Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

İran dərdi Azərbaycan-Türkiyə tandemidir

İran dərdi Azərbaycan-Türkiyə tandemidir
Tehran istəyir ki, Türkiyə bölgəyə gəlməsin. Meqalayihələr reallaşmasın və Zəngəzur dəhlizi açılmasın

"Münaqişəni alovlandırmaq üçün fürsət, imkan axtarırlar. Qarabağdakı separatçılara yüklərin daşınmasının da məqsədi budur"


Azərbaycan və Türkiyə donanmalarının hərbçilərinin sentyabrın 12-də başa vurduğu hərbi təlimlər İranda ciddi narahatlıq yaradıb. Rəsmi Tehran ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadənin dili ilə Türkiyənin Xəzər dənizində hərbi mövcudluğunu “qanunsuzluq” adlandırıb. Nazirliyin sözçüsü bildirib ki, Xəzər dənizinin hüquqi statusu haqqında müqaviləyə əsasən, beş sahilyanı ölkə istisna olmaqla, heç bir xarici dövlətin burada ordusu olmamalıdır, bu, qadağandır:


“Türkiyənin Xəzər dənizində hərbi mövcudluğu qanunsuzdur. Məsələ ilə bağlı Xarici İşlər Nazirliyi vasitəsi ilə araşdırma aparırıq”. Bu bəyanat müstəqil xarici və daxili siyasət yeridən Azərbaycana qarşı Tehranın qərəzli münasibətini bir daha sübut edir. Prosesləri diqqətlə araşdırsaq, İranın sözügedən bəyanatının əsassız olduğunu görə bilərik. 12 avqust 2018-ci il tarixli "Xəzər dənizinin hüquqi statusu haqqında" konvensiyada burada sahilyanı ölkələrə aid olmayan silahlı qüvvələrin mövcudluğunun yolverilməzliyindən bəhs olunur. Lakin Xəzərdə təlimlər keçirən Azərbaycan heç bir sazişin müddəalarını pozmayıb. Təlimlərdə Türkiyə xüsusi təyinatlıları iştirak edib. Lakin Türkiyə Hərbi Dəniz Qüvvələrinin heç bir döyüş gəmisi onlara qoşulmayıb. Azərbaycan Müdafiə Nazirliyi tərəfindən yayılan videolarda kiçik həcmli gəmilərin təlimlərdə iştirak etdiyi aydın şəkildə görünür. Orada nə türk freqatları, nə də sualtı qayıqlar olmayıb. Üstəlik, Azərbaycan öz ərazisini İrana qarşı təcavüz etmək üçün heç kimə verməyib. Türk əsgərləri təlimlərə qatılmaq üçün gəlib və təlimlər başa çatdıqdan sonra da vətənlərinə dönüblər. Digər tərəfdən, konvensiyada “ərazi suları” anlayışı sahilyanı dövlətin suverenliyinin əhatə etdiyi dəniz zolağı kimi tərif olunub. Azərbaycan Hərbi Dəniz Qüvvələrinin türk hərbçilərinin iştirakı ilə təlimləri ərazi sularımızda keçirilib və sentyabrın 2-də elan olunub, yəni rəsmi Bakı bunu gizlətməyib. Bir gülməli məqam da odur ki, Tehran nümayəndəsi "Xəzər dənizinin hüquqi statusu haqqında" konvensiyaya istinad etsə də, İranın həmin sənədi ratifikasiya etmədiyini unudub. Elə sırf bu səbəbdən Tehranın sözügedən konvensiyaya istinad etməyə mənəvi haqqı yoxdur.

İranın narahatlığını “Şərq”ə dəyərləndirən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, keçmiş millət vəkili Fərəc Quliyev vurğulayıb ki, Tehranın Bakıya mövqeyi dəyişməz olaraq qalmaqdadır. Partiya sədri bildirib ki, İran müharibədən əvvəl Ermənistana necə dəstək verirdisə, savaşdan sonra eyni yanaşmanı davam etdirir, hətta yardımları, ikili münasibətləri daha da genişləndirir:

“İran tərəfi ermənilərin işğal etdikləri ərazilərimizi uzun müddət talamaqla məşğul olub. Mütəmadi olaraq Azərbaycan dövlətinin gücdən düşməsi, zəifləməsi üçün əllərindən gələni ediblər. Bunu açıq demək lazımdır. İranın davranışları və əməlləri ifşa olunmalıdır. Tehran hökuməti zaman-zaman üstümüzə ayaq açmağa da cəhd göstərib. Xatırlayırsızsa, İranın hərbi təyyarələri Azərbaycan səmasına daxil olmuşdu, qanunsuz uçuşlar həyata keçirmişdilər. Türkiyə qırıcılarının bölgəyə gəlişindən sonra İran təyyarələri bir də ərazimizdə görsənmədi. İndi Xəzər dənizinin hüquqi statusu haqqında müqaviləni bəhanə edirlər. Xəzərin sahilindəki bütün ölkələr təhlükəsizliyə təminat verməli, dostluq münasibətlərini saxlamalıdırlar. Bu müddəanı pozan yeganə xəzəryanı ölkə İrandır. Əgər Tehran hansısa müddəanı görməzdən gəlirsə, saymırsa, o zaman digər bəndlər də qüvvədən düşmüş hesab olunur”.

F.Quliyev qeyd edib ki, son günlər Azərbaycan-Türkiyə arasında hərbi təlimlərin miqyası genişlənməkdədir:

“Bakı və Ankara arasında Şuşa Bəyannaməsindən və digər ikili sənədlərdən irəli gələn çoxsaylı addımlar atılmaqda, əməli fəaliyyət ortaya qoyulmaqdadır. İki qardaş ölkə məhz həmin sənədlərə istinad edərək öz ərazimizdə, öz sularımızda hərbi təlimlər keçirirlər. Xəzər dənizinin Azərbaycan sərhədləri daxilində olan hissəsi mavi vətənimizin tərkibidir. Orada atacağımız addımların heç kəsə dəxli yoxdur”.

Sabiq deputat vurğulayıb ki, Azərbaycan-Türkiyə qardaşlığının günbəgün daha da möhkəmlənməsi, hərbi əməkdaşlığın zirvəyə daşınması, ikili əlaqələrə əlavə dost Pakistanın da qoşulması İranı narahat edən əsas məqamlardır:

“Tehranın dərdi Xəzər sularında hansısa kənar dövlətin olub-olmaması deyil, Azərbaycan-Türkiyə tandemidir. İran istəyir ki, Türkiyə bölgəyə gəlməsin. Meqalayihələr reallaşmasın və Zəngəzur dəhlizi açılmasın. Münaqişəni alovlandırmaq üçün yeni fürsət, imkan axtarır. Qarabağdakı separatçılara yüklərin daşınmasının da məqsədi budur. Əlbəttə ki, İranın duyğuları, istəkləri bizim üçün maraqlı deyil”.

İsmayıl Qocayev/sherg.az