Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev:Kəlbəcərin döyüşsüz geri alınması möhtəşəm hadisə idi

Fərəc Quliyev:Kəlbəcərin döyüşsüz geri alınması möhtəşəm hadisə idi
Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu 30 ilə yaxın bir həsrətə son qoyaraq, Qarabağı işğaldan azad etdi.

Sadəcə 44 gün ərzində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyindəki şanlı Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad etməyi bacardı. İşğaldan azad olunan rayonlarımız içərisində Kəlbəcər də özünəməxsus yerə sahibdir. Adının mənası “çay üstündə qala” olan Kəlbəcər 8 avqust 1930-cu ildə inzibati rayon statusunu alıb. Ümumiyyətlə, Kəlbəcər dünyanın ən qədim insan məskənlərindən biridir. Hətta bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrə təsadüf edir.

Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb. 3 aprel 1993-cü ildə isə çox təəssüflər olsun ki, cənnət kimi gözəl Kəlbəcər Ermənistanın Silahlı Qüvvələri tərəfindən işğal edildi. Ermənilər işğal dövründə Kəlbəcərdəki bütün mədəni və tarixi abidələrimizi məhv edərək, vəhşiliklərini bir daha sübut etdilər.

27 sentyabr 2020-ci ildə Ermənistanın əks-hücumuna cavab olaraq başlatdılan “Dəmir Yumruq” əməliyyatı ilə cəmi 44 günə tarixi zəfər qazandıq. Bunun nəticəsində 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli Bəyannaməyə əsasən, Kəlbəcər rayonu döyüşsüz ölkəmizə qaytarılmalı idi. Ancaq erməni tərəf bu müddətin bir qədər uzadılmasını istədi, 25 noyabr 2020-ci ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcər rayonunu boşaldaraq, Azərbaycana təhvil verdilər. Ancaq bu müddətdə rayonda erməni vandallığı bir daha təkrarlandı, abidələr, evlər yandırıldı, ağaclar kəsildi.

Müqaviləyə əsasən, Kəlbəcər şəhəri daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad olundu. Ümumiyyətlə, Azərbaycan Ordusu və xalqı bu müharibədə həm beynəlxalq qanunların aliliyini, həm də tarixi ədaləti bərpa etdi.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri (MDHP) sədri Fərəc Quliyev Cebhe.info-ya açıqlamasında bildirib ki, artıq rayonlarımızın işğal olunduğu günləri deyil, işğaldan azad olunmasını qeyd edirik:

“Bu, çox prinsipial bir fərqdir. Nə qədər ağır olsa da, deməliyik ki, ən böyük rayonlarımızdan olan Kəlbəcər də digər işğala məruz qalmış rayonlarımız kimi darmadağın edilib. Həmçinin, 44 gündə Qarabağın tarixən bizim olmasının mahiyyəti bütün dünya üçün açıldı. Azərbaycan vətəndaşları Kəlbəcəri tərk edən zaman heç bir tikilini dağıtmamışdılar, bir ağacı belə kəsməmişdilər. Çünki ora bizim vətəndir və ev sahibi də məhz bizik. Lakin ermənilər Kəlbəcəri tərk edərkən bütün evləri yandırdılar və meşələri qırdılar. Bu isə bir daha ermənilərin bura gəlmə xalq olduğunu göstərdi. Yəni insan öz evini yandıra bilməz. Eyni zamanda, Kəlbəcərin çox strateji bir yer olduğunu da nəzərə almaq lazımdır. Azərbaycan Ordusunun Ermənistana vurduğu ağır zərbə nəticəsində ermənilər Kəlbəcər, Ağdam və Laçını döyüşsüz olaraq bizə qaytarmaq məcburiyyətində qaldılar. Əgər biz oranı döyüşlə almalı olsaydıq, çox böyük itkilər verərdik. Çünki Kəlbəcər həm strateji, həm də dağlıq ərazidə olduğuna görə çox çətin bir yerdə yerləşir. Həmçinin, döyüşlərin getdiyi zaman qış fəslinin də gəldiyini nəzərə almaq lazımdır. Ona görə də, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatdakı bu müddəa çox mühümdür”.

Partiya sədri deyib ki, xüsusilə Kəlbəcərin döyüşsüz geri alınması möhtəşəm hadisə idi:

“Kəlbəcər Azərbaycan iqtisadiyyatında həddindən artıq böyük yeri olan ərazidir. Orada çox ciddi kənd təsərrüfatı potensialı və böyük mədən sənayesi var. Bununla yanaşı, Kəlbəcərdə müalicəvi bulaqlar və turizm imkanları mövcuddur. Bu mənada da Kəlbəcərin işğaldan azad olunması çox mühüm bir məsələdir. Ümumiyyətlə, bütün işğaldan azad olunan ərazilərimiz bizim üçün əzizdir. Ermənilər Kəlbəcərdəki tarixi abidələrimizi məhv ediblər və bu, dünyaya göstərilməlidir. Bir daha torpaqlarımızın işğaldan azad edilməsi münasibətilə xalqımızı təbrik edirəm”.

Elmir/Cebhe.info