Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev: “İstiqlalçı deputatlara dövlət qayğısı artmalıdır”

Fərəc Quliyev: “İstiqlalçı deputatlara dövlət qayğısı artmalıdır”
Oktyabrın 18-də Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 30 ili tamam olur. Hər il olduğu kimi, bu il də müstəqillik ətrafında bir sıra müzakirələr gedir ki, onlardan biri də 43 nəfər istiqlalçı deputatla bağlıdır.

Müstəqilliyin bərpa edilməsinin 30 illiyi ərəfəsində o vaxt buna səs vermiş sabiq deputatlarla bağlı dövlət nə kimi tədbirlər planlaşdırır? Onların mükafatlandırılması, yada salınması olacaqmı? Ən əsas məsələ, o deputatların pensiya təminatı yoluna qoyula bilərmi? Özləri necə, 30 illik günü bir yerə yığışıb tədbir, toplantı edəcəklərmi?

“43-lər”dən biri, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev:

“Taleyimizdə bizim bu prosesdə iştirak etməyimiz qismət oldu. Əslində demokratik blokda 25 nəfər idik. Amma SSRİ-nin saxlanılmasının əleyhinə 43 nəfər çıxdı. Sovet quruluşunun qalmasının lehinə çıxanlar daha çox oldu və bununla bağlı referendum keçirilməsinə səs verdilər. Naxçıvan istisna olmaqla saxta referendum keçirildi və SSRİ-nin qalmasına "səs verildi". İstiqlalçı deputatlar sona qədər tələblərində qaldılar. Və xalqın tələbi, dəstək və təzyiqi ilə bu qanuniləşdi. Amma bunun əleyhinə çıxan deputatlar da az deyildi. Parlamentdə olduğumuz zaman istiqlalçı deputatlarla bağlı problemə toxunmuşam. Açığı özüm də istiqlalçı deputat olduğum üçün təvazökar dayanmaq məcburiyyətində qalırdım. Məsələni qaldırmışam ki, bu deputatlardan rəhmətə gedənlər var, səhhətində ciddi problem yaşayanlar da var. Bunların dövlətin qayğısına ehtiyacının olduğunu söyləmişəm. Onların təminatlarının ödənilməsini, müalicələrinin ən yüksək səviyyədə aparılmasını xahiş etmişəm. O zaman analogiya da gətirmişdim. Pribaltikada və Moldovada bu deputatların hamısına milli qəhrəman adı verilib. Hətta bəzilərində parlamentin bütün işlərində iştirak edirlər və sadəcə səs vermirlər. Hesab edirəm ki, indi 30 illikdə məsələyə daha ciddi yanaşmaq lazımdır. İstiqlalçı deputat olduğum üçün belə məsələlərə dərindən münasibət bildirə bilmirəm. Lakin hesab edirəm ki, bu deputatların hər biri istiqlal ordeni ilə təltif edilməlidir. Müstəqillik aktı birdən-birə ortaya çıxmayıb. Onu biz dəfələrlə savaşaraq müzakirələrdən keçirib, sonda belə qərar vermişik. Sonda aclıq aksiyası keçirəndə bir qolumuza Azərbaycan millisi, digər qolumuza rus əsgəri girərək (məsuliyyəti bölüşürdülər) bizi zorla Milli Məclisdən çıxardılar. Düşünürəm ki, 30 illiyi fərqli qeyd etmək üçün indi də gec deyil. Bunu bir zamana bağlamaq doğru deyil. İndi 30 illikdir, müəyyən tədbirlər keçirmək mümkündür. Bu deputatların hər biri ilə ayrı-ayrılıqda maraqlanmaq mümkündür. Onların səhhəti ilə maraqlanmaq lazımdır, təqaüdlərini sahmana salmaq olar. Dövlət qayğısı artmalıdır. Bu bizim tariximizdir. Müstəqillik qazandığımız bu tariximizə laqeyd yanaşmaq olmaz. Bunu müstəqilliyimizin bərpası tarixi kimi qələmə vermək tam doğrudur. Çünki əvvəl dövlətimiz olub. Amma bərpa ilə xeyli işlər gördük. Bunlar bir günə görüləcək işlər deyildi. Ardıcıl görülən işlərin sonunda müstəqillik bərpa olunub. O tarix dəqiq və geniş araşdırılmalı və ictimailəşdirilməlidir. Hesab edirəm ki, yanaşma dəyişilməlidir. "

F.Quliyev istiqlalçı deputatların iştirakı ilə tədbirlərin keçirilməyəcəyi ilə bağlı bunları qeyd etdi:

"Bununla bağlı heç bir məlumat yoxdur. Yəqin ki, olmayacaq deyə məlumat da yoxdur. Təəssüflər olsun ki, ortada yenə də diqqətsizlik var. Hesab edirəm ki, o dövrdə Azərbaycan Xalq Cümhuriyyətini quranlara qarşı olan qısqanclıq bu gün həmin cümhuriyyəti bərpa edənlərə də şamil olunur. Azərbaycan hakimiyyətində bir kəsim var ki, uzun müddət demokratik düşərgə ilə savaş aparıb. Amma düşünürəm ki, ölkə prezidentinin məsələlərə yanaşması fərqlidir. O zaman Rəsulzadə və başqalarına qarşı bəlli münasibət var idi. Amma ölkə başçısının bir sıra sərəncamları ilə fərqli yanaşmalar ortaya qoyuldu. Bu gün siyasi partiyalarla təmaslar üçün bir şöbə yaradılıb. O dövrdə proseslərə təsir etmək imkanları olan rus, fars qafalılar var idi. Bu gün də belədir. İstiqlal sözü onlara güllə kimi dəyir. Amma unutmayaq ki, müharibə zamanı Ali Baş Komandan bütün demokratik düşərgəni arxasına ala bildi. Bu məsələ ilə bağlı da fərqli yanaşmaların ortaya qoyulması mümkündür”.

Müsahibimiz sonda bunları dedi:

“Bəziləri hakimiyyətə yarınmaq üçün bir sıra fikirlər irəli sürürlər. Müstəqilliyin bərpası dönəmini təhrif edənler bilməlidirlər ki, o zaman Naxçıvanda SSRİ-nin saxlanılmasına dair referendum keçirilməsinə ən çox mane olan Heydər Əliyevin özü oldu. O həm də 43 siqnator deputatdan biridir. Əslində o məsələni də diqqətdən kənarda saxlamaq olmaz. SSRİ-də bəlkə də analoqu olmayan hadisə idi. Müstəqilliyə imza atan 43 nəfərin içərisində Xalq Cəbhəsinə aidiyyatı olmayanlar da var. İndi sağ qalanların hər biri ilə əlaqələrimiz var. Əvvəllər tez-tez toplaşırdıq. Sonralar xəstələnənlər, həyatdan köçənlər oldu. O zaman ən gənc deputat mən idim. İndi 58 yaşım var. Onlar isə daha çox yaşlaşıblar. Siqnator deputatların potensialindan istifadə etmək vacibdir. Dünyada bu kəsimə fərqli baxış var. Amerika prezidenti Pribaltikaya gedəndə ilk işlərindən biri istiqlalçı deputatlarla görüşmək oldu. Dövlət səviyyəsində bu insanlara önəm vermək, problemləri aradan qaldırmaq üçün bu məsələləri dövlət səviyyəsində mərkəzləşdirmədən mümkün deyil”.

Cavanşir ABBASLI/“Yeni Müsavat”