Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev:Elə bir situatsiya yaranıb ki, biz heç kimdən nəsə xahiş etmirik

Fərəc Quliyev:Elə bir situatsiya yaranıb ki, biz heç kimdən nəsə xahiş etmirik
Avropa İttifaqı Azərbaycana 2 milyard avroluq maliyyə paketi ayırıb.

Bu haqda məlumatı isə Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə Komissarı Oliver Varhelyi bildirib. Komissar Oliver Varhelyi Aİ üçün Azərbaycan ilə tərəfdaşlıq münasibətlərinin böyük əhəmiyyət kəsb etdiyini və bu münasibətlərin daha da gücləndirilməsinin vacib olduğunu qeyd edib. O, Azərbaycanı Aİ-nin etibarlı tərəfdaşı olduğunu vurğulayıb. Komissar, iqtisadi sərmayə planı çərçivəsində Azərbaycana 2 milyard avroluq maliyyə paketinin ayrıldığını bildirib və bu çərçivədə konkret layihələrin reallaşmasının nəzərdən keçirildiyini qeyd edib.

O.Varhelyi, habelə Aİ-nin Azərbaycanda həyata keçirilən bərpa və yenidənqurma prosesində iştirak etməyə hazır olduğunu ifadə edib. Bu informasiya Ermənistanda ciddi narahatlıq yaradıb. Belə ki, Ermənistan mətbuatı bunu ikinci kapitulyasiya kimi dəyərləndirir. Erməni mətbuatı yazır ki, Avropa İttifaqının Azərbaycana əvvəllər ayırmağı planlaşdırdığı 140 milyon dollar əvəzinə, 2 milyard avro məbləğində maliyyə yardımı paketi təqdim edəcəyi barədə artıq mesajlar var: “Rəsmi Bakının uzun müddətdir ki, təkid etdiyi bir çox şey bu görüş zamanı əldə olundu. Məsələn, Qarabağın statusu məsələsinə baxılmadı. Əslində, biz hələ Avropa İttifaqını demirik, hətta Fransa da Qarabağın taleyini “satıb”, bunu öz maraqlarına uyğun hala gətirdi”.

Nəşr iddia edir ki, Azərbaycanın əlində qaz kimi bir alət var. Nəşr onu hətta “şantajla” eyniləşdirir: “Əslində, bu ölkənin əlində qaz əmtəədən siyasi vasitəyə çevrilib, onun uzaqgörən geosiyasi planlarının həlli atributuna çevrilib. Yəni əslində Azərbaycan bu mənada Rusiyadan heç nə ilə fərqlənmir. Qəribədir ki, Avropa İttifaqının hələ bundan xəbəri yoxdur. Halbuki, onlara indiki hökumətimizdən qat-qat az suallar olmalıdır. Hökumət yenidən kapitilyasiyaya məruz qalır. Bu, o deməkdir ki, getməlidir”.

Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətləri və Ermənistanın reaksiyasını Cebhe.info-ya şərh edən Milli Dirçəliş Hərəkətı Partiyasının (MDHP) sədri, sabiq deputat Fərəc Quliyev deyib ki, burdakı bəzi müddəalarla razılaşmamaq mümkün deyil:

“Azərbaycanın beynəlxalq təşkilatlarla, elə Avropa İttifaqı ilə də münasibətlərinin pisləşməsi üçün Ermənistan və onun havadarları əllərindən gələni etdilər. Deputat olanda Avronest Parlament Assambleyasının üzvü olmuşam və o divarlar arasında nələrin baş verdiyinin canlı şahidiyəm. Dəfələrlə Azərbaycan əleyhinə müəyyən sənədlərin qəbul olunması ilə bağlı Ermənistana dəstəklər olub. Bir çox komitələrin iclasında da buna cəhdlər edilib. O dönəmdə biz 38 belə cəhdin qarşısını ala bilmişdik. Hesab edirəm ki, artıq Azərbaycan zəfər qazandıqdan sonra bu məsələlər xeyli ölçüdə dəyişdi. Yəni indi elə bir situatsiya yaranıb ki, biz heç kimdən nəsə xahiş etmirik. Özləri artıq Azərbaycanın mövqeyi ilə hesablaşmaq məcburiyyətindədir.

Görürlər ki, Azərbaycan ədalətli status-kvonu bərpa edib, 30 il Qarabağ məsələsinin həllinə mane olmağa çalışsalar da, Azərbaycan öz gücünü problemini həll etdi. Azərbaycan-Türkiyə müttəfiqliyi bölgədə bütün məsələləri həll edir. Başa düşürlər ki, bölgədə meqalayihələrdə Azərbaycan önəmi nə qədərdir. Enerji ehtiyatlarına ehtiyac yaranan Avropa İttifaqının Azərbaycanla münasibətlərinə Ermənistanın mane olmaması üçün normal addımlar atmağa başlayıb”.

Partiya sədri əlavə edib ki, Avropa İttifaqı bir müddət əvvəl Azərbaycana Ermənistandan xeyli dərəcədə az vəsait ayırmışdı:

“Azərbaycan Prezidentinin Avropa Parlamentinin üzvləri ilə danışıqlarında da, bir çox KİV-lərə müshibəsində də bu məsələyə toxunub, etirazını bildirmişdi. Təbii ki, Azərbaycan diplomatiyası bu məsələ ilə bağlı savaşıb və sadəcə olaraq ədalətin bərpasına nail olub. Azərbaycan ərazisində müharibə gedib, infrastrukturu dağılıb, vəsait isə Ermənistana ayrılmışdı. İndi Ermənistan bizi satdılar” deyə səs-küy salır. Əslində Azərbaycan BMT-nin 4 qətnaməsini icra edəndən sonra nəinki dağılmış ərazilərin bərpasına vəsait ayrımalı idilər, hətta müharibə xərclərini belə Azərbaycana ödəməliydilər. Hesab edirəm ki, Azərbaycana qarşı yanaşmalar dəyişib. Ermənistan mətbuatı doğru yazıb ki, Avropa İttifaqının bəyanatında Dağlıq Qarabağın statusu haqqında heç nə deyilmədi. Yalnız postmünaqişə dövrü üçün münasibətlərin normallaşması istiqamətində iştiraklarını təklif etdilər. Bu da normal bir yanaşmadır, amma ermənilər bunu da qəbul etmirlər. Çünki düşünürlər ki, 30 il olduğu kimi nə etsələr, dəstək alacaqlar. Amma şərtlər dəyişib, Azərbaycan diplomatiyada çox böyük uğur qazanıb. Heç bir dövlət bundan sonra öz maraqlarını Ermənistan kimi avanturist ölkənin maraqlarına qurban verməyəcək. Azərbaycanla Avropa İttifaqının münasibətləri bundan sonra daha da dərinləşəcək, üst səviyyəyə gələcək”.

Vilayət Muxtar/Cebhe.info