Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Qarabağa hücum helikopteri gətirildi: “Sülhməramlıların belə özbaşınalığı...”

Qarabağa hücum helikopteri gətirildi: “Sülhməramlıların belə özbaşınalığı...”
44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsini təmin edən 10 noyabr Bəyanatının qarant ölkəsi rolunda çıxış edən Rusiya özü razılaşmanın bəndlərini pozur.

Belə ki, Rusiya sülhməramlı kontingenti Qarabağ dağlarında şərti yaralıların təxliyəsi üzrə təlim keçirib. Rusiya Müdafiə Nazirliyinin saytında dərc olunan məlumata əsasən, təlim Xocalı hava limanında Mi-8 "Terminator" vertolyotu, ordu aviasiya pilotlarının, hərbi qulluqçularının və xüsusi təyinatlı dəstənin tibb mütəxəssislərinin iştirakı ilə keçib. Xankəndi hərbi aerodromunda keçirilən təlimdə ordu aviasiya pilotları, hərbçilər və Rusiya sülhməramlı kontingentinin xüsusi təyinatlı tibb hissəsinin mütəxəssisləri iştirak ediblər.

Qeyd edək ki, keçirilən təlim10 noyabr 2020 -ci il tarixli Üçtərəfli Bəyannamənin Qarabağ ərazisində istifadə oluna biləcək hərbi texnikası ilə bağlı bəndini kobud şəkildə pozur. Nəqliyyat-hücum helikopterləri sülhməramlıların yerləşdiyi ərazidə hərbi texnika siyahısına daxil edilməyib. Nəzərə alsaq ki, bu, sülhməramlıların ilk belə addımı deyil, Azərbaycan tərəfi bu pozuntuya necə reaksiya verməlidir? Azərbaycan sülhməramlıların bölgədən çıxarılması ilə bağlı Rusiya qarşısında məsələ qaldıra bilərmi?

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Cebhe.info-ya açıqlamasında deyib ki, Rusiyanın sülhməramlı adı altında Azərbaycana yerləşdirdiyi hərbçilərin belə özbaşınalığı ilk deyil:

“Təbii ki, onların gətirə biləcəyi texnikalar mülki əhalinin ehtiyaclarını ödəmək və qorumaq məqsədi ilə istifadə olunan daşıyıcı vasitələr ola bilər. Amma döyüş texnikalarının, ağır silahların gətirilməsi fərqli istəklərdən xəbər verir. Sonrakı davranışlar da onu göstərir ki, Rusiya tərəfi Azərbaycan cəmiyyətini siyasi mənada “dişinə vurur”.

Əgər onların bu cəhdi baş tutsa, gələcəkdə buranı Denistryani, Krım kimi özünün nəzarətinə keçirsin. Bu alınmayacaqsa, ən azından bazasını saxlasın. Nəhayət ki, Rusiya çox ciddi etirazlarla üzləşərsə, bundan alver predmeti olaraq istifadə etsin. Biz bütün bu məsələlərə etiraz etməliyik. Birincisi, sülhməramlı kontingetin sayına etiraz etməliyik, çünki onların sayı 1960 olmalı idi, amma bizdə olan məlumata sülhməramlıların sayı daha artıqdır. Bundan əlavə sülhməramlıların davranışları, müdaxilə etdikləri məsələlər fərqlidir. İndi də təlim adı altında icazəsiz olaraq helikopterlərdən istifadə edirlər. Bütün bunlar paket halında artıq Rusiyanın qarşısına qoyulmalıdır. Rusiyaya çatdırılmalıdır ki, onlar razılaşmanın 4-cü bəndini pozub, erməni silahlılarını bölgədən çıxarmadan əraziyə daxil olub. İndi də istifadə oluna biləcək hərbi texnika ilə bağlı bəndi kobud şəkildə pozursunuz və biz artıq sizi istəmirik.

Hesab edirəm ki, bütün bu iradlar onlara çatdırılmalıdır ki, özlərini bizim ölkədə Rusiyada olduqları kimi aparmasınlar. Onlar burada qonaqdırlar, onlara mandat verilməyib, parlamentdə də radifikasiya olunmayıb. Ona görə də Rusiya sülhməramlarının bölgədən çıxması məsələsini onların qarşısına qoymaq zamanıdır”.

Vilayət Muxtar/Cebhe.info