yüksək olmasını nəzərə alsaq, bu cür tikililərin əvvəldən hazırlanması itkiləri minimuma endirə bilər. Çünki mülki müdafiənin əsas məqsədlərindən biri əhali və obyektlərin kütləvi qırğın silahlarının təsirindən qorunmasıdır. Bu işi təşkil etmək məqsədilə kompleks tədbirlər keçirilməli, əhalinin yaşaması və fəaliyyəti, mülki müdafiə obyekt və qüvvələrinin durmadan işləməsi üçün maksimum əlverişli şərait yaradılmalıdır.

Əhalinin mühafizəsində insanların fərdi qorunma vasitələri ilə təchizatı, tibbi mühafizə, epidemiyalara qarşı, sanitar-gigiyenik və digər xüsusi profilaktik tədbirlərin keçirilməsi də böyük əhəmiyyət kəsb edir. Hər bir vətəndaş düşmən hücumuna məruz qaldıqda necə hərəkət etməyi, hücumun nəticələrinin aradan qaldırılması metodlarından xəbərdar olmalıdır. Bunun üçün əhali ilə müntəzəm olaraq məşq və təlimlər keçirilməli, bu iş vaxtında və planlı şəkildə təşkil edilməlidir. Lakin ekspertlər bildirirlər ki, SSRİ vaxtında sığınacaq məsələsinə çox ciddi yanaşılsa da, müstəqillik illərində bu sahədə bir sıra problemlər ortaya çıxıb.

“Vəziyyət ürəkaçan deyil”

Millət vəkili Fərəc Quliyev “Cümhuriyət”ə açıqlamasında bildirib ki, müharibə şəraitində yaşayan ölkədə mülki müdafiə ilə bağlı kompleks və ciddi tədbirlər görülməlidir. F.Quliyevin sözlərinə görə, sülh və müharibə şəraitində belə, bu tip tikililərin olması müdafiənin əsas elementlərindən biridir:

“Bir çox mülki müdafiə qurğuları var ki, bunlar bir sıra şəxslər tərəfindən özəlləşdirilib. Hər halda müəyyən yerlər var ki, orada ictimai sığınacaqların qurulması üçün təbdirlərin görülməsi mümkündür. Məndə olan məlumata görə, bu yöndə müəyyən işlər görülüb. Daha müfəssəl məlumatı FHN-dən almaq olar. Lakin xüsusilə cəbhə bölgəsində yerləşən şəhər və rayonlarda vəziyyət o qədər də ürəkaçan deyil. Əgər müharibə aktiv fazaya keçərsə, primitiv silahlardan istifadə olunmayacaqsa, iri çaplı silahlara üstünlük veriləcəksə, əhalinin müdafiəsi üçün əvvəldən tədbirlər görülməlidir”.



“Təminat yoxdur”

Hərbi-ekspert Üzeyir Cəfərov “Cümhuriyət”ə qeyd edib ki, bu yöndə olan problemlər ilk növbədə həll olunmalıdır. Ü.Cəfərov xatırladıb ki, Qazax, Ağstafa, Füzuli, Tərtər, Goranboy və digər rayonlar cəbhə bölgəsində yerləşirlər: “Həmin yerlərdə bizim yüz minlərlə vətəndaşımız yaşayır. Bu insanlar istənilən an düşmənin hücumlarına məruz qala bilərlər. Düşmənin istənilən təxribatı həyata keçirməsi mümkündür. Amma bildiyim qədər mülki müdafiə sığınacaqları sahəsində olan problemlər bu günədək öz həllini tapmayıb. Bu məsələyə icra strukturları cavab verməlidirlər. Bu, birbaşa Fövqəladə Hallar Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin borcudur ki, bu problemləri həll etsinlər.



İlk növbədə, bu, FHN-nin üzərinə düşən vəzifədir. Müdafiə Nazirliyi döyüş təminatı və müdafiə məsələlərini həyata keçirirsə, yerdə qalan məsələləri müvafiq qurumlar həll etməlidirlər. Bildiyim qədər bu illər ərzində hazırlıq və məşq işləri həyata keçirilməyib. Təəssüflər olsun ki, föqəladə hallarda mülki insanlara hərəkət qaydalarının öyrədilməsi və hara getmələri öyrədilməyib, insanlarla bu yöndə işlər (təlimlər) görülməyib. Xocalıda əliyalın düşmənə qarşı amansızlıq nümayiş etdirən düşmən, bu gün çox rahatlıqla insanların üzərinə ən ağır texnikayla gələ və onları süngüdən keçirə, hansısa zəhərli maddədən istifadə edə bilər. Cəbhəyanı bölgələrdə məskunlaşan insanların zəhərli qazlardan müdafiə olunmaları üçün təminatları da yoxdur. İnsanlara əleyhqazlar və digər resperatorlar paylanılmalıdır. Bu çox ciddi məsələdir. Düşmən istənilən an təxribat törədə bilər”.


Mənsur
Cebhe.info