Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev:İstənilən fəaliyyətə qarşı təpki verməyə hazırıq

Fərəc Quliyev:İstənilən fəaliyyətə qarşı təpki verməyə hazırıq
Qərb dövlətlərinin Azərbaycanda qarışıqlıq yaratması ilə bağı fəaliyyət göstərdiyi iddia olunur.

Yayılan informasiyada iddia olunur ki, Qərb təsisatları bu fəaliyyəti üçün külli miqdarda maliyyə də ayırıb. Vaxtilə müxtəlif qurumlar vasitəsilə Azərbaycanda bu cür fəaliyyətlər aparılıb və ya buna cəhd edilib. Zamanında “Freedom House”, “Amnesty International”, “Human Rights Watch”, Soros və onun nəzarəti altında olan təşkilatlar buna cəhdlər edib. Nəticədə Azərbaycan qapılarını bu təşkilatlarlar üçün qapatdı. Görünən odur ki, bu dəfə fərqli adlarla cəhdlər etməyi planlaşdırırlar. İstisna deyil ki, bu plan erməni lobbisinin dəstəyi və təzyiqi ilə həyata keçirilir.

Məsələ ilə bağlı Cebhe.info-ya danışan Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, sabiq deputat Fərəc Quliyev deyib ki, bu cür hallar mütəmadi olaraq olub:

“Hesab etmirəm ki, burada qarşılıqlığın olmasında Qərbin marağı var. Çünki indiki vəziyyətdə postsovet məkanının istənilən yerində baş verəcək qarışıqlıq Rusiyanın xeyrinə olar.

Artıq Azərbaycanın Avropa İttifaqı ilə də o səviyyədə münasibəti yaranıb ki, həm də bizdən müəyyən qədər asılılıqları yaranıb. Xüsusilə də enerji təhlükəsizliyi məsələsində müəyyən asılılıq var. Yəni hər hansı bir qarışıqlıq Qərbə sərf etməz. Azərbaycan NATO üzvü olan Türkiyə artıq ittifaqdadır və Cənubi Qafqazda yeni siyasi konstruksiyası müəyyənləşdirən dövlətdir.

Şərq-Qərb dəhlizində açar dövlətdir. Hesab etmirəm ki, Qərbin Azərbaycanda nəsə qarışıqlıq yaratmaq fikri olsun. Bəzi təşkilatlarda belə sızıntılar ola bilər. Ermənistanı sevən, ona dəstək verənlər ola bilər ki, belə işlə məşğul olsun. Amma ümumilikdə böyük təşkilatların, dövlətlərin Azərbaycana qarşı hərəkəti gözlənilən deyil. Təbii ki, müəyyən maraqlar ola bilər. İllərlə qrant alan, onların hesabına bəslənən qüvvələri dövriyyəyə salaraq müəyyən təzyiqlər etmək üçün istifadə edə bilərlər. Amma bunların da heç bir əhəmiyyəti yoxdur. Azərbaycan kifayət qədər oturuşmuş bir dövlətdir. Azərbaycan ictimaiyyəti də, milli demokratik düşərgə də bunların qarşısını almaq üçün kifayət qədər hazırlıqlıdır”.

Partiya sədri əlavə edib ki, bütün bunlara rağmən rahatlanmaq olmaz:

“Bütün dövlətlərin kəşfiyyatları işləyir. Hər dövlətin də özünün maraqları var. Söhbət Türkiyədən getmir, amma özünü çox yaxın göstərən dövlətlər də “5-ci kolon” yaradıb bəzi məsələləri bizdən tələb edə bilərlər. Təzyiq edib Ermənistanın ortaya qoyduğu müəyyən şərlərlər var ki, onun qəbul edilməsi üçün Azərbaycanın yumşaq mövqe tutmasına çalışa bilərlər.

Amma Azərbaycan əks-kəşfiyyatı, beynəlxalq əlaqələri, diplomatiyası ilə kifayət qədər güclüdür. Milli demokratik düşərgədə olan bizlər də Azərbaycan əleyhinə istənilən fəaliyyətə qarşı təpki verməyə də hazırıq. Ona görə də bu məsələlərdən ehtiyat etmirəm, amma bütün bunları da nəzərə almaq lazımdır”.

Vilayət Muxtar/Cebhe.info