Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev:Xarici təşkilatların anti-Azərbaycan mövqeyi: “Əlləri kimin cibindədirsə...”

Fərəc Quliyev:Xarici təşkilatların anti-Azərbaycan mövqeyi: “Əlləri kimin cibindədirsə...”
Prezident İlham Əliyev 2 fevral Gənclər Günündə gənclərlə keçirdiyi görüşdə çıxışı zamanı bir sıra məsələlərə toxundu.

Diqqət çəkən məqamlardan biri də xarici təşkilatların Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı Prezidentin dedikləri oldu. Prezident bildirdi ki, dünyanın əsas qeyri-hökumət təşkilatları Azərbaycana qarşı uzun illərdir mübarizə aparır: “Bu təşkilatlar, o cümlədən Qarabağ məsələsində ermənilərə dəstək göstərirlər. Onların adları da məlumdur: “Freedom House”, “Amnesty International”, “Human Rights Watch”, Soros və onun nəzarəti altında olan qurumlar, sərhədsiz reportyorlar. Hamısı anti-Azərbaycan mövqeyində dayanan, Azərbaycanı məhv etmək istəyən QHT-lərdir. Azərbaycan gəncləri bu fitnələrə heç vaxt uymayacaq”.

Bu təşkilatların anti-Azərbaycan mövqeyi nədən qaynaqlanır? Bununla necə mübarizə aparmaq lazımdır?

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Cebhe.info-ya açıqlamasında deyib ki, hər zaman istənilən tribunadan bu məsələlərə toxunub:

“Parlamentdə də, müxtəlif tədbirlərdə də, mətbuatda da hər zaman demişəm ki, bir təşkilatın əli xarici təşkilatların cibindədirsə, onun burada öz iradəsini ifadə etməsi mümkün deyil. Çünki əli kimin cibidədirsə, onun iradəsi ifadə olunmalıdır. İndi özünü radikal adlandıran təşkilatlar var ki, əslində onlar xarici dövlətlərin "cib müxalifəti"dirlər. Moskvada Milli Şura yarananda bildirmişdim ki, hər şey ortadadır, bununla bağlı ölçü götürmək lazımdır. Bu, vətənə xəyanətdir. Başqa bir ölkə öz maraqlarını bizim insanlarımızla bizim ölkədə prioritet etmək istəyirsə, onun qarşısı alınmalıdır”.

O bildirib ki, bir neçə mövqedən Azərbaycanda milli zeyniyyətə hücumlar var idi:

“Birinci QHT-lərin vasitəsilə insanların beynini yumaq idi. Bir başqası bu işi təriqətlər, din, sektalar vasitəsilə görürdülər. Ən dəhşətlisi isə odur ki, ölkəyə narkotik daşınması da pul qazanmaq mahiyyəti güdmür, siyasi məsələyə hesablanıb. Bununla gənclərimizi sıradan çıxarmağa çalışırlar”.

F.Quliyev qeyd edib ki, Azərbaycanın ənənələrini, qaydalarını güya müasirlik və demokratiya adı altında silmək istəyirlər:

“Bir ara xatırlayıram ki, Niderland və onun kimi ölkələr üçün xas olan qaydaları bizdə tətbiq etmək istəyirdilər. Burada nəyə işarə etdiyimi oxucular bilir. Biz onun qarşısında ciddi şəkildə dayana bildik. Bunları edə-edə də Azərbaycanda hətta deputat səviyyəsində dedizdirirdilər ki, Azərbaycan öz torpaqlarını azad edə bilməz. Bu gün hay-küy salan deputatlar var, açıq şəkildə deyirdilər ki, Birinci Qarabağ savaşında azərbaycanlılar döyüşməyib. Yəni bir tərəfdən “beyinləri yuyurlar”, bir tərəfdən pul alırlar, bir tərəfdən xəstələndirirlər, bir tərəfdən də ideoloji məsələyə təsir edirlər. Bu, bütövlükdə Azərbaycan dövlətçiliyini sarsıtmağa, ədalətli status-kvonun qarşısını almağa yönəlmişdi”.

Partiya sədri əlavə edib ki, Prezidentin bu məsələlərdə narahatlığını ifadə etməsi məhz bu kontekstdədir:

“Hesab edirəm ki, hər birimiz bu məsələlərdə ayıq-sayıq olmalıyıq. Sadalanan bütün məsələlərdə düşmən qarşısında sipər kimi dayanmalıyıq. Biz hər birimiz bunu etməsəydik, müharibəni uda bilməzdik. Azərbaycan hücum edən tərəf idi və bir nəfər fərarisi olmadı. Ermənistanda rəsmi olaraq 10 min fərari var. Hesab edirəm ki, əsas olan iqtisadiyyat, silah-sursat deyil. Əsas olan insan amilidir. O mənada gənclərimiz öz dövlətimizə bağlı olmalıdır. Dövlətlə gənclik arasında himayə mexanizmi olmalıdır. Xaricilərə "cib müxalifət"çiliyi edib burada milli düşərgəni tənqid edən, adını müxalifət qoyan antimilli qüvvələri də ifşa etməliyik. Biz bu vizyonu dominant etməsək, o zaman gələcəyimiz sual altına düşəcək”.

Vilayət Muxtar/Cebhe.info