Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev:Moskva Vaşinqtonun hədəfində: “Rusiya daxildən qarışacaq”

Fərəc Quliyev:Moskva Vaşinqtonun hədəfində: “Rusiya daxildən qarışacaq”
Amerika Birləşmiş Ştatları (ABŞ) ilə Rusiya arasında tarixi gərginlik davam etməkdədir.

ABŞ bu dəfə Rusiyanı açıq formada işğalçılıq siyasətində ittiham edib. Belə ki, Birləşmiş Ştatların Dövlət katibi Entoni Blinken bununla bağlı açıqlama verib.

Blinken Rusiyaya ünvanlı şəkildə deyib ki, NATO Ukraynanı işğal etməyib: “NATO Gürcüstanı işğal etməyib. NATO Moldova xalqının iradəsinə zidd olaraq Moldovada hərbi qüvvələr yerləşdirməyib”.

“Bəli, Rusiya öz ictimai bəyanatlarında və irəli sürdüyü sənədlərdə Avropanın təhlükəsizliyi ilə bağlı məsələləri qaldırıb. Amma gəlin bunu çox açıq deyək: NATO Ukraynanı işğal etməyib. NATO Gürcüstanı işğal etməyib. NATO Moldova xalqının iradəsinə zidd olaraq Moldovada hərbi qüvvələr yerləşdirməyib”, - deyə dövlət katibi Blinken bildirib.

Görünən odur ki, ABŞ Rusiyaya qarşı yenidən sərt sanksiyalar tətbiq edəcək. Bu məsələ bütün zamanlarda ABŞ üçün aktual mövzu olub və hətta bir müddət əvvəl ABŞ açıq şəkildə bəyan etdi ki, Krım məsələsi ilə bağlı Rusiya razılığa gəlməsə, Ukraynaya hərbi müdaxilə etsə, sərt sanksiyaların hədəfində olacaq.

Bununla bağlı Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, sabiq deputat Fərəc Quliyev Cebhe.info-ya açıqlamasında deyib ki, Rusiya ilə ABŞ arasında olan gərginliyin Amerikanın öz məqsədlərinə nail olana qədər səngiməsi mümkün deyil:


“Bu fonda ABŞ-ın müxtəlif formalarda təzyiqləri olacaq. Rusiya ilə ifrat dərəcədə yaxınlıq təhlükəlidir.

Məsələn, Qazaxıstan Rusiya ilə çox yaxınlaşdı, iqtisadi cəhətdən Çindən, siyasi baxımdan Moskvadan asılılıq yarandı. Eyni zamanda Avrasiya İttifaqında iştirak etməklə Rusiyada baş verən inflyasiya üzv ölkələrə mənfi təsir etdi. Bu gün də Qazaxıstanda baş verənlər Rusiyaya ifrat dərəcədə yaxınlaşmaqla bağlıdır. Bu gün Rusiyanı əzmək üçün onun müttəfiqlərinə də müəyyən qədər təzyiqlər var. ABŞ dövlət katibinin səsləndirdiyi fikirlər isə əslində postsovet məkanına bir çağırışdır.

Hesab edirəm ki, Rusiyanın son zamanlar həddindən artıq revanş cəhdlərini artırması, yenidən müəyyən bölgələrə nüfuz etməsi, həm Şərqi Avropa, həm Ukrayna, həm də Qazaxıstanla bağlı məsələlərlə Rusiya aza qala NATO-ya özünü burax deyir. Rusiya isə bu fonda Qafqazda, Asiyada möhkəmlənməyə çalışır. ABŞ bunları başa düşür, Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq edəcək. ABŞ bir zamanlar buna işarə edirdi.

Düşünürəm ki, ABŞ-ın bundan sonra da Rusiyaya ən müxtəlif formalarda təzyiqləri davam edəcək. Rusiyada çox ciddi katakilizmlər baş verə bilər. Çünki artıq Şimal xətti ilə bağlı məsələlər gündəmdədir. Mərkəzi Asiyada etdiklərinə görə karbohidrogen məsələlərinə yenidən baxılacaq. Şərqi Avropa ölkələrində sanksiyalardan sonra ziqzaqlar yaranacaq. Onsuz da Rusiya enerji resurslarına ixrac rüsumlarını artırıb. Bununla bağlı qarşı tərəflərdən də təpkilər olacaq.

Rusiya daha çox xammal və silah satışı ilə özünü tənzimləyə bilir. Bu mənada Rusiyanın vəziyyətinin daha da pisləşəcəyi gözləniləndir. ABŞ bu məsələdə haqlı tərəfdir və ortaya konkret mövqe ortaya qoyur. ABŞ açıq şəkildə Rusiyaya deyir ki, postsovet məkanında heç bir yeri işğal etmə. Bu çağırışı hər birimiz başa düşməliyik. Hesab edirəm ki, Rusiya ilə məsafəli siyasət yürüdülməlidir”.


Vilayət Muxtar/Cebhe.info