Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev: “Məsələnin aydınlaşdırılması üçün bizim XİN-in bəyant verməsi lazımdır”

Fərəc Quliyev: “Məsələnin aydınlaşdırılması üçün bizim XİN-in bəyant verməsi lazımdır”
Avropa İttifaqının təmsilçisi kimi İrəvanda səfərdə olan Avstriya xarici işlər naziri Aleksandr Şallenberq ermənistanlı həmkarı Ararat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında bildirib ki, Avropa İttifaqı, ATƏT-in Minsk Qrupu İrəvana və Bakıya məsələlərin həllində kömək etməyə hazırdır, amma bu köməyi qəbul etməyi hər iki tərəf istəməlidir.

Şallenberq İrəvana və Bakıya müraciətində bildirib ki, beynəlxalq birlik tərəflərin siyasi iradəsini əvəz edə bilməz: “Beynəlxalq birliyə həm İrəvan, həm Bakı, həm azərbaycanlılar, həm ermənilər, həm də onların bu istiqamətdə irəliləmək üçün iradə nümayiş etdirməsi lazımdır. Biz bilirik ki, yaralar hələ sağalmayıb, problemlər var – status məsələsi, sərhədlər məsələsi və Dağlıq Qarabağda bir sıra problemlər. Məndə belə bir təəssürat yaranıb ki, ötən yaydan fərqli olaraq, düzgün istiqamətdə addımların atılması müşahidə olunur”. Şallenberq əlavə edib ki, beynəlxalq birlik problemlərin yalnız bir qisminin həllində kömək edə bilər. “Biz, beynəlxalq birlik kimi, yalnız yolun bir hissəsini sala bilərik. Mən hazırda düzgün addımların atılmasına hazırlıq görürüəm. Bu, cəsarət tələb edir və hər iki ölkənin liderlərinə lazımdır”.

Çox maraqlıdır, belə rəsmi şəxsin artıq bizim üçün müzakirə mövzusu olmayan status və sərhədlər məsələsini yersiz dilə gətirməsinə niyə bizim tərəfdən lazımi cavab verilməyib?


Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, belə bəyanatları ciddiyə almaq lazım deyil: “Çünki bu cür bəyanatlarla onlar nəyisə dəyişmək gücündə olmayacaqlar. Ancaq məsələnin aydınlaşdırılması üçün bizim XİN-in bəyant verməsi lazımdır. O vaxt ATƏT-in adı ATƏM gedirdi. Onlara müraciət etmişdik ki, Azərbaycana qarşı olan işğal faktını aradan qaldırsınlar. Bizim müraciətimizə görə onlar prosesə qoşuldular və ATƏT-in Minsk qrupunu da buna görə yaratdılar. Təəssüflər olsun ki, uzun müddət ərzində hansısa yeniliyə imza ata bilmədilər. Prosesi bizim özümüz həll etdik. Hazırda heç kim Azərbaycanın daxili işinə qarışa bilməz. Bizim daxilimizə aid olan məsələləri özümüz həll edirik. Beynəlxalq hüquqa söykənən davranışlarımız ortadadır. Ermənistanla Azərbaycan arasında olan sərhəd məsələsi isə keçmişdə olmuş Qarabağ adlı münaqişə ilə heç bir bağlılığı yoxdur. İki ölkənin arasında olan məsələdir. Sərhədlər mütləq dəqiqləşməlidir. Ermənistan tərəfdən sərhədlərdə hər-hansı provakasiya olursa, bunu mütləq mənada yeni müharibəyə təhrik edən provakasiya kimi qiymətləndirməliyik. O qurumlar Ermənistana yalnız bu mövzuda təsir edə bilərlər ki, bölgədə vəziyyəti gərginləşdirməsin. Azərbaycanın daxilində məsələ həllini tapıb. Bizim çağrışımız olmadan bu işə kimsə qarışa bilməz. Status məsələsi isə ümumiyyətlə müzakirə mövzusu deyil. Bununla bağlı Azərbaycan rəhbərliyi dəfələrlə öz mövqeyini ifadə edib”.

Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com