Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev: “Xocalı soyqırımını təkcə ağlamaqla-sızlamaqla yad etməli deyilik”

Fərəc Quliyev: “Xocalı soyqırımını təkcə ağlamaqla-sızlamaqla yad etməli deyilik”

“GÖRDÜYÜMÜZ IŞLƏR QAT-QAT ÇOXDUR”

“Məqsədimiz, qayəmiz düşmənə layiqli cavab vermək və onlardan qisas almaqdır”


Xalqımızın ən böyük faciələrindən biri olan Xocalı soyqırımından 24 il keçir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri, zabit və gizirlərinin xeyli hissəsi ermənilərdən ibarət olan 366-cı rus motoatıcı alayının zirehli texnikası və hərbçilərinin köməyi ilə Xocalı şəhərini yerlə-yeksan ediblər. Sakinlərə amansızlıqla divan tutublar, onları vəhşicəsinə, qəddarlıqla, ağlasığmaz işgəncələrlə qətlə yetiriblər.

Erməni təcavüzkarlarının xalqımıza qarşı törətdiyi dəhşətli faciə nəticəsində 613 nəfərin həyatına son qoyulub. 1275 dinc sakin əsir götürülüb. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilib. Günahsız insanlar diri-diri yandırılıb, başları kəsilib, üzlərinin dərisi soyulub, körpə uşaqların gözləri çıxarılıb, meyitlər təhqir olunub. Xocalı faciəsi ermənilərin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi. Lakin ötən illər ərzində Xocalıya lazımi qiymət verilməyib.

Bütün dünyanın gözü qarşısında törədilən bu qətliama BMT, AB kimi beynəlxalq qurumlar biganə qalıblar. Xocalı soyqırımının hüquqi qiymətini almadığını və dünyada lazım olan səviyyədə tanıdılmadığını önə çəkənlər bununla əlaqədar xüsusi qanunun qəbulunun vacib olduğunu düşünürlər. Onlar hesab edirlər ki, soyqırımın xarici ölkələrin parlamentlərində tanıdılması üçün ilk növbədə Azərbaycanın Milli Məclisi müvafiq hüquqi prosedurlara əməl etməli, öz işində fəal olmalıdır. Amma mövzuya dair fikir bildirən şəxslər Xocalı soyqırımına hüquqi qiymət verilməməsi haqda iddialarla razılaşmırlar. Onların fikrincə, Azərbaycan parlamenti Xocalı soyqırımına tam hüquqi qiymət verib, ona görə də bu barədə xüsusi qanuna ehtiyac yoxdur. Xatırladaq ki, Milli Məclis 1994-cü ildə Xocalı faciəsini soyqırım kimi tanıyıb. Həmçinin, 2002-ci parlamentdə faciənin 10 illiyilə bağlı qəbul olunan qətnamədə 1992-ci il 26 fevralında baş verənlər soyqırım kimi əks olunub.

Məsələ ilə bağlı "Şərq”ə danışan millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib ki, bəziləri parlamentlə icra hakimiyyəti orqanlarını qarışıq salırlar: "Hesab edirəm ki, bu məsələdə parlamenti qınamaq yanlış və ədalətsiz yanaşmadır. Parlament üzərinə düşəni edib. Millət vəkilləri sadəcə plenar iclaslarda Xocalı hadisəsi ilə bağlı iş görmürlər ki. Onlar dostluq qruplarında, müxtəlif beynəlxalq təşkilatlarda Xocalı faciəsini xüsusi olaraq qabardırlar. Demək olar ki, parlamentdə təmsil olunan bütün deputatlar xarici təşkilatlarla münasibətlərdə soyqırım məsələsini gündəmə gətirirlər. Görülən işlər də öz nəticəsini verir. İndiyə qədər bir çox dövlətlərin, o cümlədən ABŞ-ın bir neçə ştatlarının Xocalıdakı hadisəni soyqırım kimi tanımasında ölkə parlamentinin müstəsna xidmətləri var. Xocalı soyqırımını təkcə faciə günlərində keçirilən tədbirlərlə qiymətləndirmək, çərçivələndirmək düzgün deyil. Bütün dövr ərzində faciə ilə bağlı mühüm işlər görülüb və görülməkdə davam edir. Azərbaycan hakimiyyətinin, diasporamızın, ümumiyyətlə, cəmiyyətimizin əl-ələ verərək son müddət ərzində gördükləri işlər erməni lobbisinin fəaliyyətindən qat-qat çoxdur. Bizdə dinamika ermənilərdən güclüdür”. F.Quliyevin qənaətincə, biz xarici ölkələrin Xocalı faciəsinə göstərdikləri münasibətlə bağlı maksimal düşüncədə ola bilərik. Amma arzularla real siyasət biri-birindən fərqlidir: "Hər şeyə öz prizmamızdan baxmaq doğru deyil. Qardaş Türkiyənin və bir sıra başqa xarici dövlətlərin Xocalı soyqırımı ilə bağlı yanaşmaları ümumilikdə normaldır. Xüsusən, ABŞ-ın bir neçə ştatının Xocalı soyqırımını tanıması elə-belə məsələ deyil. Bəzi Avropa dövlətlərinin də məsələyə baxışını normal qarşılamaq olar. Bundan artığına nail olmaq o qədər də asan deyil, hətta bəzi hallarda mümkünsüzdür. Çünki qarşı tərəf də var axı. Ermənilər də işləyirlər. Onların müttəfiqləri də dayanmır. Bütün bu məsələləri nəzərə almaq lazımdır”. Deputatın sözlərinə görə, Xocalı soyqırımını təkcə ağlayıb-sızlamaqla yad etməli deyilik: "Məqsədimiz, qayəmiz düşmənə layiqli cavab vermək və onlardan qisas almaqdır”.

İsmayıl