Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev:"İsgəndər-M" olayının üstündə sükutla keçilir! – “Rusiya cavab verməlidir”

Fərəc Quliyev:"İsgəndər-M" olayının üstündə sükutla keçilir! – “Rusiya cavab verməlidir”
“Bütün hallarda raketin atılmasının məsuliyyətini Rusiya daşıyır. Silahı satıbsa, bu cinayətdir”

“Satmayıbsa, deməli raket Ermənistanda olan Rusiyanın 102-ci hərbi bazasından atılıb”

“İndiyə qədər verilən cavablar bizi qane etmir. Əgər beynəlxalq konvensiyalar əsasında müəyyən silahlar qadağan edilibsə, o silahı satan dövlət mütləq məhkəmə qarşısında cavab verməlidir”


Rusiya istehsalı olan və bu ölkənin daxili istifadəsi üçün nəzərdə tutulmuş "İsgəndər-M" raketinin qalıqlarının Şuşada tapılmasından sonra vəziyyət bir xeyli gərginləşmişdi. Bu mənada ki, orta və yaxın mənzilli raketlərin ləğv edilməsinə dair saziş ABŞ və SSRİ arasında 1987-ci ildə imzalanıb. Rusiya həmin sazişi 2019-cu ildə tərk edib. Məlum müqavilə dolayısı ilə bu kimi raketlərin nəinki satılmasını, hətta ləğvini nəzərdə tuturdu.

Rusiya bu sazişin tələblərini də yerinə yetirməyib. Burada raketlərin tək Ermənistana ötürülməsi deyil, həm də ABŞ qarşısında öhdəliklərini yerinə yetirməməsi barəsində fakt ortaya çıxır. Yəni 44 günlük Vətən savaşında Azərbaycan ərazilərinə “İsgəndər – M”lərin atılması ciddi suallar doğurur. Həmin raketi Ermənistan tərəfi atıbsa, Rusiya onu niyə satıb? Əgər rəsmi Moskva o raketləri Ermənistana satmayıbsa, onları Rusiyanın özümü atıb və hansı əsasla?

Qeyd edək ki, "İsgəndər" raketlərinin E (export), F (fuqas), K (kaset) və M (modern) kimi versiyaları mövcuddur. Bu raketlər 500 kiloqram ağırlığında partlayıcı maddə daşımaq gücünə malikdir. Ölçüləri 7 metrdən uzun, diametri 92 santimetr olan raket çox yüksək uçuş sürətinə malikdir. "İsgəndər" raketlərinin nüvə başlığı daşımaq imkanına malik olduğu bildirilir. İxracı beynəlxalq müqavilə ilə qadağan olunub.

Vəziyyəti “Sherg.az”a şərh edən Milli Dirçəliş Hərəkatı Partiyasının rəhbəri, sabiq millət vəkili Fərəc Quliyev bildirib ki, raketin Azərbaycana atılması ilə bağlı məsuliyyət rəsmi Moskvanın üzərinə düşür:


““İsgəndər-M” satışı qadağan olunan raketdir. Rusiya bunu heç bir ölkəyə verməməli idi. Kreml açıq şəkildə konvensiyanı pozub. Şimal qonşumuz raketin Azərbaycana atılması ilə bağlı cavab verməlidir. Azərbaycan rəsmi olaraq münasibət soruşub, lakin indiyə qədər Rusiya nə buna cavab verib, nə də günahkarları cəzalandırıb".

F.Quliyev qeyd edib ki, məhkəmə qərar verərsə, Rusiyaya müəyyən sanksiyalar tətbiq edilə bilər:

“Müharibə dönəmində qadağan olunmuş, müxtəlif kimyəvi tərkibli, kaset bombalardan və raketlərdən istifadə edilib. Rusiya prezidenti demişdi ki, balansı qorumaq üçün Ermənistana silah veriblər. Əlavə olaraq, müharibə zamanı 9 ton silah-sursat İran üzərindən Ermənistana ötürülüb.

Bu, Azərbaycana qarşı olunan çox böyük qanunsuzluqdur. Bütün hallarda raketin atılmasının məsuliyyətini Rusiya daşıyır. Silahı satıbsa, bu cinayətdir. Satmayıbsa, deməli raket Ermənistanda olan Rusiyanın 102-ci hərbi bazasından atılıb. İndiyə qədər verilən cavablar bizi qane etmir.

Əgər beynəlxalq konvensiyalar əsasında müəyyən silahlar qadağan edilibsə, o silahı satan dövlət mütləq məhkəmə qarşısında cavab verməlidir.

Azərbaycan Rusiyanın cavab verməsi üçün Haaqa məhkəməsinə müraciət edə bilər. Məhkəmə qərarı olduqdan sonra Rusiyaya müəyyən sanskiyalar tətbiq olunacaqdır”.

Xanlar Əlibəy/sherg.az