Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Milli Şuradan daha bir rəzillik: şəhidlər unuduldu, video yada düşdü

Milli Şuradan daha bir rəzillik: şəhidlər unuduldu, video yada düşdü
Qurumun yaydığı bəyanatda İkinci Qarabağ müharibəsində şəhid olanların anım günü, İranın hədyanları barədə bir cümlə də yoxdur
Rəsmi Tehranın Qarabağa qanunsuz yüklərin qarşısının alınmasından sonra Azərbaycana qarşı sərt üslubu olduğu bir vaxtda Milli Şura da hakimiyyəti ittiham edən, ölkədə şiddətli repressiyalar haqda bəyanat verməyi lazım bilib. Bəyanatda Əli Kərimlinin mühafizəçisinin yekunlaşan məhkəməsindən başqa yeni heç nə yoxdur. Milli Şura sədri Cəmil Həsənlinin qızının çoxdan yaddan çıxmış məlum videosu “mənəvi terror” kimi xatırlanıb, keçmiş əri ilə əmlak problemi olan Gültəkin Hacıbəylinin “təzyiqə məruz qaldığı” bildirilib.

Bəyanatda Azərbaycan xalqının İkinci Qarabağ müharibəsində şəhid olanların Anım Günü, İranın hədyanları barədə bir cümlə də yoxdur. Milli Şuranın bu bəyanatı niyə üstümüzə ən müxtəlif səviyyədə “itlər”in hücumu olduğu vaxt verməsi diqqət çəkir.

Milli Şuranın “xarici xor”a qoşulması təsadüfüdürmü? Özünü milli qüvvə sayanlar kimin əmrindədirlər, kimin əmrlərini icra edirlər?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq deputat Fərəc Quliyev belə şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasına çağırış etdi:

“Özünü milli qüvvə adlandıran Milli Şuranın hələ də cəmiyyətdə tam tanınmaması təəssüf doğurur. Milli Şura Rusiyada o vaxtı vitse-spiker olan Volodinin iştirakı ilə yaradılmış qurumdur. 2013-cü ildə ”Milyarderlər İttifaqı" yaradıldı ki, bunlara dəstək verilsin. Hətta mətbuatda yüksək səviyyədə məlumatlar getdi ki, bunlar razılaşıblar ki, ilk dönəmdə xarici ölkə vətəndaşı olan Rüstəm İbrahimbəyov prezident olsun, ondan sonra da Abbas Abbasov o kürsüdə əyləşsin. Qarabağda ikinci erməni dövlətinin yaradılmasına razılıq vermişdilər. Bu da onu göstərir ki, Milli Şura milli maraqların əleyhinə yaradılmış bir qurumdur. Ondan fərqli bir şey gözləməyə dəyməz. Azərbaycana basqılar var. Kənardan təzyiqlər olunur. İran təlimlərə başladı. Ondan əvvəl ermənilər ağalarının göstərişi ilə üstümüzə gəldi, amma onları darmadağın edib, texnikalarını da Azadlıq meydanına gətirdik. Xarici basqı ilə bir şey edə bilmədilər. İndi daxildən bizə zərbələr vurmağa çalışırlar. Təsadüfi deyil ki, İranın adamları şəhidlərin məzarları üzərində, yas yerlərində, müxtəlif məclislərdə Azərbaycan əleyhinə, Azərbaycan-İsrail münasibətlərinin əleyhinə çıxışlar edirlər.

Bu barədə sosial şəbəkələrdə məlumatlar getməkdədir. Xüsusilə burada qadınlar daha fəal görünür. Ölkəmiz əleyhinə olanlar daxilimizdəki əlaltılarını hərəkətə gətiriblər. Bunların hərəkətə gəlməsi məndə təəccüb doğurmur. Onlar heç vaxt milli məsələlərlə məşğul olmayıblar. Nəinki son baş verənlərlə bağlı İran haqqında bir söz deməyiblər, Tovuz hadisələri vaxtı ordumuzla bağlı xoşagəlməyən fikirlər səsləndirirdilər, hətta ordumuzun uduzacağını deyirdilər. Orada gördülər ki, vəziyyət dəyişdi, başqa mövqe sərgilməyə başladılar. İctimaiyyətin qorxusundan bunu belə etdilər. İndi də kənardan basqılar olan dövrdə Azərbaycanda insan haqlarını qabartmaq kimi bir tapşırıq alıblar. Bununla beynəlxalq təzyiqlərin ölkəmizə qarşı artmasına çalışırlar. Bunu da qrantlar müqabilində edirlər. Ortada bu qədər aydın olan bir mənzərə var. Deputat olduğum zamanda Milli Məclisdə Baş Prokurorluğu ittiham etmişdim ki, bunlar haqqında ölçü götürün. Xarici dövlətlərə birmənalı şəkildə maşalıq edirlər. Onlar Azərbaycana xəyanət edirlərsə, cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Amma onlara meydan verildikcə, bu formada bundan istifadə edirlər. Azərbaycanda hansı insan haqları pozulub? Onlar neçə dəfə İranda həbs edilən soydaşlarımızla bağlı səslərini çıxarıblar? Orada edam edilənlərlə bağlı niyə susurlar? Dövlət və ictimaiyyət onlar haqqında sərt mövqe sərgiləməlidir".

Cavanşir ABBASLI/“Yeni Müsavat”