Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev:Ermənilərin faşizmi qəhrəmanlaşdırılmasına biganə qalmaq olmaz

Fərəc Quliyev:Ermənilərin faşizmi qəhrəmanlaşdırılmasına biganə qalmaq olmaz
"Milli Elmlər Akademiyası, alimlərimiz, diaspora təşkilatlarımız ciddi və paralel çalışmalıdır"

Yanvarın 28-də Rusiya Erməniləri İttifaqı faşist Qaregin Njde haqqında film nümayiş etdirməklə Ermənistan ordusunun yaranması gününü qeyd etmək istəyiblər. Lakin filmin yayımı “Rusiya veteranları” Ümumrusiya İctimai Birliyinin şikayəti əsasında polisin müdaxiləsi ilə dayandırılıb. Ora toplaşanlar isə dağıdılıb. Rusiya veteranları Njdenin xatirəsini anmağı faşizmə qarşı vuruşan insanlara təhqir kimi qiymətləndiriblər. Ermənistanın Rusiyadakı səfirliyi isə film ətrafında baş verənləri “ehtirasları süni şəkildə alovlandırmaq cəhdi” kimi qələmə verib.

Səfirlik faşizmi təbliğ edən filmə haqq qazandırmağa çalışıb. Qeyd olunub ki, Qaregin Njdenin “xatirəsinin təhqir edilməsi”ndən dərin təəssüf hissi keçirirlər. Ermənistan səfirliyi tarixi də saxtalaşdırıb və Njdenin 1948-ci ildə 4 maddə ilə ittiham edildiyini, ancaq bu maddələr içərisində “faşizmə xidmət”in olmadığını bildirib. Bu barədə Rusiya arxivlərində rəsmi sənədlərin olmasına baxmayaraq, faşist Njdenin “qəhrəmanlaşdırılması” və səfirliyin Rusiyaya meydan oxuması təəccüb yaradır. Xatırladaq ki, Prezident İlham Əliyev yanvarın 30-da Gəncə şəhərində səfərdə olan zaman faşist Njde haqqında filmin yayımının dayandırılmasına münasibət bildirib. Dövlət başçısı deyib ki, ilk dəfə bu məsələni siyasi müstəviyə məhz o gətirib: “Əvvəlki illərdə dəfələrlə erməni faşistləri haqqında öz çıxışlarımda məsələ qaldırmışdım. Beynəlxalq təşkilatlar qarşısında, ölkələr qarşısında məsələ qaldırmışdım ki, faşistlərin qəhrəmanlaşdırılmasına imkan vermək olmaz. Cəllad Njde ilə bağlı MDB Zirvə görüşünün birində öz çıxışımda məsələni qaldırdım. Dedim ki, Njdeyə Ermənistanın paytaxtında - İrəvanda qoyulan abidə faşizmin təbliğatıdır. Buna son qoyulmalıdır. Bu adam faşist olub. Bu adam cəllad olub. Ancaq Ermənistanda onun “qəhrəmanlaşdırılması” gedir”. Ölkə rəhbəri qeyd edib ki, Moskvada ermənilərin diaspor təşkilatının xətti ilə aksiyanın keçirilməsi heç bir çərçivəyə sığmır: “Rusiya özü faşizmin qəhrəmanlaşdırılmasına qarşı gedən mübarizədə ön sıralardadır. Bu məsələ ilə bağlı Rusiya tərəfi ilə dəfələrlə fikir mübadiləsi olub. Prezidentlər səviyyəsində, digər vəzifəli şəxslər səviyyəsində, ictimai təşkilatlar səviyyəsində biz həmfikirik. Faşizmin baş qaldırmasına yol vermək olmaz”.

Milli Dirçəliş Hərəkatı Partiyasının rəhbəri, keçmiş millət vəkili Fərəc Quliyev “Şərq”ə açıqlamasında bildirib ki, Prezident İlham Əliyev ermənilərin faşizmi təbliğ etməsini beynəlxalq qurumların iclaslarında, televiziya çıxışlarında, xarici media orqanlarına müsahibələrində dəfələrlə gündəmə gətirib. Partiya sədrinin sözlərinə görə, dövlət başçısı tarixçilərimizə də çağırış edib ki, tarixi ərazilərimiz, toponimlərimiz haqqında faktları aşkarlayaraq ortaya qoysunlar:

“Xatırlayırsızsa, ölkə rəhbəri toponimlərlə bağlı ermənilərin qondarma adı çəkiləndə buna düzəliş etdi. Tapşırıq verdi ki, məkanlar uydurma erməni sözləri ilə deyil, tarixi Azərbaycan adları ilə adlandırılsın. Bəzi məqamlarda alimlərimiz, bu sahəyə məsul insanlarımız hərəkətsizlik, susqunluq nümayiş etdirirlər. Bütün məsələlərlə birbaşa Prezident özü məşğul olmalı deyil. Zənn edirik ki, xarici dövlətlərdə, Rusiyada Azərbaycanla bağlı bütün həqiqətləri bilirlər. Düzdür, mütəxəssislər doğrulardan xəbərdardır, amma geniş ictimaiyyət çox məsələdən xəbərsizdir. Başqa dövlətin ərazisində baş verənləri qonşu ölkənin ictimaiyyəti tam bilmir. Amma bir xatırlatma hansısa məsələni gündəmə gətirməyə kifayət edir. Moskvadakı filmin nümayişi başlamış olsa belə polislərin müdaxiləsi ilə yarımçıq saxladılar. Ona görə də heç nəyə xırda hadisə kimi yanaşıb üzərindən sükutla keçməməliyik. Bütün məsələlərə reaksiyamız olmalıdır”.

F.Quliyev bəyan edib ki, Milli Elmlər Akademiyası, alimlərimiz, diaspora təşkilatlarımız ciddi və paralel çalışmalıdır:


“44 günlük müharibə dönəmində alimlərimizə, sənətkarlarımıza, tanınmış xadimlərimizə müraciət etdim. Dedim ki, dünyanın istənilən yerində öz sahəniz üzrə tanıdığınız, əlaqəniz olan şəxslərlə ünsiyyət qurun və Azərbaycan həqiqətlərini onlara göndərin. Bunlar çox mühüm məsələlərdir. İctimai rəyi formalaşdırmaq üçün ciddi fəaliyyət göstərməliyik.
Ermənilərin bütün qonşulara ərazi iddiası var. Hətta Rusiyaya belə ərazi iddiası irəli sürürlər. Bu məsələni yüksək səviyyədə rus ictimaiyyətinin diqqətinə çatdırmalıyıq. Söhbət sosial şəbəkələrdəki təbliğatdan getmir. Rusiyadakı institutlarla, tələbələrlə işləmək lazımdır. Belə olarsa, rusların da məsələyə baxışı tədricən dəyişər. Hamımız bu məsələdə ciddi çalışmalıyıq ki, ermənilərin iç üzü açılsın. Ermənilərin mahiyyəti ifşa olunduqdan sonra layiq olduqları reaksiya ilə üzləşəcəklər. Hər ölkənin öz maraqları var, ermənilərə görə maraqlarını qurban verməli deyillər”.

İsmayıl Qocayev/sherg.az