Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev:Hiss olundu ki, Azərbaycanın daxili işlərinə qarışmaq niyyətində deyillər:

Fərəc Quliyev:Hiss olundu ki, Azərbaycanın daxili işlərinə qarışmaq niyyətində deyillər:
Belçika Krallığının paytaxtı Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığının VI Sammiti keçirilib. Sammitdə çıxış edən Prezident İlham Əliyev uğurla inkişaf edən Azərbaycan-Avropa İttifaqı əlaqələrinə diqqət çəkərək tərəflər arasında 2018-ci ildə paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədinin əhəmiyyətini vurğulayıb.

Azərbaycanla Avropa İttifaqı arasında yeni tərəfdaşlıq sazişi üzərində işin 90 faizdən çoxunun artıq başa çatdırıldığını bildirən Prezident İlham Əliyev sənədin qalan hissəsinin qarşıdan gələn dövr ərzində aparılacaq danışıqlar nəticəsində yekunlaşdırılacağına ümidvar olduğunu ifadə edib.

İlham Əliyev Azərbaycanın Avropa İttifaqının 9 üzv dövləti, yəni quruma üzv ölkələrin üçdəbiri ilə strateji tərəfdaşlığa dair sənədlər imzaladığını vurğulayıb. İkitərəfli əsasda imzalanmış bu strateji tərəfdaşlıq sənədlərinin əlaqələrimizin xarakterini nümayiş etdirdiyini deyib.

Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bu ilin iyul ayında Cənubi Qafqaz regionuna, o cümlədən Azərbaycana səfərini və səfər çərçivəsində onunla keçirdiyi görüşləri məmnunluqla xatırladıb, bu əsnada regional məsələlərə dair ətraflı müzakirələrin aparıldığını qeyd edib.

Göründüyü kimi, Avropa İttifaqı da artıq Azərbaycanla əlaqələrini daha da sıxlaşdırmaqda maraqlı görünür. Bu çərçivədə paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədinin də yaxın zamanda tam olaraq razılaşdırılması gözlənilir.

Bununla bağı Cebhe.info-ya danışan Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, sabiq deputat Fərəc Quliyev deyib ki, qısa zamanda bu məsələ həllini tapacaq:

“Hansı məqamların razılaşdırılmasına ehtiyac olduğunu deyə bilmərəm, amma sənəd üzərində iş gedir. Artıq son görüşmələr də onu göstərir ki, bu qurumla Azərbaycan arasındakı münasibətlər çox normaldır. Qarabağ münaqişəsi zamanı xeyli dərəcədə ziddiyyətli məqamlar yaşadıq. Bəzi Avropa ölkələrinin bizə münasibətdə qeyri-müəyyənlik nümayiş etdirməsi, seleksiya siyasəti, bəzi məqamlarda doğru yanaşma göstərməməsi kimi amillər də münasibətlərə mane olurdu. Amma artıq münaqişə bitib və maneə yaradan səbəblər yoxdur. Digər tərəfdən, Prezident İlham Əliyevin NATO rəhbəri ilə görüşündə aydın oldu ki, Azərbaycana çox ciddi şəkildə önəm verilir. Eyni zamanda, Avropa İttifaqının verdiyi bəyanat onu göstərdi ki, Azərbaycanın həqiqətlərini bilirlər və sabit, lazımlı dövlət olduğunu qəbul ediblər. Bir sıra Avropa ölkələri ilə Azərbaycanın ticarət əlaqələri çox yüksək səviyyədədir. Hesab edirəm ki, artıq Azərbaycana qarşı münasibət dəyişib”.

F.Quliyevin fikrincə, bəyanatlardan da hiss olundu ki, Azərbaycanın daxili işlərinə qarışmaq niyyətində deyillər:

“Azərbaycan bunu Türkiyə ilə birlikdə təmin edib. Çünki dünya haqlı olanla deyil, güclü olanla hesablaşır. Azərbaycan isə həm haqlı, həm də güclüdür. Ona görə də hesab edirəm ki, artıq üzərinə iş aparılan məqamlar da qısa zamanda razılaşdırılacaq. Azərbaycan üçün də Avropa İttifaqı ilə münasibətlərin daha yaxşı səviyyəyə çatdırılması lazımlıdır. Hesab edirəm ki, qısa zamanda bu məsələ həll olunacaq”.

Vilayət Muxtar/Cebhe.info